Biləcəridə 86 yaşlı nənə 8 aydır ki, işıq üzünə həsrətdir.
Rayonun Asəf Zeynallı küçəsi ev 29 mənzil 24 ünvanında yaşayan Cənnətəliyeva Güləbətin Murad qızının işıqsız qalmasının səbəbi elektrik enerjisinə yaranan borcudur. 3-otaqlı mənzildə Güləbətin nənəylə yanaşı 5 ailə üzvü də yaşayır. Onların arasında biri 9, digəri 10-cu sinifdə oxuyan iki şagird var.
Faktı araşdırmaq üçün üz tutduğumuz ünvanda nənənin oğlu Şamillə danışdıq. Şamil Cənnətəliyev faktı təsdiqlədi. İşıq idarəsinə 1400 manat borcları olduğunu bildirən sakin bu qədər borcun yaranma səbəbinə də aydınlıq gətirdi. Onun bildirdiyinə görə, rəhmətlik atası 2-ci Dünya Müharibəsi veteranı olduğu üçün kommunal xərclərdən azad imişlər. 2002-ci ildə başçısını itirən ailə bu güzəştdən məhrum edilib. Güləbətin nənə bundan gec xəbər tutduğundan yığılan borcu ödəyə bilməyib. İşıq idarəsi isə ailənin vəziyyətinə acımadan işığını kəsib.
Qonşularının bildirdiyinə görə, ailə o qədər kasıbdır ki, hətta şam alıb yandıra da bilmirlər. 21-ci əsrdə əsl ibtidai icma quruluşunun qaranlığında yaşayan ailənin yaxınlaşan qışdan necə salamat çıxacaqları da məlum deyil.
Cənnətəliyevlərin həyatını cəhənnəmə çevirən işıqsızlıq ailənin iki övladının təhsilinə də mənfi təsir göstərir. 10-cu sinifdə oxuyan Füruzənin sinif yoldaşları əlavə müəllim yanına hazırlığa getdiyi halda, o gündəlik dərslərini hazırlamaq üçün şam işığına belə həsrətdir. 9-cu sinifdə oxuyan Humay da həmçinin...
Maraqlıdır ki, Azərbaycanda kommunal xərclər, o cümlədən elektirik borcları bir neçə dəfə bağışlanıb. Bu bağışlanma faktı, səhv etmiriksə, indiki ölkə başçısının prezidentliyi dövründə də baş verib. Nəzərə alsaq ki, Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçilib, Güləbətin nənənin işıq borcunun 2002-ci ildən hesablanması xeyli qəribə görünür. İşıq idarələrinin bu cür özbaşınalığı prezident sərəncamlarına məhəl qoymamaq kimi ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də anti-hümanist bir hərəkətdir.
6 nəfərlik ailənin yeganə gəlir gətirən üzvü Aybəniz Cənnətəliyevanın (xadimə işləyən Aybəniz xanım ayda 75 manat məvacib alır) bildirdiyinə görə, nə qədər rica etsələr də, onlara borclarını tədricən ödəmək fürsəti verilməyib. Borcun ən azı 500 manatı bəri başdan ödənəcəyi təqdirdə, ailənin işıqla təmin olunacağı bildirilib. Cənnətəliyevlərin bu qədər məbləği tapmaq imkanı isə yoxdur. Zatən olsaydı, 8 ay cəhənnəm qaranlığında qalmazdılar ki...
Belə çıxır ki, bu ailə dünyaya enerji mənbəyi satan bir məmləkətdə enerjisizlikdən ölümə məhkum olunub.
Strateq.az