Mayın 12-də Bakıda Türkiyə baş nazirinin müavini Əli Babacanın iştirakı ilə B20 Azərbaycan Regional Forumu işinə başlayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, bugünkü forum İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin biznes təmsilçiləri üçün mühüm müzakirə platformasıdır. Tədbir üzv ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi və biznes imkanlarının beynəlxalq aləmdə daha geniş təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. M.Musayev qeyd edib ki, B20-nin əsas missiyası aktual iqtisadi proseslərin, çağırışların təhlili əsasında G20-yə müvafiq tövsiyələrin hazırlanıb təqdim edilməsidir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC) baş katibi Məmməd Zülfüqarov diqqətə çatdırıb ki, bu forum Qara dəniz və Xəzər dənizi regionu ölkələri ilə B20 ölkələri arasında ticarət, infrastruktur, kiçik və orta sahibkarlıq, investisiyalar üzrə müzakirə və məsləhətləşmələri özündə birləşdirir. Bu forumun yekunu olaraq tövsiyə və təkliflər hazırlanacaq və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri hökumətlərinə təqdim ediləcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli çıxışında türkdilli dövlətlərdə yaşayan iş adamlarının bəlli inkişaf prosesi keçməsinin vacibliyini vurğulayıb. A.Saparbekuli qeyd edib ki, bunun ən yaxşı nümunəsi Türkiyədir. Türkdilli ölkələrdə iş adamlarının müəyyən problemlərlə qarşılaşır. Bu gün iqtisadiyyat nazirlərinin qarşısında duran vacib məsələlərdən biri - özəl sektora göstərilən dəstəyin artırılmasıdır. Bugünkü toplantı beynəlxalq münasibətlərin inkişafına böyük dəstək verəcək.
A.Saparbekuli, həmçinin özəl sektorda göstərilən ən yaxşı dəstəyin turizm sahəsi ilə bağlı olduğunu deyib: “Bununla bağlı məsələ gələn il Qazaxıstanda keçiriləcək konfransda müzakirəyə çıxarılacaq”.
Forum çərçivəsində ASK ilə Moldova Respublikası Sənayeçilər və Sahibkarların Milli Konqresi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Forum “B20 Türkiyənin ticarət, infrastruktur, investisiya və enerji gündəliklərindəki mövzuların geniş müzakirəsi” və “B20 Türkiyənin məşğulluq, maliyyə artımı, KOM-lar və sahibkarlığın inkişafına olan töhfəsi və antikorrupsiya işçi qrupları” mövzularında panel iclaslarla davam edir.
AZƏRTAC