BŞBPİ-nin rəis müavini GENERAL Səhlab Bağırova-AÇIQ MƏKTUB

BŞBPİ-nin rəis müavini GENERAL Səhlab Bağırova-AÇIQ MƏKTUB

Miq.az-a İmanov Fuad Rəşid oğlu tərəfindən daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:

Bakı ş. Səbail r. Ə.Ələkbərov küç. 528-ci məhəllə, ev-13 V, mən.-20-də yaşayan İmanov Fuad Rəşid oğlu tərəfindən 
Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini cənab S.Bağırova!

AÇIQ MƏKTUB

Səhlab müəllim salam, hər vaxtınız xeyir! Tam səmimiyyətlə bildirirəm ki, ləyaqətlə, şərəflə xidmət etdiyim Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında həmişə hörmət və ehtiram bəslədiyim rəislərdən, zabitlərdən biri də Siz olmusunuz. Xidmət zamanı Sizdə görüb müşahidə etdiyim alicənablıq, prinsipallıq, arxasızın arxalı tərəfindən əzilməsinə dözümsüzlük və digər polis şərəfini şərəfləndirən müsbət keyfiyyətləriniz Daxili İşlər Orqanlarından səhhətimlə əlaqədar tərxis olunmağıma baxmayaraq günü bu gün də yadımdan çıxmayıb, xatirimdədir. O da xatirimdədir ki, polis nəfəri kimi qüsursuz xidmət etdiyim bu illər ərzində ən şərəfli xidmət illərim – Fəxri Xiyabanda, 1-ci Postda: mərhum ümummilli liderimiz Heydər Əliyevin məzarını mühafizə etməyim olmuşdur. Axı mənim anam: Ağabəyova Səriyyə Əjdər qızı Yeni Azərbaycan Partiyasının yaradılması üçün dahi lider H.Əliyevin çağırışına ilk səs verənlərdən biri olmuş və YAP-ın inkişaf etməsində mühüm rol oynamışdır...
 
 İmanov Fuad Rəşid oğlu

Səhlab müəllim, bəlkə düşünəcəksiniz bütün bunlar artıqdır. Xeyr, səbrinizi bassanız, məni həm bir insan, həm sabiq polis nəfəri, həm də Sizlərə simpatiyası olan keçmiş Qarabağ döyüşçüsü kimi anlayıb, GENERAL köməyinizi əsirgəməyəcəksiniz. Yuxarıda qeyd etdiklərimlə yanaşı diqqətinizə onu da çatdırmaq istərdim ki, mərhum ümummilli liderimizin səsinə ilk səs verib, YAP-ın nüfuz qazanmasında müstəsna əməyi olan, 60-il millətimizin övladlarının təlim-tərbiyəsinə, maariflənməsinə özünü şam kimi əridən anam bu gün SON GÜNLƏRİNİ YAŞAYIR... Və son günlərini yaşayan ANAM bu gün Sizin, məhz Sizin adınızdan sui-istifadə edən, guya Sizin tabeçiliyinizdə çalışan, lakin əslində faydalı heç bir əməklə məşğul olmayan, sadə vətəndaşların etibarlarından sui-istifadə etməklə əmlaklarını ələ keçirib mənimsəməklə məşğul olan Mirzəyev Zaman və İsmayıl Zeynal oğlu qardaşlarının qanunsuz əməlləri, dələduzluqları nəticəsində ailəlikcə evsiz və pulsuz qalmışıq. Pulumuzu, yəni 25.000 (iyirmi beş min) manatımızı ələ keçirib mənimsəyən Zaman və İsmayıl Mirzəyev qardaşları Sizə arxayın olduqlarını gözə soxmaqla bu günə kimi halal pulumuzu qaytarmayıblar, heç qaytarmaq da istəmirlər... Hüquq-mühafizə orqanlarına etdiyimiz çoxlu sayda şikayət ərizələri Sizə, məhz Sizə görə bu günə kimi baxılmamış qalmışdır. Bu dələduz qardaşların kürəyindən GENERAL əlinizi, dəstəyinizi çəksəniz yüzdəyüz barələrində cinayət işi dərhal başlanılar və halal 25.000 (iyirmi beş min) manat pulumu əldə edərəm.
 
Səhlab müəllim, bu cəsarəti Sizdən öyrənmişəm, haqsızlığa dözümsüzlüyü Siz sərgiləmisiniz daim bizlərə. Ona görə də Sizdən, məhz Sizdən kömək ummaq məqsədilə Sizin adınıza 27.06.2016, 24.07.2016, 05.08.2016 və 22.09.2016-cı il tarixlərində şikayət ərizələri ünvanlamışıq. Qəbulunuzda olmuşuq. Amma bu günə kimi bir müsbət nəticəsi olmamışdır. Xəstə ANAM kirayələrdə həkim nəzarətində, azyaşlı iki övladımdan biri əlil, təkcə aldığım pensiya ilə qane olan mənsə Sizdən kömək istəyirəm. Bəlkə Siz elə zənn edirsiniz ki, Sizə etdiyim şikayət ərizələrimdən və qəbulunuzda olandan sonra halal 25.000 (iyirmi beş min) manat puldan mənə qaytarıblar?! Əsla belə deyil!!! Əksinə, hər iki qardaşlar: Zaman və İsmayıl Mirzəyev qardaşları etdiyim şikayət ərizələrindən sonra məni təhqirlərə, hədələrə, təhdidlərə məruz qoymuş və qoymaqdadırlar...

Bu Açıq Məktubum Sizlərə yetişəndə və ya sosial şəbəkələr vasitəsilə tanış olanda məni xatırlayacağınıza zərrə qədər şübhə etmirəm. Qəbulunuzda olarkən  bu qardaşların birinə 500.000 manat məbləğində GENERAL kimi zaminliyiniz barədə dedikləriniz hələdə yaddaşımdadır. Belə yaxın münasibətdə olduğunuz və son günlərini yaşayan ANAMIN, əlil olan övladımın, sağlamlığımı Qarabağ döyüşlərində itirən və Sizin tabeçiliyinizdə vaxtilə şərəflə, ləyaqətlə xidmət edən sabiq polis nəfərinin əmlakını, pulunu ələ keçirmiş Zaman və İsmayıl Mirzəyev qardaşlarına yetər ki, Sizin işarəniz çatsın, sifarişiniz yetişsin və dərhal ailəlikcə keçirdiyimiz stresslər, qorxular aradan qaldırılsın və halal pulumuz qəpiyinə kimi özümüzə qaytarılsın. Polis şərəfinə, döyüşçü sədaqətinə and içib Sizi inandırıram ki, Sizin müdaxiləniz mənə və ailəmizə hava və su kimi önəmlidir. Kömək əlinizi ailəmizdən çəkməyin.Cənab General!

Hörmətli Cənab General! Sizdən xahiş edirəm, yuxarıda qeyd olunanlarla bağlı Zaman və İsmayıl Mirzəyev qardaşlarından halal 25.000 (iyirmi beş min) manat pulumun qaytarılması üçün köməyinizi əsirgəməyəsiniz. Xəstə ANAMI, əlil ÖVLADIMI, Qarabağ uğrunda döyüşlərdə İŞTİRAKIMI, Daxili İşlər Orqanlarında şərəflə, ləyaqətlə XİDMƏTİMİ müstəsna hal kimi nəzərə alıb ailəmizə kömək etmək üçün özlərini Sizə qohum kimi, dost kimi, ortaq kimi, əməkdaş kimi sırıyan Zaman və İsmayıl Mirzəyev qardaşlarından halal pulumun alınmasına yardımçı olasınız. 
Allah Sizə kömək olsun.

Redaksiyadan: Yazıda adları hallandırılan şəxslərin də, xüsusən Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini cənab Səhlab Bağırovun da mövqeyini dərc etməyə hazırıq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az