NƏ ZAMANSA, NƏDƏNSƏ...
Nə zamansa, nədənsə
kimisə çox sevirdim...
Onu ruhən əkizim,
onu özüm bilirdim,
Uzaqda yaşayırdı ürəyimin sultanı...
Ömürdən sanmayırdım onsuz keçən bir anı.
O mənim nur payımdı,
Mən onun günahıydım.
O mənim - hər zamanım,
Mən - məchul sabahıydım.
Ümidlə gözləyirdim bir gün gələcək deyə...
Mən onu sevdiyimtək
məni sevəcək deyə.
Həyəcanla yığırdım telefon nömrəsini,
Nəfəsimi qısaraq dinləyirdim səsini...
İnanmaq istəyirdim – yuxum gerçək olacaq...
Bu qaranlıq həyatım dönüb göyçək olacaq.
Təkcə onu sevirdim, bütün ömrüm uzunu,
Bilməsəm də yerini,
görməsəm də üzünü.
Bu titrək məhəbbətim əfsanəydi, nağıldı,
Bitəcəkdi, bilirdim...
Amma, yenə kimisə,
nə zamansa, hardasa,
yamanca çox sevirdim....
SƏN YAŞAYAN ŞƏHƏRDƏ...
Altı dəqiqə sonra,
sən yaşayan məkanda
gecə yarı olacaq!
Gözlərim telefonun kiçiçik ekranında -
Səndən xəbər gəlməyır...
Görən kim var yadında,
məni unutduracaq?
Ruhum uçur yanına,
“Ay vəfasız” deyərək
səni çağırmaq üçün.
Başqa zaman tapmadın
qəlbimi qırmaq üçün?
İki dəqiqə sonra
sən yaşayan şəhərdə
gecə yarı olacaq...
Sənsiz keçən gecətək
Səssiz açan səhər də
məni unutduracaq...
SƏNƏ YAZDIĞIM SƏTIRLƏR
Ürəyimdən gələn səsdir,
Yaşamaqçün bir nəfəsdir.
Həsrətində mənə bəsdir
Sənə yazdığım sətirlər.
Nisgilimdi, kədərimdi,
Qazancımdı, hədərimdi.
Öz taleyim, qədərimdi.
Sənə yazdığım sətirlər.
Dualardı, alqışlardı,
Sevgi dolu baxışlardı.
Enişlərdi, yoxuşlardı
Sənə yazdığım sətirlər.
Qış çağında xoş bahardı,
Yay günündə soyuq qardı.
Məndən sənə yadigardı
Sənə yazdığım sətirlər.
Bir iz kimi basılacaq...
Ürəyindən asılacaq.
Yaddaşına yazılacaq
Sənə yazdığım sətirlər.