Blinken Əliyevə buna görə zəng etdi - Obrayenin səhvi…

Blinken Əliyevə buna görə zəng etdi - Obrayenin səhvi…

ABŞ Dövlət katibi Entoni Blinken köməkçisi Ceyms Obrayenin noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından Prezident İlham Əliyevə zəng edib.

Miq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Blinkenin Prezident Əliyevə zəng etməsini şərh edərkən bildirib.

O qeyd edib ki, bu zəngə ehtiyac var idi, əks halda münasibətlər gərginləşməkdə davam edəcəkdi:

"Münasibətlərin gərginləşməsi isə nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms Obrayenin çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşünün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms Obrayen Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verdi.

Ceyms Obrayen dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəkli axarına qaytara bilsin. Hər halda Ceyms Obrayen və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında Dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır.

ABŞ dünyanın əsas güclərindən biridir, təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığımız var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac var. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az