Bakıya planlaşdırılan yeni erməni hücumu

Bakıya planlaşdırılan yeni erməni hücumu

Azərbaycan ildə 10 milyard dollar itirə bilər

Rusiya mətbuatı Azərbaycanın gerçəkləşdirdiyi Cənub Qaz Dəhlizi layihəsi üçün yeni risk yaranmasından yazır.

İstiPress-in məlumatına görə, Azərbaycana xüsusi düşmən mövqeyi ilə  seçilən jurnalist Stanislav Tarasov məsələyə həsr etdiyi xüsusi məqaləsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Xəzərin enerji layihələri üzrə keçmiş köməkçisi Riçard Morninqstarın bəyanatına əsaslanıb.

Amerikanın Rusiya əleyhinə sanksiyalarına toxunan Riçard Morninqstar bunun Rusiya şirkətlərinin iştirak payı olan layihələrə də şamil edilə biləcəyindən yazıb. Bu baxımdan o, Cənub Qaz Dəhlizi layihəsinin mənbəyi olan "Şahdəniz-2” layihəsində 10%-in Rusiyanın "Lukoyl” şirkətinə məxsus olduğunu bildirib.

Cənub Qaz dəhlizinin, yəni "Transanadolu” (TANAP) və "Transadriatik” (TAP) qaz kəmərlərinin tam gücü ilə işə salınmasından sonra Azərbaycan bu layihələrdən neftin qiymətindən asılı olaraq hər il 10 milyard dollara yaxın vəsait əldə edə biləcək. Bunun təxminən 3 milyard dolları Azərbaycan qazının Avropada satılmasından, 3 milyard dolları Azərbaycan qazının Türkiyədə  satılmasından, 4 milyardını isə "Şahdəniz”dən çıxan kondensantın satışında əldə edəcək. İlk dövrlərdə gəlirlərin 30 faizi, yəni təxminən 3 milyard dolları Azərbaycana çatacaq. Sonradan bu, 80 faizə qədər qalxacaq.

Beləliklə, Azərbaycanın bu gəlirləri itirməsi qorxusu yaranıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində bildirib ki, problemin həll edilməsi üçün Azərbaycanın müəyyən addımlar atması vacibdir:

"Morninqstarın dediklərinə qəribə yanaşmaq lazım deyil. Azərbaycan normal lobbi fəaliyyəti göstərməlidir və "Lukoyl”un adını həmin siyahıdan çıxarmalıdır”.

İlham Şabanın sözlərinə görə, Azərbaycan bu məsələyə dırnaqarası yanaşmamalıdır: "Əgər problemi görməməzliyə vuracaqlarsa, bu, Cənub Qaz dəhlizi layihəsinə əngəl yaradacaq. Yəni əks tərəf öz lobbisini işə salacaq və Azərbaycan üçün arzuolunmaz qərar çıxacaq. Sonradan həmin problemi həll etmək çox çətin ola bilər. 1992-ci ildə Azərbaycan problemi görməməzliyə vurdu və nəticədə ermənilər 907-ci düzəlişə nail oldular”. 

TAP və TANAP layihələri
TAP və TANAP layihələri

Əslində, Azərbaycanın ABŞ-la münasibətlərində buna uyğun presedent var və Morinqstar bununla bağlı açıqlamasında həmin presedentə toxunub. Onun sözlərinə görə, İran əleyhinə tətbiq edilmişsanksiyalar, demək olar ki, İranın bütün şirkətlərinə şamil edildi, yalnız "NIOC”dan başqa. Çünki "NIOC” şirkətinin "Şahdəniz” layihəsində iştirak payı vardı. Yəni «Lukoyl»u da bu yolla problemdən uzaqlaşdırmaq olar.

Əslində, Azərbaycanda doğulsa da erməni maraqlarına xidmət edən Stanislav Tarasov  məqaləsi ilə ermənilərə mesaj verir. Yəni onlara Azərbaycanın bu strateji layihəsinin açıq yerlərini göstərir və hücuma həvəsləndirir. Azərbaycan bu məsələni nəzərə alıb müdafiə mexanizmləri üzərində işləməlidir. Özü də, Serj Sarkisyanın Azərbaycanın strateji obyektlərini, o cümlədən Cənub Qaz dəhlizini "İsgəndər” raketləri ilə hədələdiyi bir məqamda. 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az