Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş "Hədəf Bakıdır.
Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın
Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
Vətəninfo.az
AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Elnur
Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm
üzərində Qələbənin 70 illiyinə həsr olunduğunu diqqətə çatdırıb.
Diplomat qeyd edib ki, filmin çəkilməsində məqsəd faşizm üzərində
Qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolunu, Bakı
neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda,
bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim
edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin
təşəkkürünü bildirib.
Səfir E.Sultanov vurğulayıb ki,
çəkilişləri 14 ay davam edən sənədli filminin üzərində iş zamanı bir
sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Bildirilib
ki, filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış
bucağından – neft uğrunda savaş prizmasından baxılır.
Filmin
aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində
zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər
mənfi halların davam etdiyini vurğulayaraq ölkəmizin torpaqlarının 20
faizinin Ermənistan tərəfindən iyirmi ildən artıqdır işğal olduğunu
qonaqların diqqətinə çatdırıb. Diplomat filmin sülh, ədalət və
təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi
üçün güclü ismarıc göndərdiyini vurğulayıb.
Sənədli film
qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Filmin gələcəkdə də
Braziliyada nümayiş etdirilməsi məqsədilə müxtəlif təkliflər
səsləndirilib.
Tədbirdə Braziliyanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

