Ənvər Börüsoy
Dağlıq Qarabağ danışıqlarda uduzan ermənilər digər etnik bölücülük hərəkatlarını körükləməyə başlamışlar
Hal-hazırda Dağıstan barıt çəlləyinə bənzəyir. Belə ki, bölgədə bir tərəfdən etnoklanlar hakimiyyəti, digər yandan vəhhabilər tərəfindən güclənməkdə və böyük bir hərəkata çevrilməkdə olan “Dağıstan İslam Qurtuluş Cəbhəsi”nin sıralarının genişlənməsi, başqa tərəfdən isə avar, kumuk, dargin, noqay və ləzgi xalqlarının milli mədəni muxtariyyət tələblərini irəli sürməsi antoqonist düşərglərin üz-üzə dayanmasına səbəb olmuşdur. Bu prosesdə heç kim öz mövqeyindən geri çəkilmək fikrində deyil. Bir tərəfdən də Rusiyaya məxsus güc stukturlarının (ordu, sərhəd qoşunları, federal təhlükəsizlik xidməti) sayının artırılması da elə bil alovlanan ocağa yağın əlavə olunmasına bənzəyir. Bütün bunlar azmış kimi, prezident Məhəmmədsalam Məhəmmədovun qərarı ilə regionlarda yerli hakimiyyətə və güc stukturlarına dəstək üçün onminlərlə “könüllü drujinalar” proseslərə cəlb edilmişlər. Azərbaycanla həmsərhəd bölgədə durumun qaynar həddə çatması həm də ölkəmiz üçün bir sıra gizli təhdidlərin də başlanımasına səbəb olmuşdur.
FLMM bu dəfə də Azərbaycana qarşı ərazi iddiasını irəli sürdü
Noyabr ayının 9-da Moskvada Rusiya prezident admnistrasiyasına tabe olan “Prezident Hotel”də “Federal Ləzgi Milli Mədəni Muxtariyyəti” (FLMM) təşkilatının sayca 4-cü qurultayı keçirildi. Bu dəfə qurultaya hay-küylə dolu olan miqyasda deyil, bu təşkilatın strateqləri, Rusiya Elmlər Akademiyası, Rusiya prezident admnistrasiyası və ermənilərə məxsus Qafqaz üzrə mütəxəssislər cəlb edilmişdilər. FLMM-nin Rusiya üzrə regional stukturlarının rəhbərləri də daxil olmaqla 40 nəfərlik nümayəndə heyətinin xüsusi səlahiyyətlə ləzgi xalqının adından səsvermə hüququ da qurultayın protokoluna daxil edilmişdi. Qurultayda Arif Kərimov yenidən FLMM-nin prezidenti seçildi. Vitse-prezident vəzifələrinə isə Sabir Məmmədov, Cəmaləddin Paşaev, Tahir Eminov, Cərulla Əhədullaev, Salman Babaev və Ənvər Kisriev seçildilər. Əsəli Əsəliev (Plexanov adına Rusiya İqtisad Akademiyasının professoru), Azad Babaev (işadamı), Ruslan Gereev (FLMM-nin Dağıstan bölgə təmsilçiliyinin sədri), Ruslan Qurbanov (FLMM prezidentinin köməkçisi), Madruddin Məhəmmədəminov (Moskva Ləzgiləri Şurasının sədri), Fəyzuddin Nağıyev (yazıçı), Amil Sərkərov (FLMM-in regionlarla əlaqələr departamentinin rəhbəri), Albert Şəsuddinov (FLMM təftiş komissiyasının rəhbəri) isə idarə heyətinin üzvləri seçildilər. Qurultayda əsas müzakirə mövzusu Azərbaycanda ləzgi xalqının hüquqlarının pozulması, bölünmüş xalqlar problemi çərçivəsində ləzgi xalqının milli-mədəni hüquqlarının tanınması, Üryan Oba kəndinin əhalisinin zorla Dağıstana köçürülməsi məsələlərinə diqqət yetirildi. Halbuki, Üryan Oba kəndi Azərbaycanın tarixi ərazisi olmaqla yanaşı, buraya 1950-ci illərdə köçürülmüş ləzgilərin ölkə vətəndaşlığını qəbul etmək istəməmələri, Rusiyanın vətəndaşlığını qəbul etmələri kimi problemlərə görə rəsmi Bakı onların Dağıstana köçməsi üçün dövlət büdcəsindən yetərincə vəsait də ayırmışdır. Qurultayda ən yaxın gələcəkdə Azərbaycana qarşı məqsədli şəkildə ərazi iddialarının irəli sürülməsi üçün bir sıra planlar təsdiq olundu. Həmin planların gerçəkləşməsi üçün tələb olunan maliyyə mənbələri barəsində isə “Rusiya Erməniləri Birliyi” (bu qurumun prezidenti milyader Ara Abramyandır) bütün xərcləri öz üzərinə götürmüşdür.
Bölücülük yolunda iri addımlarla irəli getməyin yolları
FLMM-nin qurultayında qəbul edilən qərarlardan biri də BMT-nin Cenevrədəki Assambleyasının Baş Qərargahında yerləşən “BMT-də təmsil olunmayan xalqlar assambleyası”na ləzgi xalqının adından “FLMM-nin nümayəndəliyi”nin açılması məsələsinin həll edilməsi olmuşdur. Bu qərara görə FLMM rəhbərliyi bu il noyabr ayının 29 və 1 dekabr tarixləri arasında Cenevrədə BMT rəhbərliyi ilə görüşlər keçirəcəkdir. FLMM burada rəsmi statusla fəaliyyət hüququ qazanacağı təqdirdə, “bölünmüş xalqlar”, “ləzgi xalqının problemləri” və “ləzgilərin Dağıstan və Azərbaycanda milli mədəni muxtariyyəti” statuslarının əldə edilməsi üçün daha geniş miqyasda hərəkətə keçməsi məsələlərini irəli sürəcəkdir. Qurultayda qəbul edilən digər qərar isə 2014-cü ildə “Qafqaz Albaniyası” Beynəlxalq Elmi Simpoziumunun keçrilməsidir. İlk simpozium 2010-cu ildə keçirilmiş və burada olunan məruzələr əsasında iki cildlik kitab da dərc edilmişdir. Növbəti simpoziumda isə “Ləzgidilli xalqlar və Qafqaz Albaniyası, tarixi-mədəni irs və müasirlik” mövzularına yer veriləcəkdir. Qafqaz üzrə erməni mütəxəssisləri 1920-1980-ci illər ərzində Qafqaz Albaniyası tarixini öz adlarına çıxmaq istəsələr də buna nail ola bilmədikləri üçün, 1980-ci illərin sonlarından başlayaraq bu tarixin ləzgilərə məxsus olması ideyasını ortaya atmışlar. İndi bu prosesə süni şəkildə yaradılan “ləzgidilli xalqlar” (tsaxur, rutul, tabasaran, budux, udin, xınalıq, hapıxtı, aqul, lak, kara kaytak xalqları) projesini də əlavə etmişlər. Beləliklə digər xalqların da daxil olmaqla sosial güc şəklində həmin projedə iştirakını təmin etməyə çalışılır. Belə bir prosesi başlatmaqla əslində Azərbaycanın ərazisində mövcud olmuş Alban dövlətinin tarixi inzibati ərazisi qismində Bərdə, Şamaxı, Qəbələ, Şəki, İsmayıllı, Oğuz, Zaqatala, Şuşa, Əsgəran, Zaqatala, Qax, Balakən, Ağsu, Ağdərə, Ağdam, Xızı, Xocavənd, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Laçın, Füzuli, Qusar, Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarına qarşı ərazi iddiası irəli sürüləcəkdir.
İndiki durumda erməni kilsəsi Misirdəki Sinay dağında yerləşən və ortodoksal kilsəyə məxsus “Müqəddəs Yekatrina Monastrı”nda indiyə kimi qorunub saxlanılan eramızın IV-V yüzilliklərinə aid palimpsest sənədlərinin və kitabların üzünün çıxarılması və onları 2014-cü ilə kimi iki cilddə hazırlayaraq Moskvada elmi nəşrini hazırlamaq üçün hərəkətə keçmişdir. Akademik qriflə nəşr olunacaq həmin sənədlər əsasında “ləzgidilli xaqlar” projesinə uyğun şəkildə Azərbaycana qarşı daha sərt tədbirlərin təşkil olunması üçün digər infrastukturların da yaradılmasına çalışılır. Bütün bu projelərin maliyyə xərclərini isə “Rusiya Erməniləri Birliyi”, “Rusiya Erməni Apostol Kilsəsi” və “Orta Doğu Erməni Kilikiya Kilsəsi” öz üzərlərinə götürmüşlər.
Azərbaycan alimlərinin bu mövzuda ən böyük qüsuru isə odan ibarətdir ki, qədim ölü dillər üzrə mütəxəssislərin hazırlanmaması, Qafqaz-Anadolu arealında prototürk və protoxristian mədəniyyətlərinin eyni qaynaqdan olmasını mədəni və tarixi irs kimi ortaya qoymamasıdır. Qafqazda belə bir tarixi ənənəni təkcə qaraçay və balkar türkləri qoruyub saxlamışlar. 1956-cı ildə çərkəz xalqlarının Rusiyanın tərəfinə keçməsindən sonra, Quzey Qafqazın böyük əraziləri işğal olunsa da, indiyə kimi ötən müddətdə nə erməni, nə rus, nə də yunan kilsəsi prototürk və protoxristian qədim türk abidələrini mənimsəyə bilməmişlər. Qaraçay və balkar türkləri bu gün müsəlmanlığı qəbul etmiş olsalar da, islamiyyətdən öncə malik olduqları mədəni və tarixi irsi unutmamışlar. Çox təəssüflər olsun ki, Azərbaycanda prototürk və protoxristian tarixi və mədəni irsi üzrə fəaliyyət göstərənlər sadəcə hipotezə və ehtimologiyaya əsaslanırlar.
Rusiyadan başlanılan səfərbərlik
9 noyabr qurultayında çıxış edən Rusiya prezident admnistrasiyası daxili siyasət üzrə idarəsinin müşaviri Andrey Rotermel təklif etmişdir ki, Rusiya boyunca ləzgilər üçün əmək miqrantlarının regionlarda uyğunlaşmaları məsələsində FLMM-nin aktiv şəkildə iştirak etməsinə ehtiyac vardır. FLMM prezidenti Arif Kərimov isə bildirmişdir ki, Rusiyanın 10 regionunda artıq FLMM tərəfindən belə bir stukturların yaradılmasına başlanılmışdır. Xüsusilə Yaroslavl, Kalininqrad vilayətlərində və Komi Respublikasında yaşamaq və işləmək istəyən ləzgilər üçün FLMM-nin və yerli hakimiyyətlərin birgə səyi nəticəsində ləzgi milliyyətindən olan əmək miqrantlarının məskunlaşması problemlərinin həllinə çalışılır.
Qurultayda irəli sürülən məsələlərdən biri də Dağıstanın güney bölgəsində “Güney Dağıstan” siyasətinə dayanıqlı şəkildə ləzgilərə və ləzgidilli xalqlara birlikdə milli mədəni muxtariyyətin verilməsi tələbinin irəli sürülməsi olmuşdur. Rusiya Elmlər Akademiyası Sivilizasiyalar və Regional Problemlərin Araşdırılması Mərkəzi Qafqaz şöbəsinin müdiri Ənvər Kisriev (o, həm də FLMM-nin idarə heyətinin üzvüdür) qeyd etmişdir ki, ləzgidilli xaqların və ləzgilərin problemləri elə köhnə problemlər olaraq qalmaqda davam edir. Xüsusilə Azərbaycanda ləzgilərin və ləzgidilli xalqların sürətlə assimliasiya olunmaları prosesi dərinləşməkdədir. Qurultay iştirakçılarından heç kimsə çıxış edərək bildirmədi ki, nəinki Rusiyada, eləcə də Dağıstanın özündə belə ləzgi dilində bir dənə də olsun məktəb və normal mədəni mərkəzi, televiziya və radio verilişlərinin yayımı belə yoxdur.
Qurultayda bildirildi ki, son illər Dağıstanda yaranmış ağır iqtisadi və sosial problemlər səbəbindən ləzgilər Rusiyanın digər regionlarına miqrasiya etmək məcburiyyətində qalmışlar. Buna görə də, ləzgiləri kompakt şəkildə yaşadıqları ərazilərdə onları FLMM-nin ətrafında səfərbər etmək lazımdır. Əksər natiqlərin ən çox narahat olduqları əsas mövzularda əsas notlar isə Dağıstanda ləzgi gənclərinin böyük əksəriyyətinin milli düşüncədən məhrum olması, onların öz ana dilini bilməməsi və sürətlə vəhhabilik hərəkatına meyil etmələri problemi üzərində köklənmişdir. Ancaq, natiqlərdən heç kim bu problemə qarşı necə hərəkət etmək barəsində müvafiq təkliflərini irəli sürməmişlər. Bu qurumun rəhbərliyinin yeganə tənqid hədəfi Azərbaycan Respublikasına yönəlmişdir. Qurultay ərəfəsində FLMM idarə heyətinin üzvü Ruslan Gereev tərəfindən Dağıstandakı ləzgilərin problemləri bir neçə dəfə qabardılsa da, onların necə həll edilməsi məsələsində nümayəndələr sadəcə susmuşlar. Qurultay münayəndələrinin ən çox şikayət etdikləri problemlərdən biri də bütün dünya ləzgilərinin öz ana dilini və mədəniyyətini öyrənmək üçün internet resursu şəklində “Leüzgi luvar” fondu tərəfindən yaradılmış şəbəkənin dərin maliyyə böhranını keçirməsi haqqında verilən açıqlamalar oldu. Qurultaya Azərbaycanda yaşayan ləzgilər dəvət olunsalar da heç kim buraya qatılmamışdır. Ququltaya qonaq qismində dəvət olunan “Ümumdünya Ləzgidilli Xalqlar Konqresi”nin prezidenti Məhəmməd Məhəmmədovun təklifləri isə FLMM rəhbərliyi tərəfindən qulaq ardına vurulmuşdur. Bundan bərk qəzəblənən Məhəmədov isə: “Sizləri sadəcə pul və bir də hansısa siyasi provakasiyalarda iştirak maraqlandırır” deyərək tədbiri öz tərəfdarları ilə birlikdə tərk etmişdir.