Daha dəhşətli video-bombanı kim partladacaq?; Gülər Əhmədova olayının yalan olacağı xəbəri yayıldı…
Azərbaycanda çox yaxın günlərdə daha sesnsasion videogörüntülərin yayılacağı və məlumatların açıqlanacağı gözlənilir. Gunxeber.com-un məlumatına görə, artıq bununla bağlı ən müxtəlif dairələrdən məlumatlar gəlməkdədi. Hətta artıq sosial şəbkələrdə də belə video görüntülərin və məlumatların yayıma hazırlandığı barədə anonslar verilir.
Yeni məlumatların və görüntülərin ABU-nun sabiq rektoru Elşad Abdullayev deyil, başqa mənbə tərəfindən yayılacağına işarələr vurulur və hətta sosial şəbəkələrdə belə qeyd keçir ki, Gülər Əhmədova olayı bu məlumatların yanında yalan olacaq və rüşvət videosunun baş qəhramanı bundan sonra insanların gözündə məsum rahibə kimi görünəcək.
Bəs yeni görüntüləri və məlumatları kimlər, hansı məqsədlə yayacaq? Hələ Gülər Əhmədova olayının ilk günlərindən bildirilirdi ki, əslində E.Abdullayevin yaydığı bu rüşvət videosu həm də hakimiyyətdaxilindəki qrupların açıq və görüntülü savaşının tərkib hissəsi, bir zərrəciyidi. Ən müxtəlif mənbələr müəyyən məlumatlar əsasında bildirirdilər ki, çox yüksək vəzifəli məmurların, oliqarxların və müxtəlif dövlətlərin Azərbaycanda maraqları olan dairələrinin əlində ölkəmizlə bağlı çox dəhşətli materiallar, video faktlar var. Onların zaman-zaman yayılacağı da qeyd olunurdu.
Həqiqətən də proses Gülər Əhmədova olayı ilə yekunlaşmadı və ortaya yeni videolar çıxdı, bu proses indi də davam edir, artıq yeni videoların anonsu da var.
Amma məlumata görə, bu dəfə daha sensasion görüntülər Elşad Abdullayevin yaradıçılığından zərbə alan qrup tərəfindən gündəmə gətiriləcək. Hələ G.Əhmədova olayından bir neçə gün sonra o da qeyd olunmuşdu ki, G.Əhmədova və onun bağlı olduğu qrupun əlində çox ciddi kompramatlar var və vəziyyət daha da gərginləşsə, onların açıqlanacağı istisna deyil. İndiki ilkin məlumatlarda yayıma hazırlanan materialların bir qisminin xaricdə görüntülənməsinə dair bilgilər var. Bu isə o zaman G.Əhmədovanın əlində olan materialların bir qisminin xaricdə lentə alınması ilə bağlı deyilənlərlə üst-üstə düşür.
Hələlik ortaya konkret nələrin çıxacağından danışılmasa da, əgər Gülər Əhmədova olayının bunun yanında yalan olacağı deyilirsə, indi görün hansı sensasiyaların şahidi olacağıq. İndiki halda bunu G.Əhmədova olayından sarsılan qrupun qisas əməliyyatı da hesab etmək olar. Amma kimin nə deməsindən və nə düşünməsindən asılı olmayaraq, hər şey ortaya yeni materiallar çıxandan sonra bəlli olacaq.