Yarandığı gündən etibarən coxsaylı sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu yöndə fəaliyyətini davam etdirir. Şirkətin ötən ildən etibarən həyata keçirdiyi "Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olmaqda davam edir. 24-27 iyul tarixləri ərzində bu sosial layihənin şüarı altında 2 nəfər gənc Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhəddinədək qaçış edərək siqaretə "yox” deyib. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb siqaretdən uzaq durmağa səsləyib. Azercell şirkəti bu təşəbbüsün telekommunaksiya dəstəkçisi olaraq bu müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil internetin digər xidmətlərindən yararlanmasına yardım edib.

Xatırladaq ki, keçən il
Azercell Telekom şirkəti öz əməldaşları arasında eyni adda sosial layihə həyata
keçirib. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin
zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub.
"Azercell-lə həyat daha gözəldir” deyən şirkət əməkdaşları bir günlərini
"Siqaretsiz həyat daha gözəldir” aksiyasına həsr ediblər. Kampaniyaya qoşulan
Azercell əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr
vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial
şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz həştəqindən yararlanıb.
Azərbaycanın öncül korporativ sosial məsuliyyətli şirkətlərindən olan Azercell
daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirməkdə davam
edəcək.