ACP lideri Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlunun Türkiyə səfəri yekunlaşıb

ACP lideri Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlunun Türkiyə səfəri yekunlaşıb

Səfəri barədə “Vətəninfo.az”-a açıqlama verən Ağasif Şakiroğlu səfər zamanı Türkiyənin bir çox nüfuzlu siyasət adamları ilə səmərəli görüşlər keçirdiyini bildirib:

“Görüşlərdə Azərbaycanda insan haqlarının durumu, mövcud ictimai-siyasi durum, müxalifətə qarşı təzyiqlər, siyasi məhbus məsələləri, müxalifət liderlərinə qarşı aparılan çirkin kampaniyalar, iqtidarın öz rəqiblərinə qarşı dövlətin imkanlarından faydalanmaları, xalqın sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, ACP lideri Rəsul Quliyevin qanunsuz olaraq ölkəyə girişinin saxta bir cinayət işi ilə məhdudlaşdırılması, AXCP sədri Əli Kərimlinin də heç bir hüquqi əsas olmadan ölkə xaricinə çıxışının əngəllənməsi, Azərbaycanlı tələbələrin siyasi baxışlarına görə universitetlərdən xaric edilmələri məsələləri haqqında məlumatlar verdik. Azərbaycanda gedən ictimai-siyasi proseslərə Türkiyənin biganə qalmaması və Azərbaycan xalqının demokratiya istəyinin dəstəklənməsi istiqamətində geniş müzakirələr apardıq”. – deyə A.Şakiroğlu əlavə edib. 

Ağasif Şakiroğlu görüşdüyü nüfuzlu siyasət adamlarının Azərbaycana biganə qalmadıqlarını və Azərbaycanda gedən ictimai-siyasi prosesləri yaxından izlədiklərini bildirərək onların Azərbaycan xalqının demokratiya istəyinin yanında olduğunu bildirib.

Qeyd edək ki, səfər daxilində ACP lideri Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, hazırda millət vəkili olan Dəniz Baykal, MHP-dən olan millət vəkili Atila Kaya, Türkiyə Alternativ Siyasət Mərkəzinin prezidenti Mahmud Koçak, Türkiyədə ictimai fəaliyyətlə məşğul olan Azərbaycanlı elm adamı Xanım Xəlilova və bir sıra digər nüfuzlu siyasətçilərlə görüşlər keçirilib. 

Oral MƏDƏNÇİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az