“Vətəninfo.az”-ın məlumatına görə. bu sözləri Müsavat İcra Aparatının rəhbəri Arif Hacılının fikirlərinə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov deyib.
R.Hüseynov mətbuata müsahibəsində “hakimiyyətin əlaltıları adlandırılan siyasətçilər” ifadəsini işlədən A.Hacılının növbəti fikirlərində VİP sədri Əli Əliyevin də adını çəkməsini Müsavat rəsmisinin bütün ölçüləri itirməsi kimi qiymətləndirib:
“Açıq görünür ki, Amerikadan yeni qayıtmış Arif Hacılının təbii mühitə təkrar uyğunlaşmasında problem yaranıb. Belə olmasaydı, Arif bəy hədəfə götürdüyü siyasətçi haqqında açıq danışmaq əvəzinə, tam yersiz olaraq, Əli Əliyevin və digərlərinin adını çəkməzdi.
Nə Arif Hacılı, nə də başqa kimsə VİP-in və onun sədrinin hakimiyyətlə hansısa şübhəli əlaqəsinin olduğunu iddia edə bilməz - çünki belə bir fakt yoxdur. Bunu Arif bəy də çox gözəl bilir. Arif Hacılının həm də Azərbaycanda müxalifət libasında olanlardan kimlərin hakimiyyətlə əlaqədə və ya onun nəzarətində olmasından da xəbəri var. Digər tərəfdən, Arif Hacılı desin görək, hakimiyyətin əlaltısı kimdir: 2005-ci ildə və ondan sonra keçirilmiş bütün seçkilərin nəticələrini tanımayan Əli Əliyev, yoxsa həmin ildə saxta parlamentə legitimlik donu geyindirmək haqqında Müsavatın verdiyi qərarın qəbulunda iştirak etmiş Arif Hacılı? Bununla bağlı mən cəmi bir müqayisə apardım, amma lazım gəlsə, belə faktların sayını yetərincə artırmaq da olar. Ona görə də, istər Arif Hacılı, istərsə də onun kimi düşünən başqaları deyəcəklərinin qarşılığında eşidəcəklərini əvvəlcədən mütləq nəzərə alsınlar”.
“Vətəninfo.az”