Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Hollandiyada işgüzar səfərdədir. “Vətəninfo.az”-a bu barədə açıqlama verən ATQB sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Hollandiyanın paytaxtı Amsterdamda, ''Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın Təhlükəsizlik Problemi'' mövzulu konfrans keçirilib.
10 Dekabr “Dünya İnsan Haqları Günü” münasibəti ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) tərəfindən koordinasiya edilən beynəlxalq konfransa Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, Benilüks Azərbaycanlıları Konqresi və Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) dəstək veriblər.
Konfrans Cənubi Qafqazda təhlükəsizlik problemlərini, Ermənistanın Azərbaycana hücumu, Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, işğal altındakı torpaqlardakı mədəni abidələrin məhv edilməsi və yaşanan böyük insan hüquqlarının pozulması dünya ictimaiyyəti ətraflı məlumat vermək məqsədilə keçirilib. Konfransda Azərbaycan və Türkiyədən də insan hüquqları təşkilatları nümayəndələri, elm adamları, parlamentarlar və mətbuat nümayəndələri iştirak edib.
Azərbaycanın sülh sevər dövlət olduğunu və ermənilər tərəfindən təcavüzə uğradığını dilə gətirən Tənzilə Rüstəmxanlı Qafqazda davamlı barışın olması üçün Ermənistanın təcavüzkar siyasətdən əl çəkməsini dilə gətirdiyini bildirib. Tənzilə xanim parlamentdəki çıxışında “Azərbaycan olaraq bir qarış torpağımızdan imtina etmərik. Əlbəttə biz barışdan yanayıq. Mənim üçün sülh və barışdan danışmaq asan deyil. Bu müharibəni Azərbaycan başlatmayıb, bu müharibə mənim torpaqlarımda, mənim soydaşlarıma qarşı baş verib. Bu savaş üzündən 25 min şəhid vermişik. Bir milyondan çox qaçqınımız var. Torpaqlarımızın yüzdə iyirmisi işğal altındadır. Bütün bunlara rəğmən biz barış istəyirik. Ancaq davamlı barış üçün problem kökündən çözülməlidir. Bir mənalı olaraq bilinməlidir ki, Azərbaycan torpaqlarından vaz keçməyəcəkdir. Davamlı barış üçün Qarabağın Azərbaycanlı icması öz torpaqlarına qayıtmalıdır. Ermənistan silahlı qüvvələri də o torpaqlardan çıxmalıdırlar. O zaman Qafqazda əbədi barış əldə edilə bilər. Qarabağdan başqa işğal olunan rayonlarımız da azad olunmalıdır” söyləyib.
“Vətəninfo.az”