Aydın Xan Əbilov
Yaxud kəndoşluğumuzun poetikası barədə düşüncələr...
Bakı Azərbaycanın ən iri və paytaxt şəhəri sayılsa da, təmizlik baxımından heç də ideal şəhər deyil. Əslində yerləşdiyi coğrafi şərait, eləcə də küləklər şəhəri olması, daha dəqiq desək, yarımsəhra mühiti paytaxtımızın gününü göy əskiyə çevirib. Üstəlik də Bakının Təbriz, Gəncə, Ərdəbil, Şamaxı kimi iri meqapolis kimi təbii formalaşmadığını, zaman-zaman kəndən iriaxınlara məruz qalması da buna təsir edib. Vaxtilə yadelli işğalçılara qarşı vuruşan sərgərdan əsgərlərin, atəşpərəst ziyarətçilərin, avaragör dərvişlərin pənah gətirdiyi, sonralar Rusiya və İrandan ucuz fəhlə axını, qismən də ermənilərin Bakıya ellikcə gəlişi, ən sonda da əyalətdəkilər hesabına sovet respublikasının baş sənaye şəhərinin əhalisinin formalaşması, ən axırda da qaçqın və məcburi köçkünləri paytaxta doluşması Bakının şəhərləşmə - urbanizasiya mədəniyyətinin formalaşmasının qarşısını əsrlərcə, illərcə aldı.
Bir var 100-1000 nəfər milyonluq şəhərə gəlir və buradakı mühitə öyrəşir, meqpolis onları öz dəyərlərinə ram edir, bir də var yuxarıda sadaladığımız obyektiv və subyektiv səbələrə görə on, yüz minlərin bir dalğa olaraq axını. Bax bu dalğa şəhərimizi vaxtaşırı yekə kəndə çevirə bilib.
İnsanlarımız iri meqapolisdə birgəyaşarlıq vərdişlərinə heç cür öyrəşə bilmirlər. Növbəsizlikdən tutmuş, evin içini bəzəyib çölünü isə pis günə qoymaq, yüksəkmərtəbəli yaşayış binalarının eyvanında məişət tullantılarını küçəyə atmaq, səs-küylə danışmaq, şəhər küçələrinəd qoyun otarmaq, səkilərdə fərdi maşınları yumaq, uşaqların gözü qarşısında qoyun-inək kəsib dərisini soymaq, başını və cəmdəyini dar ağacından asmaq, yaşayış massivlərini zəbt edib toyuq hini düzəltmək kimi əcaib şeylər dünya meqapolisləri içində yalnız Azərbaycan paytaxtında müşahidə etmək mümkündür.
Hətta dövlətin milyonlar töküb saldığı yeni bağlar, parklar, küçələrdə də natəmizlik baş alıb gedir. Fikir versəniz ancaq bizdə saqqız çeynəyib yerə atan, tum çırtayıb bulvarda səpələyən, yeraltı və yerüstü keçidi saxlayıb irizəmbillərlə sürətlə şütüyən maşınlar arasında küçəni keçmək istəyənlərin sayı həddindən artıq çoxdur.
Məncə, bütün bunların qarşısını yalnız iri məbləğdə cərimələr və daha sərt cəza növləri ilə almaq mümkündür, tutalım Sinqapurdakı kimi, orada təkcə siqaret kötüyünü yerə atmağa görə sizi 800 dollar cəriməliyə bilərlər.
P.S. Bütün bunlara baxmayaraq, mən Bakımı dəlicəsinə sevirəm!