Vətəninfo.az Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramovun Trend-ə müsahibəsini təqdim edir:
- Azərbaycanda yaxın illər üçün şagirdlərin sayı ilə bağlı
gözlənilən proqnozlar necədir? Bu proqnozlara görə, əldə olunan yeni
göstəricilər gələcəkdə tədris prosesinin təşkili sahəsində hər hansı
problemin yarana biləcəyini xəbər verirmi?
- Proqnozlar onu göstərir ki, növbəti 5 il ərzində şagirdlərin sayı
kifayət qədər - 30 faizə qədər artacaq. Bu, Azərbaycanda baş verən
müsbət demoqrafik dəyişikliklərin nəticəsidir. Təbii ki, bu, ümumilikdə
müsbət tendensiyadır. Amma eyni zamanda, bu, təhsil sisteminin
qarşısında müəyyən çağırışlar qoyur. Təbii ki, biz buna hazır olmalıyıq.
Bu il ilk dəfə olaraq, şagirdlərin elektron qeydiyyat sistemi tətbiq
olundu. Bu sistemin tətbiqi bizə şəbəkədə Bakı şəhərinin bu və digər
ərazilərində şagird sıxlığının həddindən artıq yüksək olan yerlərini
müəyyən etməyi daha da asanlaşdırdı. Bakı şəhərinin ətraf ərazilərinin,
meqapolisin inkişafı bəzi hallarda paytaxtdakı məktəb şəbəkəsinin
imkanları ilə tam üst-üstə düşmür. Bakıda şagird sıxlığının həddindən
artıq çox olan ərazilər var. Bu günlərdə bu problemlə bağlı son
təhlillər aparılacaq və müvafiq təkliflərin irəli sürülməsi üçün
sənədlər hazırlanacaq.
- Məktəbə hazırlıq təhsilinin 1 il icbariliyinin təmin olunması nə zamandan həyata keçiriləcək?
- Bu məsələ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında öz əksini
tapıb. Ümumilikdə biz hamımız başa düşürük ki, məktəbəqədər təhsilin
səviyyəsinin əhatəliliyinin genişləndirilməsi təhsilin növbəti
pillələrində uğurlu nəticələrin əldə edilməsi üçün başlıca amillərdən
biridir. Bu gün Azərbaycanda məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi
qanedici səviyyədə deyil. Orta perspektivdə bu göstəricinin Avropanın
aparıcı dövlətlərinin göstəricisinə çatdırmaq hədəf kimi qoyulub. Təbii
ki, bu, qısa müddət ərzində baş verə bilməyəcək. Amma bunu deyə bilərik
ki, müvafiq istiqamətdə artıq sistemli işlər və dövlət qurumları ilə
müzakirələr aparılır.
- İcbarilik tətbiq olunarkən uşağın dövlət məktəbəqədər təhsil
müəssisəsinə getməsi şərt kimi qoyulacaq, yoxsa özəl məktəbəqədər
kurslara da gedilərsə, bu, qaneedilmiş hesab olunacaq?
- Hesab edirik ki, məktəbəqədər təhsilin əhatəliliyi baxımından bunun
dövlət, özəl təhsil müəssisələri, yaxud məktəb daxilindəki mövcud
məktəbəqədər hazırlıq qruplarının yaradılması üsulu ilə təşkil
edilməsinin bir o qədər fərqi yoxdur.
- Azərbaycanda 12 illik təhsil sisteminə keçid üçün orta
məktəblərin son siniflərində icbari fənlərin sayını azaldan tədris
proqramlarının hazırlanması, ixtisaslaşmanın aparılması vacib hesab
edilirdi. Artıq bu işlərə başlanılıb. Ümumilikdə, 12 illik ümumi təhsil
sisteminə nə zamandan keçiləcək?
-12 illik təhsil sisteminə keçid üçün bır sıra məsələlər öz həllini
tapmalıdır. Bunun üçün həm təhsilin məzmunu təhlil edilməli, həm də
təmayüllləşmənin tətbiqi genişləndirilməlidir. Eyni zamanda, icbari
təhsili başa vuran və tam orta təhsil səviyyəsi üzrə təhsil almayacaq
şagirdlər üçün alternativ təhsil imkanlarının yaradılması imkanları
analiz edilməlidir. Artıq bu istiqamətdə təhlillər başlayıb, təhsil
sistemi daxilində işlər aparılır. Belə böyük bir islahatın aparılması
üçün müəyyən pilot layihələrə ehtiyac var. Pilot layihələrə misal
olaraq, artıq bu ildən təmayülləşmə tətbiq edilən məktəb şəbəkəsinin
genişləndirilməsi layihəsini misal göstərə bilərik. Bu layihə əsasında
50 məktəb şəbəkəyə əlavə edildi və tam orta təhsil pilləsində - son iki
sinifdə 4 istiqamət üzrə təmayülləşmə tətbiq olunur. İxtisas seçiminə
uyğun olaraq, keçirilən fənlərin sayının azaldılması, fənlərin daha
dərindən keçirilməsi və bu yanaşmanın ümumilikdə təhsil göstəricilərinə
təsiri proses getdikcə təhlil ediləcək. Hazırda hesablamalar aparılır
ki, təmayülləşmənin daha geniş tətbiqi məktəblərdə dərs yükünə,
şagirdlərin nailiyyətlərinə, digər fənn müəllimlərinin dərs yükünə necə
təsir edəcək. Bütün məsələlər ölçülüb biçilməli, təhlillər
aparılmalıdır. Biz yalnız artıq açıq məsələlərin qalmadığına əmin
olduqdan sonra Təhsil Nazirliyi olaraq, müvafiq dövlət qurumları
qarşısında bu təkliflə bağlı vəsatət qaldıracağıq.
- 12 illik təhsil sistemi 1-ci sinifdən təhsilə başlayanlara,
yoxsa həmin təhsil müddətində təhsil alacaq bütün şagirdlərə də şamil
olunacaq?
- Müxtəlif ölkələr tərəfindən bu tipli layihələr, islahatlar aparıldıqda
müxtəlif yanaşmalar olur, burada vahid yanaşma yoxdur. Bu məsələ ilə
bağlı 12 illik sistemin 1-ci sinifdən tətbiq edilməsi, yaxud təhsilin
digər səviyyələrində, paralel olaraq, bir necə səviyyədə tətbiqi kimi
presidentlər də mövcuddur. Hər bir yanaşmanın özünün müsbət və mənfi
tərəfləri var. Bu gün bu layihəyə hansı üsulla, hansı sinifdən
başlayacağımızı deməyi erkən hesab edirik. Müzakirələr davam etdirilməli
və başa çatdırılmalıdır.
- Yuxarı siniflərdə təmayülləşmə tətbiq edildikdən sonra ali
məktəblərin 1 və 2-ci kurslarında keçirilən ümumi fənlərin ixtisar
edilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə hansı işlər görülür?
- Ümumilikdə bu məsələlər, ali təhsil müəssisələrinin proqramları müasir
tendensiyalar nəzərə alınmaqla, daim yenilənir. Dövlətin mövcud
standartları var. Bu standartlara uyğun olaraq, fənlər öz daxilində iki
hissəyə - icbarıi və seçmə fənlərə bölünür. Qeyd etdiyiniz məsələ təhsil
müddəti daha uzun olan ölkələrdə var, onlarda tam orta təhsil
səviyyəsində dərindən öyrənilən fənlər ali təhsil müəssisələrinin ilk
tədris müddətində yenidən keçirilmir. Daha dərindən ixtisas fənlərinin
öyrənilməsi prioritet sayılır. Hesab edirik ki, Azərbaycanda da
təmayülləşmə tam orta təhsil səviyyəsində tam əhatəliliklə tətbiq
olunduqdan sonra bu, bizim ali təhsil müəssisələrinin tədris
proqramlarına təsir etməyə bilməz. Ancaq bu, yenə də mərhələli şəkildə
həyata keçiriləcək. Çünki bu, 6 aya, yaxud 1 ilə işlək mexanizmə
çevrilən bir iş deyil. Burada daha uzun bir zaman lazımdır. Amma bundan
asılı olmayaraq, ümumilikdə ali təhsil müəssisələri tərəfindən tədris
proqramlarına baxılması, onların müasir tələblərə uyğunlaşdırılması
istiqamətində işlər gedir. Bununla bağlı Təhsil Nazirliyində müvafiq
işçi qruplar yaradılıb. Həmin qruplara bu sahənin və ali təhsil
müəssisələrinin nüfuzlu, aparıcı mütəxəssisləri cəlb olunublar, onlar
ali təhsil səviyyəsində olan bütün təhsil proqramlarına yenidən baxır,
düzəlişlər edir, tövsiyələr verirlər ki, daha çox tətbiqi effekti olan
tədris proqramları olsun. Bizə çox yaxın sahə olan müəllimlik peşəsi
üzrə kadr hazırlanması istiqamətində də təkmilləşdirmələrin aparılması
vacibdir. Pedaqoji kadr hazırlayan ali məktəb tələbələrinin daha çox
vaxt praktikada məktəblərdə olması bu sahədə kadr hazırlığına müsbət
təsir göstərən amillərdən biridir. Pedaqoji ali təhsil müəssisələri
işlərini bu istiqamətə yönləndirməlidirlər.
- Bu gün Azərbaycanda özəl orta məktəblərdə və bağçalarda xidmət
haqları kifayət qədər yüksəkdir, bu qiymətlər sadə Azərbaycan ailəsinin
büdcəsinə uyğun deyil. Bəzi ekspertlər hesab edir ki, özəl təhsil
müəssisələrinin ödəniş haqqını müəyyənləşdirən normativlər
hazırlanmalıdır. Sizcə, bu sahədə qiymət siyasətinin tənzimlənməsi üçün
hər hansı tədbirlərin görülməsinə ehtiyac varmı?
- Ümumilikdə, Azərbaycanda reallıq ondan ibarətdir ki, həm məktəbəqədər
təhsil şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin, həm də özəl orta
məktəblərin şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin göstəriciləri
kifayət qədər aşağıdır. Özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1
faizdən aşağıdır. Təbii ki, biz Təhsil Nazirliyi olaraq, həm
məktəbəqədər, həm özəl təhsil müəssisələrinin şəbəkəsinin
genişləndirilməsində uğurlu işlər aparmaqda maraqlıyıq. Ümumilikdə,
Azərbaycanda və eyni zamanda hər hansı digər dövlətlərdə özəl
məktəbəqədər və ya özəl orta məktəb xidmətlərinin qiymətinin dövlət
tərəfindən tənzimlənməsi presidentləri mənə məlum deyil. Bu sahə bir
qayda olaraq, daha çox tələb, təklif əsasında formalaşır. Bu sahəyə
investisiyaların, yatırımların edilməsi, iş adamlarının maraq göstərməsi
tendensiyalarının artırılması istiqamətində hökumət tərəfindən son
illərdə ciddi və əhəmiyyətli işlər görülüb. Onların arasında
məktəbəqədər təhsil müəssisələrinin vergilərdən azad olunmasını
göstərmək olar.
- Amma bu, demək olar ki, sadə vətəndaş üçün qiymət baxımından heç nəyi dəyişmədi...
-Düşünmürəm ki, bu, heç nəyi dəyişmədi. Təhlillər göstərir ki, Təhsil
Nazirliyinə lisenziyaların alınması üçün edilən müraciətlərin sayı
kifayət qədər əhəmiyyətli şəkildə - 50 faizədək artıb. Bu, o deməkdir
ki, bu sahə artıq insanlar üçün yatırım etmək, bu işlə məşğul olmaq
baxımından daha maraqlı bir sahəyə çevrilir. Biz hesab edirik ki, bu,
müsbət dəyişikliklər edəcək, rəqabət artacaq. Rəqabət də təbii ki,
qiymətə və keyfiyyətə müsbət təsir edən amillərdir.
- Nazirlik bu xidmətlərin qiymətlərini yüksək hesab edir? Yoxsa mövcud qiymətlər normal qəbul edilir?
- Əslində, Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə hansısa
vahid qiymət yoxdur. Özəl məktəblərin təklif etdiyi xidmətlərin
qiymətləri kifayət qədər çox fərqlənir. Haradasa bu, çox yüksəkdir,
hansılardasa daha azdır və daha uyğundur. Dövlət tərəfindən dövlət
təhsil müəssisəsində oxuyan hər bir şagirdə müəyyən qədər vəsait
ayrılır. Hər bir halda təbii ki, valideynlər tərəfindən özəl məktəblərə
ödənilən təhsil haqqı dövlət tərəfindən dövlət təhsil müəssisəsində
şagirdlərə ayrılan məbləğdən dəfələrlə fərqlənir.
- Orta məktəblərdə hansı ödənişli xidmətlərin yaradılması nəzərdə tutulur?
- Dövlət tərəfindən təqdim olunan və Azərbaycan qanunvericiliyinə əsasən
müəyyənləşdirilmiş təhsil xidmətləri var ki, onlar vətəndaşlara pulsuz
olaraq, təqdim olunur. Dövlətin vəzifəsi və funksiyası ondan ibarətdir
ki, bu xidmətləri vaxtlı-vaxtında, keyfiyyətli şəkildə vətəndaşlara
təqdim etsin. Amma elə xidmətlər var ki, onların bu gün dövlət
tərəfindən ödənişsiz əsaslarla təklif olunması nəzərdə tutulmayıb. Mən
misal kimi ötən ildən Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq
qruplarının formalaşdırılması layihəsini göstərə bilərəm. Bu layihə
valideynlər üçün ödənişli oldu. Hesab edirik ki, bu xidmət valideynlərə
çox münasib qiymətlərlə təklif olundu. Valideynlər böyük həvəslə bu
layihəyə qatıldılar. Bakıda 87 təhsil müəssisəsində 3006 şagird həmin bu
sistemdən keçdi. Bu, bizə imkan verdi ki, bir tərəfdən uşaqların
məktəbəhazırlıq səviyyəsini yüksəldək. Digər tərəfdən, bu, dövlət
büdcəsinə hər hansı yük olmadan təşkil edildi. Üçüncü məsələ ondan
ibarətdir ki, orada dərs deyən 174 müəllimə 2014-2015-ci tədris ili
ərzində 355 min manat məbləğində əlavə ödəniş edildi. Təbii ki, buradan
dövlətə vergilər ödənildi, sosial sığorta ödənişləri edildi. Həmin bu
xidmətlərin təşkil olunduğu 87 məktəb rəhbərliyinə əlavə olaraq,
mükafatlar verildi. Bu da həm stimullaşdırma baxımından, həm
müəllimlərin maddi rifah halında yaxşılaşdırılması üçün müsbət bir
addımdır. Bundan sonra yaradılacaq ödənişli xidmətlərlə bağlı normativ
sənədlər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilib. Həmin
sənədlər təsdiq edildikdən sonra kifayət qədər açıq şəkildə hansı
xidmətlərin ödənişli əsaslarla göstəriləcəyi öz əksini tapacaq.
Ümumilikdə, biz onu qeyd edə bilərik ki, uşaqların inkişafına yönəlmiş
məktəbdən kənar fəaliyyət, onların asudə vaxtlarının təşkili və digər
bir sıra xidmətlərin əlavə olaraq, ödənişli əsaslarla keçirilməsi təhsil
sistemində kifayət qədər geniş yayılmış, vətəndaşlar, cəmiyyət
tərəfindən müsbət qarşılanan bir yanaşmadır. Mən hesab edirəm ki, biz bu
məsələlərə düzgün və məsuliyyətli yanaşmalıyıq. Çünki hər hansı əlavə
xidmətlərin hamısının yükünü eyni zamanda dövlətin üzərinə qoymaq da
real deyil.
- Bəs, orta təhsil sistemində ən çox istifadə edilən
repetitorluq xidmətinin dövlətin müəyyənləşdirdiyi ödənişli xidmətlərin
sırasında olması, dərsdən sonra əlavə dərslər keçən müəllimlərin dövlətə
vəsait köçürməsi təklif edilirmi?
- Qaldırdığınız bu məsələ kifayət qədər həssas məsələdir. Ona görə də
biz hesab edirik ki, bu məsələyə yanaşma da həssas olmalıdır. Məsələnin
bütün müsbət və mənfi cəhətləri ölçülüb biçilməlidir. Burada tələsik
qərarların qəbul olunması ümumilikdə prosesə mənfi təsir göstərə bilər.
Hesab edirik ki, bütün məqamlar düşünülməli, elə bir çərçivə
formalaşdırılmalıdır ki, bu xidmətlərin müəllimlər tərəfindən
məktəblərdə ödənişli göstərilməsi tədris prosesinə mənfi təsir
göstərməsin.