Bakıda külək üç maşını aşırdı, birini ağaca çırpdı – FOTOLAR

Bakıda külək üç maşını aşırdı, birini ağaca çırpdı – FOTOLAR

Ötən gecə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 3 yük avtomobili güclü küləyin təsirindən yol kənarına aşıb. Bu hadisələrdən ikisi Bakı-Qazax yolunda baş verib.Türkiyə və Gürcüstan dövlət qeydiyyat nişanlı "Scania" və "İveco" markalı qoşqulu yük avtomobilləri aşıb. Nəticədə xəsarət alan olmayıb.

Habelə  Bakı istiqamətində hərəkətdə olan "Ford Transit" markalı "99-FZ-584" dövlət qeydiyyat nişanlı yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə sürücü Əhmədov Məmməd Nəsir oğlu ağır bədən xəsarətləri alaraq özəl xəstəxanaların birinə yerləşdirilib.

Hər üç avtomobil yolun hərəkət hissəsində olduğundan yolda sıxlıq yaranıb. Lakin yolda nəqliyyatın hərəkəti polislər tərəfindən tənzimlənib.

Bakının Yasamal rayonunda isə güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb. Belə ki, Tbilisi prospekti ilə hərəkətdə olan "Mitsubishi" markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bakıda şiddətli küləyin törətdiyi fəsadlar bunlarla bitməyib. Külək bir çoxmərtəbəli binanın üzərindən iri daş parçalarını həyətdəki avtomobilin üzərinə salıb.

Bu barədə sosial şəbəkədə paytaxt sakini Kənan Yusifov yazıb. Onun sözlərinə görə daş parçaları maşını tamamilə yararsız hala salıb.

"Maşını küləyə görə ağacın altında saxlamamışdım. Amma bu dəfə külək damdan daşları maşının üstünə töküb. Avtomobilə ciddi ziyan dəyib", - deyə zərərçəkmiş bildirib.

Sahil qəsəbəsində yerləşən 253 nömrəli orta məktəbin isə dam örtüyü dağılıb. Bu barədə də sosial şəbəkədə məlumat yayılıb. Qəsəbə sakinləri evlərə də xeyli zərər dəydiyini qeyd edirlər.

Şiddətli külək həm də Dövlət Statistika Komitəsinin qarşısındakı lövhələri aşırıb.

Xatırladaq ki, sürəti saniyədə 30 metrə çatan şimal küləyi dünən səhər saatlarından başlamışdı. Axşam saatlarında külək bir qədər də şiddətlənib, lakin gecə saatlarında zəifləyib və hələlik ciddi dağıntılar barədə məlumatlar yoxdur. Küləyin bu gün günortadan sonra səngiyəcəyi gözlənilir.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az