- Mən Qafarova İnayət Fuad qızı 1971- ci ildə Bakı şəhərində anadan
olmuşam. Anam Qafarova Elmira Mikayıl qızıdır. Yəqin ki, onu
tanıyırsınız. Azərbaycan Respublikasının Ali Sovetinin I sədri və 4 il
Xarici İşlər naziri olub. Uşaqlıq illərim indiki "Sahil" metrosunun
yanında keçib. Evimiz orada, Polad Bülbüloğlunun evi ilə üzbəüz idi.
Atam Qafarov Fuad tarixdən dərs deyirdi. Ailədə iki bacı, bir qardaş
idik. Uşaqlığım çox şən keçib. Bu gün başıma gələnləri görəndə barışa
bilmirəm həyatımla. Mən Mehdi Hüseyn adına 60 nömrəli məktəbdə oxumuşam.
Sonra 8-ci sinifdən tibb texnikumuna getdim. Özüm ixtisasca tibb
bacısıyam və bir müddət Qarayev xəstəxanasında, "Semaşko"da işləmişəm.
Başıma gələnlərdən sonra həyatım darmadağın oldu.
Nə baş verdi həyatınızda?
- Anam bildiyiniz kimi Ali Sovetinin I sədri olub. O, 1990- cı illərdə
baş verən hadisələrin videoyazısını rəhbərliyə çatdırmaq üçün Moskvaya
getmişdi. Həmin vaxt məni maşın vurmuşdu. Başımdan zədə almışdım. Ona
görə də xəstəxanada yatırdım. Anamla bir yerdə Rəşid Behbudov da
Moskvaya getmişdi. Həmin vaxt eşitdim ki, anamı və Rəşid Behbudovu
Moskvada zəhərləyib öldürüblər. Bunu mənə qardaşım dedi. Bundan sonra
həyatımda ağır illər başladı. Anamın vəfatından sonra xalam mənim başıma
oyunlar gətirdi. Bizim "Sahil” metrosu tərəfdə evimiz var idi. Xalam
evi əlinə keçirmək üçün məni Maştağada yerləşən psixi dispanserə
saldırdı. Onda mənim 22 yaşım var idi. Mənim heç bir xəstəliyim yox idi.
Orada mənə iynə vururdular. Bütün günü halsız vəziyyətdə qalırdım.
Həyatımın ən pis illərini yaşamağa başladım. Sonra xalam Mərdəkanda olan
bağ evimizi də satdı. Məni çox vaxt adamlardan gizlədirdilər.
- Bəs bu gün sizin qohumunuz, kömək edəcək yaxınınız yoxdur?
- Qardaşımın adı Qafarov Oqtay Fuad oğludur. O, da müstəntiq işləyirdi.
Onun da həyatı faciəvi şəkildə sona çatdı. Anamı öldürdükdən sonra
qardaşımı da qatarın altına atıb öldürdülər. Bundan sonra həyatda tək
olduğumu anladım. Dəfələrlə istədim ki, özümü öldürüm. Ancaq Allahdan
qorxdum. Xalam keçən il dünyasını dəyişdi. Onun bir qızı var. Hazırda
Həzi Aslanov tərəfdə yaşayır. Adı da Natalyadır. Amma əlaqəmiz yoxdur.
Doğma bacım Gülnarə Parisdə yaşayır. İmkanı da yaxşıdır. Amma heç bir
əlaqəm yoxdur. Atamı da qocalar evinə qoymuşdular. Mənə demişdilər ki,
atam rəhmətə gedib. Ancaq keçən ay eşitdim ki, atam təzə rəhmətə gedib.
Amma heç yeri tanımadığım üçün gedə bilmədim. Heç bilmirəm, atam harada
dəfn olunub. Bu gün tam köməksizəm. Bundan istifadə edib başıma oyun
gətirirlər. Elə günün bu günündə də.

- Nədir, kimdir sizi bu gün narahat edən?
- Əsas problemim evimin olmamasıdır. Xalam evlərimizi satandan sonra
küçələrdə qaldım. Bu gün Bayılda gördüyünüz bu evdə kirayə qalıram.
Aylıq 130 manat ödəməliyəm. Ancaq ödəməyə imkanım çatmır. Özüm kafedə
qabyuyan işləyirdim. İki aydır, işdən çıxmışam. İstirahət vermədikləri
üçün işdən çıxdım. Bu gün də iş tapa bilmirəm. Firmalara demişəm, onlar
da maaşın ilk 50 %-ni götürürlər. Ona görə evin pulunu verə bilmirəm,
yeməyə də heç nəyim yoxdur. Elə qonşular, tanışlar gündə bir qab yemək
verir. Amma iş olsa işləyərəm.
- Eşitdiyimizə görə sizin təqaüd kartınız oğurlanıb. İstərdim, buna aydınlıq gətirəsiniz.
- Başqa gəlirim olmadığına görə, mənim ümidim aldığım o pula idi. Üç
aydır ki, kartımda pul olmadığını gördüm. Hər dəfə gedirdim, pulu almağa
görürdüm ki, kartda pul yoxdur. Sonra qonşulardan kömək istədim,
problemi aydınlaşdırmaq üçün Beynəlxalq Banka getdik. Mənimlə bir yerdə
polis də getdi. Orada məlum oldu ki, kartımdan pulu internet vasitəsilə
çıxarıblar. Kim edə bilər bunu? Bunu mənim tanışım edib. Amma polisə
deməyə qorxdum. O, həmişə gəlib məndən pul alırdı. Deyirdi ki,
vəziyyətim pisdi, kreditim var. Kartın da kodunu təkcə o bilirdi. Amma
mən polisə deməyə qorxuram bunu.

- Bəs sizi ruhi dispanserdən kim çıxardı?
- Xalamın qızı var. O, evi adına sənədləşdirmək üçün məni xəstəxanadan
çıxardı. Orada olanda xəbərim olmadan məni ərə vermişdilər. Bunu saxta
yolla etmişdilər. Sonra iş prokurorluğa verildi. Onların məqsədi evi
mənim əlimdən almaq olub. Ancaq mən həmin vaxt Maştağada xəstəxanada
yatmışam.
- Mediada nə zamansa kimin qızı olduğunuz haqda danışmısınız?
- Yox, deməmişəm. Çünki xalam deyirdi ki, bu haqda kiməsə desən səni
öldürərlər. Ona görə də qorxurdum. İlk dəfədir ki, sizə dedim.
- Ananızı necə xatırlayırsız?
- Anam çox yaxşı insan idi. Bir az səsi dolu idi. Atam zarafatca
deyərdi ki, sən danışanda elə bilirlər, evdə kişi sənsən. Xatirələrim
çoxdur anam haqqında. Elə bilirəm, anam hələ də sağdır. Kaş həyat belə
olmazdı. Bir dəfə mən balaca olanda atam it almışdı. İt çox böyük idi.
Anam icazə vermirdi onunla oynamağa. Bütün günü ağladım. Axırda anam
itlə oynamağıma razılıq verdi. Tez-tez anam yuxuma girir. Məndən çox
narahatdır. Anamın qəbri Fəxri Xiyabandadır. Darıxanda gedirəm qəbrinin
üstünə. Orada anamla danışıram. Bilirəm ki, məndən çox narahatdır. Anam
həyatdan nakam getdi.

- Ananız sağ olanda hansı tanınmış insanlar sizə gəlirdi?
- Mən o vaxt balaca idim. Yadıma gəlir ki, evimizə tanınmış adamlar
gəlirdi. Bir dəfə Heydər Əliyev öz uşaqları ilə bizə gəlmişdi. O vaxt
hamımız şən uşaq idik. Sonra Zeynəb Xanlarova bizə tez-tez gəlirdi.
Anamla çox yaxın idi. Bəlkə bu gün Zeynəb xanım mənə baxar və mənim
səsimi eşidər. İndi onların köməyinə ehtiyacım böyükdür. Bircə evim
olsa, özüm işləyib dolana bilərəm. O vaxtı Bakıda hadisələr baş verəndə
studiyanı partlatmışdılar. Ona görə çəkiliş Zeynəb xanımın evində
olurdu. Bu yadıma gəlir.
- Bu gün kimlə, harada yaşayırsız?
- Mən ruhi xəstəxanada yatanda bir qızla tanış oldum. Adı İlonadır. O,
da mənim kimi məcburi şəkildə ora salınmışdı. Biz orada tanış olduq.
Xəstəxanadan çıxanda bir yerdə ev tutub yaşadıq. İndi də ikimiz kirayədə
yaşayırıq. Belə çətindi bizə. Heç qaz, işıq, su pulunu ödəyə bilmirik.
Ona görə qazımız gəlmir.

- Sizin bu gün istəyiniz nədir?
- İndi Ramazan ayıdır. İş yerləri bağlanıb. İnsanlardan kömək istəyirəm
mənə iş tapsınlar. Əsas problemim evdir. Bilirəm, dövlət başçımız
insanlara kömək edir. Amma ona necə müraciət edəcəyimi bilmirəm. Burdan
xahiş edirəm, anamın dostları və prezidentimiz mənə köməklik etsin.
İnanıram ki, mənə kömək edəcəklər.