Suriyalı qaçqınların sayı dörd milyon nəfəri keçdi
Vətəninfo.az BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, Suriyadakı münaqişə ucbatından qonşu ölkələrə qaçanların sayı hazırda dörd milyonu ötüb. Bu da ayrıca bir böhranın təxminən əsrin dörddə biri ərzində dünyada BMT QAK-ın mandatına aid ən böyük qaçqın böhranı olaraq təsdiqlənir.
Məlumata görə, Türkiyəyə yenicə gələnlər və artıq bu ölkədə olan qaçqınlar barəsində Türkiyənin dövlət orqanlarından alınan yenilənmiş məlumatlar Suriya ilə qonşu ölkələrdə suriyalı qaçqınların ümumi sayının 4.013.000 nəfərə çatdığını göstərir.
Bundan başqa, ən azı əlavə 7,6 milyon nəfər Suriya ərazisində köçkün düşüb – onların çoxu çətin şəraitdədirlər və elə yerlərdədirlər ki, oraya getmək çətindir.
"Bu, bizim dövrümüzdə ayrıca bir böhranın doğurduğu ən çox sayda qaçqın əhalidir. Bu əhalinin dünyanın dəstəyinə ehtiyacı var, amma əvəzində onlar dəhşətli şəraitdə yaşayır və getdikcə yoxsulluq girdabına yuvarlanırlar", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib.
Məlumata görə, faciəli hal budur ki, hazırda beşinci ilinə qədəm qoymuş Suriyadakı müharibənin sonu görünmür – böhran şiddətlənməkdə, qaçqınların sayı isə artmaqdadır. Qaçqınların ümumi sayının üç milyona çatmasından sonra cəmi on ay ərzində bu say dörd milyonu haqlayıb. Hazırkı qiymətləndirmələrə əsasən, BMT QAK bu rəqəmin 2015-ci ilin sonunda təxminən 4,27 milyona çatacağını gözləyir.
"Pisləşməkdə olan şərait çoxlu sayda insanların Avropaya və daha uzaqlara üz tutmasına gətirib çıxarır, amma böyük əksəriyyət regionda qalır", – deyə o bildirib. "Biz onların və onları qəbul etmiş icmaların daha da ümidsiz duruma düşməsinə yol verə bilmərik".
2015-ci ilin iyunundakı qaçqın axınları göstərir ki, Tel-Əbyaddan və şimali Suriyanın digər hissələrindən 24 mindən artıq insan Türkiyəyə gəlib. Artıq dünyada qaçqınları qəbul etmiş ən böyük ölkə olan Türkiyə hazırda regiondakı bütün suriyalı qaçqınların təxminən 45 faizini qəbul edib.
Dörd milyon rəqəminə bunlar daxildir: Türkiyədəki 1.805.255 nəfər suriyalı qaçqın, İraqdakı 249.726 qaçqın, İordaniyadakı 629.128 qaçqın, Misirdəki 132.375 qaçqın, Livandakı 1.172.753 qaçqın və Afrikanın şimalındakı 24.055 qaçqın. Avropada sığınacaq üçün müraciət etmiş 270.000-dən artıq suriyalı və regionun digər yerlərində məskunlaşmış minlərlə digərləri bu saya daxil edilməyib.
Bu arada suriyalı qaçqınların durumunun maliyyələşdirilməsi də eynilə təxirəsalınmaz problemə çevrilib. BMT QAK-ın qiymətləndirməsinə əsasən bütövlükdə 2015-ci il üçün 5,5 milyard ABŞ dolları məbləğində humanitar yardım və inkişaf üçün yardım tələb olunur.
Bu maliyyə vəsaitinin əhəmiyyətli hissəsi regiondakı əsas qəbuledici ölkələrin bu yükün altında gücsüz qalmasının və qeyri-stabil duruma düşməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin iyunun sonları üçün bu məbləğin dörddə birindən az hissəsi (24 faizi) toplanmışdır. Bu o deməkdir ki, qaçqınlar ərzaq yardımında yeni çatışmazlıqlarla üzləşəcək və həyatlarının xilasına yönələn tibbi xidmətləri əldə etməkdə və uşaqlarını məktəbə göndərməkdə çətinlik çəkəcəklər.
Ölkədən didərgin düşmüş suriyalılar üçün həyat getdikcə daha da ağırlaşır. Ölkə xaricində İordaniyadakı düşərgələrdə qaçqınların təxminən 86 faizi gündə 3,2 ABŞ dolları təşkil edən yoxsulluq həddindən də aşağı səviyyədə yaşayırlar. Livanda qaçqınların 55 faizi standartlara cavab verməyən sığınacaqlarda yaşayırlar.
Böhran uzandıqca bütün regionda qayıdışa ümid tükənir. Qaçqınlar daha da yoxsullaşır və mənfi vərdişlər əldə edirlər, məsələn, uşaq əməyi, dilənçilik və uşaq nikahları artmaqdadır. Onsuz da əlverişsiz durumda olan qəbul edən icmalarda məşğulluq, torpaq, ev, su və enerji uğrunda rəqabət bu icmaların çoxlu sayda qaçqınların öhdəsindən gəlmək və onlara davamlı dəstək göstərmək imkanlarını çətinləşdirir.