Bakı Paşinyanın təbrikinə hansı cavabı verəcək? – İrəvanın atmalı olduğu ən vacib addım
Ermənistanın Baş naziri Nikol Paşinyan "X” sosial şəbəkə hesabından Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
"Azərbaycan Respublikasını və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram”, – Paşinyan bildirib.
Paşinyanın bu addımı sübhəsiz unikaldır. Yəni Ermənistanın əvvəlki liderlərindən heç biri Azərbaycan xalqını bayram münasibətilə təbrik etməyib. Bu baxımdan onun təbriki ilk və müsbət jest kimi qiymətləndirilə bilər.
Bu jest Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları fonunda müsbət addım kimi görünür. Əgər bu cür diplomatik jestlər davamlılıq qazansa və real siyasi addımlarla müşayiət olunsa, iki ölkə arasında etimadın bərpası və uzunmüddətli sülh üçün zəmin yarana bilər. Lakin bu indiki mərhələdə eyforiyaya qapılmaq və tələsmək doğru olmaz.
Məsələnin məğzi ondan ibarətdir ki, bu kimi mesajlar Bakı üçün yalnız "yumşaq siqnal” xarakteri daşıyır. Yəni Paşinyan bununla Ermənistanın fərqli bir siyasi xətt yürütməyə çalışdığını göstərmək istəyir. Bununla yanaşı, Ermənistan tərəfi beynəlxalq ictimaiyyət qarşısında özünü konstruktiv və dialoqa açıq tərəf kimi təqdim etməyə çalışmış ola bilər. Bu versiya diqqətdən qaçmamalıdır.