Deputat: “Mərkəzi Seçki Komissiyası fəaliyyətini yaxşı qurub, seçki keçirmək asan iş deyil, zəhmət tələb edən fəaliyyətdir”
"Seçki məsələsi ölkəmizdə çox geniş müzakirə olunan məsələdir. Davamlı olaraq müxtəlif müzakirələr aparılır... Təbii ki, bəzən beynəlxalq təşkilatların da fərqli yanaşma sərgilədiyinin şahidi oluruq. Bu cür hallar tez-tez müşahidə olunur. Heç bir vətəndaşın, həmçinin xarici vətəndaşın seçki mühitini gözdən salmağa haqqı yoxdur. Bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini yaxşı qurub. Seçki keçirmək asan iş deyil. Peşəkar bir komanda bu istiqamətdə işi aparır. Komandanın ümumi fəaliyyətinə baxanda deyə bilərik ki, çox yaxşı formada işləri qura, həyata keçirə bilir. Qərəzli bəyanatlar həmişə olub və olacaq. Buna fikir verməməli, öz işimizi doğru-dürüst formada irəli aparmağa çalışmalıyıq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, Mərkəzi Seçki Komissiyası fəaliyyətini yüksək səviyyədə həyata keçirmək üçün addımlar atır: "Hər bir dövlətin fəaliyyətində seçki komissiyaları böyük rol oynayır. Hansısa vətəndaş zaman-zaman narazı olubsa, öz şikayətini və mövqeyini aidiyyəti qurumlara bildirib. Dövlət bununla bağlı işlərini həyata keçirib. Mərkəzi Seçki Komissiyasının əsas işi seçkiləri həyata keçirməkdir. Təkrar edirəm, həm parlament, həm prezident, həm də bələdiyyə seçkilərini keçirmək asan iş deyil. Çox əziyyət, zəhmət tələb edən fəaliyyətdir. Dövlətimiz bu işləri məsuliyyətlə irəli aparır”.