Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana yeni təyin olunan və bu günlərdə vəzifəsinin icrasına başlayan səfir Riçard Morninqstarın sentyabrın 14-də ölkənin bir neçə müxalifət partiyasının sədrləri ilə keçirdiyi görüş haqqında “Yeni Müsavat” qəzetində yayılan məlumatlarla bağlı Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidməti açıqlama yayıb.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Yeni Müsavat” qəzetində müxalifət partiyaları sədrlərinin səfir R. Morninqstarla görüşündə tərəflər arasında “mətbuata heç bir açıqlama verməmək” haqqında razılaşmanın olmasına dair yer almış iddia həqiqətə uyğun deyil və ictimai rəyi yanlış yönəltmək məqsədi daşıyır: “Əslində, haqqında bəhs olunan görüşdə partiya sədrləri ilə ABŞ səfirinin razılaşması “mətbuata heç bir açıqlama verməmək”lə əlaqədar deyil, aparılan müzakirələrin təfərrüatlarının açıqlanmaması ilə bağlı olub. Əgər qəzeti həmin görüşün detalları haqda məlumatlandıranlar savadsızlıqdan əziyyət çəkirlərsə və ya VİP-ə münasibətdə aşırı qərəzlərindən dolayı gerçəklik hissini itiriblərsə, bu, artıq bizə aid problem deyil”.
Açıqlamada qeyd olunur ki, VİP mətbuat xidmətinin məlum görüş barəsində yaydığı məlumat ümumi xarakterlidir və orada müzakirələrin təfərrüatlarına toxunulmayıb: “Yayılmış məlumatın necə formula edilməsinə gəldikdə isə, bu, sırf PR məsələsidir və informasiyanın təqdimatını müəyyənləşdirmək hüququnu hər zaman özümüzdə saxlayırıq.
Bundan başqa, ABŞ səfirinin müxalifət partiyalarının sədrləri ilə görüşünə dair məlumat elə həmin gün - müzakirələrdən qısa müddət sonra sosial şəbəkələrdə də yerləşdirilib və ictimailəşdirilib. Çox maraqlıdır, özünü “Qafqaz məkanı mediasının lideri” adlandıran “Yeni Müsavat” sözügedən görüş haqqında yalnız bir gün sonra “xəbər tutur” və bu mövzu haqqında dərc etiyi materiallarda VİP-i uğursuz tərzdə hədəfə götürür. Əslində, şübhə yoxdur ki, qəzet bu görüş haqqında öncədən məlumatlı olub və ABŞ səfirliyində aparılmış müzakirələrdən sonra ruporu olduğu siyasi qüvvələrin rəhbərləri tərəfindən təfərrüatlar haqqında da bilgiləndirilib. Lakin görünür, “Yeni Müsavat” bağlı olduğu siyasi çevrənin bəsit maraqları çərçivəsinə qapanaraq, medianın təməl prinsiplərini arxa plana keçiməyi üstün tutub. Belə olmasaydı, qəzet partiya sədrlərinin ABŞ səfiri ilə görüşünə dair informasiyanı öz oxucu auditoriyası ilə operativ surətdə paylaşmaq əvəzinə, mövzu ətrafında yanlış təsəvvür yaratmağa çalışmazdı.
Qeyd edək ki, VİP-nin mətbuat xidməti daxili siyasi rəqabətdə şantaj xarakterli bu tip gedişlərin nəticəsiz qalacağını və belə üsullarla aparılan mübarizənin VİP-in rəqiblərinə əsla fayda gətirməyəcəyini bəyan edir”.