Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının sabiq müavini Asif Əzizovun bu ilin avqustunda işdən qovulması ilə bağlı maraqlı məlumat yayılıb.
Mötəbər mənbədən VİZUAL.az-a verilən məlumata görə, rayonda ciddi fiqur kimi tanınan A.Əzizovun vəzifədən uzaqlaşdırılmasında RİH başçısı Əziz Əzizov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun birbaşa əli var.
"A.Əzizov Kərəm Həsənov-Əziz Əzizov cütlüyünün korporativ maraqları nəticəsində vuruldu. Dolayısıyla A.Əzizov Cəlilabadda mənimsənilən vəsaitin miqyası haqqında dəqiq məlumata malik 3-5 şəxsdən biridir. Təbii ki, burada A.Əzizovun yerli kadr olması da mühüm rol oynayır. O, müəyyən məsələlərdə rayonun xeyrinə bu və ya digər formada nəyəsə nail olmağa səy göstərirdi. Bu da RİH başçısı Əziz Əzizovun maraqlarına zidd idi. Bir növ A.Əzizov az qala bütün rayonu zəbt etmiş Kərəm-Əziz cütlüyünə maneə idi. A.Əzizov məlum insident zamanı Cəlilabadda aparılan tikinti-abadlıq işlərinin ləng getməsində əsas səbəb kimi ayrılmış vəsaitin tam mənimsənilməsi səbəbindən işlərin ayrı-ayrı idarə və müəssisə rəhbərlərindən yığılan vəsaitin hesabına aparıldığını demişdi. Bu da olduqca ciddi ittiham idi. A.Əzizov rayon rəhbərliyi qarşısında çalışan işçilərin əmək haqqlarının verilməməsi və digər problemləri qabardırdı. Bütün bunlar Kərəm Həsənovu özündən çıxardı və A.Əzizovu əsil günahkar kimi qələmə verərək onu təhqir etdi. A.Əzizov da artıq bu kimi əsassız ittihamlara və təhqirə dözə bilmədi, haqlı olaraq komitə sədrinə cavabını verdi. Bu da onun işindən olması ilə nəticələndi”.
Xatırladaq ki, bu ilin avqustunda prezident İlham Əliyevin Cəlilabada gəlməsindən bir gün əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayona gəlib, abadlıq işlərinin normal getmədiyini görüb. K.Həsənov əsəbiləşib və işçiləri danlayıb. Bu zaman o, RİH başçısının birinci müavini A.Əzizovu camaatın yanında küçə söyüşləri ilə söyüb. Əzizov isə söyüşləri artıqlaması ilə K.Həsənova qaytarıb.
Buna görə də Cəlilabadda A.Əzizovun işdən nəəy görə kənarlaşdırılması heç kəsə sirr deyil, hamı bilir ki, onun torbasını Kərəm Həsənov tikib.