Bakı Baş Gömrük İdarəsinin rəisi general Vüsal Novruzov tərəfindən-TƏKZİB

Bakı Baş Gömrük İdarəsinin rəisi general Vüsal Novruzov tərəfindən-TƏKZİB

"Miq.az” Xəbər Portalına

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin
Bakı Baş Gömrük İdarəsinin rəisi V.Novruzov tərəfindən


"Miq.az” xəbər portalı 27.05.2016-cı il tarixində "General Vüsal Novruzovun Eldar Mahmudovla briliant biznesi-İDDİA” adlı məqalə dərc etmişdir.

Məqalədə sabiq MTN-nin naziri Eldar Mahmudovun Afrika ölkələrindən Azərbaycana gətirdiyi dəyəri yüz milyon dollarla ölçülən brilyant daşlarının guya mənim vasitəçiliyim ilə Avropa bazarına çıxarılması, ölkədən çıxan daşların 20%-ə guya sahib olmağım və daşların satışından sonra Avropadan bahalı maşınlar almağım və.s. həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmışdır.
 
Bildirirəm ki, məqalədə qeyd olunan məlumatların ümumiyyətlə mənə heç bir aidiyyəti yoxdur, onlar heç bir sübutlara söykənməyən şərböhtan xarakterli məlumatlardır. Həmin xəbər portalı əvvəllər də haqqımda bu cür həqiqətə uyğun olmayan məlumatlar dərc etmişdir, lakin mən heç zaman bunlara reaksiya verməmişəm. Hesab edirəm ki, belə vəziyyət artıq dözülməzdir və oxuculara yalan məlumatlar verilməməsi üçün dərc olunanlarla bağlı mövqe bildirilməlidir.
 
Yazılanlarla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, rəhbərlik etdiyim İdarə yalnız Bakı şəhərini əhatə edir və İdarənin ölkəni tərk edən şəxsləri yoxlamaq və ya yoxlama aparan digər orqanlara təsir etmək səlahiyyətləri və imkanları yoxdur. Xatırlatmaq istəyirəm ki, qızıl-zinət əşyalarını ölkədən çıxaran şəxslər müxtəlif dövlət orqanlarının yoxlamalarından və nəzarətindən keçirlər, onlar həmçinin xarici ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə yoxlanılırlar. Belə olan halda qızıl-zinət əşyaların guya mənim vasitəmlə ölkədən çıxarılması və mənim onların müəyyən faizinə sahib olmağım qeyri-mümkündür və məntiqsizdir. 

Digər bir böhtan isə mənim Avropadan guya bahalı avtomobillər almağım da həqiqəti əks etdirmir, çünki istifadəmdə belə avtomobillər yoxdur. Müəllif AR DYP-yə müraciət edib adıma olan nəqliyyat vasitəsi barədə məlumat əldə edə bilər. 

Məqalədə qeyd olunan məlumatları şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan, böhtan xarakterli məlumatlar hesab edirəm. Xatırlatmaq istəyirəm ki, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Böhtan xarakterli məlumatların yayılmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Bu səbəbdən də hesab edirəm ki, "Miq.az” xəbər portalının 27.05.2016-cı il tarixli buraxılışında barəmdə yayılmış məlumatlar həqiqətə uyğun deyildir və "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə əsasən, təkzib olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Miq.az” xəbər portalının növbəti buraxılışında həqiqətə uyğun olmayan məlumatların təkzib olunmasını Sizdən tələb edirəm.


Bakı şəhəri,
31.05.2016-cı il
 
*****

Miq.az-dan: Cənab general! Bizim redaksiyamıza göndərdiyiniz məktubunuz nöqtəsinə və vergülünə belə toxunulmadan dərc olundu. Baxmayaraq ki, məktubunuz əvvədən sona kimi Miq.az- tənqid etməkdən ibarət idi. 

Miq.az olaraq sizin bizə göndərdiyiniz məktubu yüksək qiymətləndiririk. Deyərdik ki, əsl GENERAL və əsl MƏMUR mədəniyyəti, xüsusən də ƏSL ZABİT MƏDƏNİYYƏTİ məhz belə olar! Tam səmimi qeyd etmək istəyirik ki, Miq.az redaksiyasında çalışan hər bir şəxs bu məktubun dərc olunmasını yüksək səviyyədə dəyərləndirdi. O ki qaldı təkzib verib, ÜZR istəməyə... Gələn sayımızda saytımızın rəhbəri GENERALA açıq məktub yazacaq. "Baş leytenantdan GENERALA məktub" adlı yazıda bizim saytımızda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən və xüsusən də adı çəkilən idarənin rəisi  hörmətli generalımız  Vüsal Novruzovla bağlı gedən bütün yazılara aydınlıq gətirəcəyik...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az