Bakıda peyda olan Asiya çəyirtkələrinin yayılma mənbəyi məlum oldu
12 iyul tarixdən etibarən Abşeron yarımadasının
Novxanı, Pirşağı, Nardaran Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin
Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirkəsinin miqrasiyası müşahidə
olunub. Yaranmış vəziyyət nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin həyata keçirilməsi
üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinə xüsusi tapşırıqlar verilib.
Vətəninfo.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Modern.az-a
veilən məlumata görə, Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib
ki, dünəndən etibarən qeyd olunan ərazilərdə Asiya çəyirtkəsinə qarşı
mübarizə tədbirlərinə başlanılıb və artıq 100 ha-dan artıq ərazidə bu
tədbirlər həyata keçirilib. Mübarizə tədbirlərinin həyata keçirilməsi
üçün Dövlət Xidmətində qərargah yaradılıb, Bitki Mühafizəsi Mərkəzinin
mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.Asiya
çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya
etməsi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili
zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə
müşahidə olunurlar. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə
səbəbindən adi hala nisbətən çox zəifdirlər və bir çox sahələrdə təbii
ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu
ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi
zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə
yumurta qoyması nəzərə alınaraq belə sahələrdə mübarizə tədbirləri ilk
növbədə aparılır.
Məsələnin aktuallığı nəzərə
alınaraq yerli icra nümayəndələrinin və bələdiyyələrin mübarizə
tədbirlərinə dəstəyi çox faydalı olardı. Vətəndaşlardan bağ sahələrində
Asiya çəyirtkəsi müşahidə olunarsa bu barədə Kənd Təsərrüfatı
Nazirliyinin 1652 nömrəli qaynar xəttinə və yaxud 562 87 44 nömrəli
telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çağrı mərkəzinə məlumat
vermələri xahiş olunur.