Qarşıdan 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü gəlir. Məlumat üçün bildirək ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilib. Bundan sonra, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulub.
Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib.
Bəs Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət nə yerdədir? Bu sahədə hansı problemlər mövcuddur və onların həlli istiqamətində nə kimi addımlar atılır, hansı tədbirlər gözlənilir?
“A24.az” 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində bu sahədəki vəziyyəti araşdırmağa çalışıb və ekspertlərdən, müvafiq qurumlardan münasibət öyrənib.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev “a24.az”a deyib ki, Uşaqların Beynəlxalqnazir-quliyev-300x240 Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir və bu, sadəcə, bir bayram kimi deyil, həm də uşaqların müdafiəsi ilə bağlı dövlət qurumlarının, idarə və təşkilatların, ümumilikdə cəmiyyətin gördüyü işlərə baxış kimi nəzərdə tutulur.
Uşaqların inkişafı ilə bağlı işlər görülür, amma narahatedici hallar da mövcuddur…
N.Quliyev deyib ki, Azərbaycanda uşaqların inkişafı ilə bağlı həm dövlət qurumları, həm də QHT-lər tərəfindən işlər görülür, amma bu sahədə problemlər, narahatedici hallar da mövcuddur: “Xüsusilə, uşaqların dövlət uşaq müəssisələrində olmaları, onların təhsildən yayınmaları, zorakılığa məruz qalmaları kimi problemlər bizi narahat edir. Təəssüf ki, uşaqların təhsildən yayınmaları problemləri mövcuddur. Hesab edirik ki, bu kimi problemlər valideyn-təhsil müəssisəsi əməkdaşlığının zəif olmasından, bir çox hallarda ailələrin sosial ehtiyaclarından yaranır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, 15 yaşından aşağı uşaqların işləməsi qəti qadağandır. Çox təəssüf ki, bir çox hallarda uşaqlar təhsildən yayındırılaraq məcburi əməyə cəlb edilir. Eyni zamanda, təhsildən yayındırılan uşaqlar erkən nikahın qurbanına çevrilir. Bu, bizi çox narahat edir. Hesab edirik ki, uşaqların təhsildən yayınmasının qarşısının alınması üçün məktəb-valideyn əməkdaşlığı gücləndirilməlidir”.
Bəzi uşaqlar 9-cu sinifdən yuxarı ümumiyyətlə məktəblərə getmirlər…
N.Quliyev, həmçinin, uşaqların 9-cu sinifdən peşə məktəblərinə cəlb edilməsini vacib hesab edir: “Çünki müşahidələrimiz göstərir ki, bir çox hallarda uşaqlar 9-cu sinifdən yuxarı məktəblərə ya yalnız attestat almaq üçün gedirlər, bəziləri isə, ümumiyyətlə, məktəblərə getmirlər. Bu isə sonradan problemlərə yol açır. Xatırladım ki, bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 ili tamam olur. Ona görə də hesab edirəm ki, uşaqların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı bu il daha çox tədbirlər keçirilməli, cəmiyyətin diqqəti bu sahəyə cəlb edilməlidir”.
Ekspert xatırladıb ki, son 3 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqların, xüsusən də çətin həyat şəraiti yaşayanların həm reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası və həm də maarifləndirilməsi istiqamətində QHT-lərələ sıx əməkdaşlıq edir, sosial sifarişlər verir. Onun flkrincə, bu, çox mühüm addımdır və həm də QHT-dövlət münasibətlərinin inkişafının yeni bir mərhələsidir.
Ekspert istəyir ki, bu proseslərə digər dövlət orqanları da qoşulsun və fəal iştirak etsinlər.
Yeni Dövlət Proqramına ehtiyac var
N.Quliyev vurğulayıb ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” icrası bu il başa çatır. Odur ki, ekspertin fikrincə, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, onların cəmiyyətə inteqrasiyası və ailələrə verilməsi ilə bağlı yeni Dövlət Proqramına ehtiyac var. O, ümid edir ki, yeni proqramın hazırlanması və qəbulu ilə bağlı addımlar atılacaq.
Dövlətin uşaq siyasəti ilə bağlı yeni proqram hazırlanır
N.Quliyev onu da açıqlayıb ki, hazırda Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi və UNİCEF (BMT-nin Uşaq Fondu) 2016-2020-ci illəri əhatən edən Dövlət Uşaq Siyasəti ilə bağlı yeni Dövlət Proqramı üzərində işləyir. İlin sonuna kimi proqramın qəbul ediləcəyi gözlənilir.
Ekspert hesab edir ki, həmin proqram uşaqların müdafisəsi, onların inkişafı, maarifləndirilməsi və cəmiyyətə inteqrasiyasına geniş imkan yaradacaq.
İyunun 1-də yüksək nailiyyətlər qazanan uşaqlara mükafat veriləcək
Komite-300x178Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri Şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev isə saytımıza deyib ki, təmsil olunduğu Komitə Dövlət Uşaq Siyasətini həyata keçirən orqandır.
Hər il Komitə tərəfindən 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində tədbirlər planı hazırlandığını xatırladan P.Əliyev deyib ki, 10 gün ərzində həmin plana əsasən valideyn himayəsindən məhrum olanlar, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün uşaqlarla bağlı tədbirlər keçirilir, onların ekskursiyaları təşkil edilir. Yekunda, yəni 1 iyunda isə istedadlı uşaqlarla bağlı tədbir keçirilir: “Bu il də oxşar tədbirlərimiz olub. İyunun 1-də isə “İstedadlı uşaqlar -2015″ festivalı təşkil edəcəyik. Həmin tədbirdə elm, təhsil, yaradıcılıq, incəsənət, idman sahəsində son bir il ərzində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən və yüksək nailiyyətlər qazanan uşaqlar mükafatlandırılacaq. Tədbirdə bütün kateqoriyalardan olan 130-a yaxın uşaq iştirak edəcək. Belə tədbirlər həm uşaqlar üçün stumul yaradır, həm də digərlərini təhsilə, idmana və sair sahələrə həvəsləndirir”.
Aliment, uşaqlara qarşı zorakılıq, intihar, erkən nikah və təhsildən yayınma ciddi problemdir
O ki qaldı konkret olaraq uşaqların müdafisəsilə bağlı mövcud problemlərə, P.Əliyev deyib ki, aliment məsələsi ciddi problemdir. Onun sözlərinə görə, bəzi valideynlər uşaqlara aliment verməkdən yayınırlar ki, bu da çətinliklərə səbəb olur: “Bundan başqa, məişətdə uşaqlara qarşı zorakılıq, uşaqların intiharı bizi ciddi narahat edən problemlərdir. Düzdü, Azərbaycanda uşaqların intiharı ilə bağlı göstəricilər digər ölkələrlə müqayisədə aşağıdır, amma yenə də bu hallar bizi narahat edir. Uşaqların küçə həyatına məruz qalması da narahatlıq yaradır. Onu da deyim ki, həmin uşaqların küçələrə düşməsinin qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirlyinin apardığlı reydlər, tədbirlər qənaətbəxşdir.
Erkən nikah halları da bizi narahat edən məsələlərdəndir. Son illər həyata keçirilən müvafiq tədbirlər nəticəsində erkən nikah hallarının sayında azalmalar var. Erkən nikah hər il 500-600 fakt azalmağa doğru gedir. Amma buna baxmayaraq, belə hallar bizi narahat edir. Bütün bu problemlərlə bağlı dövlət proqramları var. Elə problem yoxdur ki, onunla bağlı proqram olmasın”.
P.Əliyev deyib ki, uşaqların təhsili də təmsil etdiyi Komitənin daimi nəzarətindədir. Onun sözlərinə görə, Komitə mütəmadi olaraq yerli icra hakimiyyəti orqanlarındakı uşaq komissiyaları ilə iş aparır: “Həmin komissiya uşaqların monitoriniqini aparır və nəticələri bizə təqdim edirlər. Təbii ki, təhsildən yayınma faktlaarı var. Məsələn, elə uşaqlar var ki, aylarla məktəbə gəlmirlər. Ancaq buna qarşı da mübarizə aparılır”.
P.Əliyev deyir ki, Komitə tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı hökumətə təqdim etdikləri qanun layihəsi qəbul edilib, eyni zamanda, verdikləri təkliflərə əsasən Cinayət Məcəlləsinə, Ailə Məcəlləsinə dəyişiklik edilib: “Bütün bunlar Komitə tərəfindən uşaqların müdafiəsi istiqamətində atılan addımlardır”.
Bir çox uşaqlar təhsildən yayınaraq günlərini internet klublarda keçirirdilər…
P.Əliyev, həmçinin, xatırladıb ki, bir neçə il əvvəl bir çox uşaq təhsildən yayınaraq günlərini internet klublarda keçirirdi və belə hallar Komitəni narahat edirdi. Lakin Komitənin təklifləri əsasında internet klublara polis nəzarəti gücləndirilib: “Bir neçə il əvvələ kimi bəzi uşaqlar dərsdə oturmurdu və günlərini internet klublarda keçirirdi. İnternet klubları idarə edənlərə tapşırıldı ki, dərs vaxtı uşaqların internet klublara daxil olmasına icazə verməsinlər. Beləliklə, bu sahəyə polis nəzarətinin gücləndirilməsindən sonra problemin qarşısı alınıb. Düzdür, demək olmaz ki, problemin həllinə tam nail olunub. Bəlkə yenə də uşaqlar dərsdən yayınaraq internet klublara üz tuturlar. Yəni, hardasa qarşımıza çıxa bilər. Amma 2010-2011-ci ildə bu problemi tam aradan qaldırdıq. Aidiyyatı qurumlara da tövsiyə verdik ki, bu sahəyə nəzarəti gücləndirsinlər. Çünki bizim internet klublara nəzarət etmək, lazım olarsa, onları cərimələmək kimi səlahiyyətimiz yoxdur. Ona görə də bununla bağlı aidiyyatı orqanlara tövsiyə verdik və onlar da bu sahəyə nəzarətin artırılacağına söz verdilər. Yəqin ki, müvafiq qurumların bu sahəyə nəzarəti qalmaqdadır”.