ABŞ Qarabağın 7 rayonunun qaytarılmasını istədi
Qərb hələ yeni-yeni həqiqətləri söyləməyə başlayıb.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafındakı işğal altında olan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı fikrini şərh edərkən politoloq Qabil Hüseynli söyləyib.
Qabil Hüseynlinin sözlərinə görə, Qərb Bakını şirnikləndirməyə çalışır:
"Qərb son zamanlar görür ki, Azərbaycan Rusiyaya və Şanxay Əməkdaşlıq Təşkilatına doğru meyllənir. Belə olan tərzdə bir növ Azərbaycanla bağlı həqiqətləri söyləməyə və Bakını şirnikləndirən bəyanatlar verməyə başlayır. Doğrudur, insan haqları və bir sıra məsələlər barədə hələ də mövqelərini dəyişməyiblər, amma Qərb üçün əsas məsələ Rusiyanın çoxqütblü dünya yaratmaq istəməsinin qarşısını kəsməkdir. Təəssüf, bəzən Qərb elə addımlar atır ki, yanındakı dövlətləri də özündən uzaqlaşdırır. Qərb tonunu dəyişməli və Azərbaycanla normal münasibətlərə qayıtmalıdır. Üstəlik, bu məsələdə Azərbaycana ikinci-üçüncü dərəcəli dövlət kimi yox, eyni hüquqlu partnyor kimi yanaşmalıdır. Görünür, Qərbdə artıq bunu başa düşməyə başlayıblar. Obamanın təbrik məktubu, Uorlikin Azərbaycan torpaqlarını Ermənistanın işğal etməsi faktını etiraf etməsi, həmçinin Almaniyanın Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini nəzarətdə saxlaması ilə bağlı qəbul etdiyi bəyanat buna nümunədir. Əslində, bu, nəzarət də deyil, işğaldır. Hər halda, Azərbaycan çətin seçim qarşısındadır. Bu seçim Qərb oriyentasıyasından tutmuş Şanxay Əməkdaşlıq Təşkilatına qədər olan mövqeləri əhatə edir.
Azərbaycanın əsas ticarət partnyorları Qərbdədir. Belə bir şəraitdə onlardan üz çevirmək çətin olacaq, amma Azərbaycan həm Qərbi, həm də Şərqi bir əlində tutmağa çalışacaq. Bir sözlə, vəziyyət çox mürəkkəbdir və Azərbaycan çox çətin diplomatik mübarizənin tən ortasındadır”.
Qeyd edək ki, dünən "Vedomosti” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan torpaqlarının geri qaytarılmalı olduğunu deyib. O, münaqişədən sonra Qarabağa sülhməramlıların yeridilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.