Devalvasiya... Amma xalq İlham Əliyevlədir... - (Eynulla Fətullayev yazır)

Devalvasiya... Amma xalq İlham Əliyevlədir... - (Eynulla Fətullayev yazır)

Azərbaycan müxalifətindən qalan tör-töküntü - siyasi səhranın bir ovuc yazıq parçası Əliyev iqtidarından qopan qırıntılarla, məsələn, Gültəkin Hacıbəyli üstəgəl Cəmil Həsənli ilə bir-birinə qarışaraq “Məhsul” stadionunun tribunalarında boy cərgəsi ilə düzülmüşdü.

Şok terapiyasından, yəni manatın 34 faizlik devalvasiyasından (etiraf edək ki, bu addım elə də populyar deyil, amma neftin qiymətinin düşməsi ilə bağlı məcburi addım idi) sonra müxalifət bu şansdan öz narazı elektoratına ruh vermək üçün istifadə etmək fürsətini fövtə vermədi.

Elə görünə bilərdi ki, hakimiyyət insanların öz qəzəblərini sosial şəbəkələrdə ifadə etməsindən sonra müxalifətə sadəcə mane olmalı idi. Lakin 15 mart mitinqi hər bir ciddi siyasi ekspertə aydın olan həqiqəti göstərdi: hakimiyyət nəinki siyasi vəziyyətə, həm də ölkədəki ictimai əhval-ruhiyyəyə tam nəzarət edir.

Axı bunun özü əsl risk idi. Müxalifətçilərə şəhərin mərkəzində, özü də devalvasiyanı, talanı, korrupsiyanı, bahalığı tənqid edən şüarlarla toplaşmaq icazəsi vermək... Razılaşın ki, hər hakimiyyət öz taleyi ilə bu cür oynamağa hazır deyil. Lakin Azərbaycan hakimiyyəti bir daha göstərdi ki, o, özünə kifayət qədər arxayındır.

Etiraz aksiyasının keçirildiyi yerin yaxınlığında böyük yarmarka var idi. Bazar günü minlərlə adam ora alış-verişə getmişdi. Əvvəlcə adama elə gələ bilərdi ki, bu kütlə “Məhsul” stadionuna qiymət artımına etirazını bildirməyə gedir.

Amma yox! Adamlar səs-küylə həftəsonu bazarlığına gedirdilər. Onlar stadiona tələsən, qaçqın oliqarx Hüseyn Abdullayevin tanış melodiyasının səsləndirildiyi tribunanın ətrafına toplaşan bir ovuc narazı adamlara heç məhəl də qoymurdular.

Əllərində böyük torbalar və qutular olan adamlar stadionun yanından sadəcə keçib gedirdilər. Və nəyə görəsə onlardan heç birinin ağlına devalvasiyadan sonra xalqın taleyindən narahat olan bu müxalifətçilərin yanına bir dəqiqəliyə də olsa getmək, onları dinləmək kimi bir fikir gəlmirdi. Həmin adamların üzünə baxanda da görmək olardı ki, onlar öz taleyindən o qədər də narahat və narazı deyillər.

Aksiya məkanındakı bu kədərli mənzərəni izləyəndə adamın həmin etirazçılara yazığı gəlirdi. Yoldan keçənləri mitinqə qoşulmağa çağıranların, onları dilə tutanların halı isə daha acınacaqlı idi. Cəhdləri əbəs idi.

Nəhayət, müxalifət liderləri öz tərəfdarlarından tribunaya tərəf sıxlaşmağı xahiş etdi. Məqsəd narazı insanların sıralarının sıx olması görüntüsü yaratmaq idi. Aydın məsələdir ki, bu izdiham görüntüsü də şəkil çəkdirmək üçün idi. Çarəsizlikdən atılan bu addımda məqsəd isə sosial şəbəkələrdə və internetdə “qiyamçı Azərbaycan narazıları” barədəki fikirləri tirajlamaqdan ibarət idi.

Tam illüziya! Əslində İlham Əliyevin siyasi rəqiblərinin mövcudluğunu məhz bu illüziya müəyyən edib şərtləndirir. Hakimiyyətə qarşı mübarizədəki əsas silah da elə bu illüziyadır. Çünki müxalifətin əlində hakimiyyətin siyasətinə etiraz etmək üçün daha heç bir vasitə qalmayıb.

Müxalifətin növbəti iflası nə ilə izah oluna bilər? Siyasi diletantlıqla, ölkədəki vəziyyəti düzgün hesablayıb analiz etmək qabiliyyətinin olmaması ilə? “Bəlkə də...”, “ola bilər ki...” tipli illüziyalara qarşısıalınmaz ehtirasla bağlı olmaqla?

Müxalifətin daha bir mitinqinin iflasa uğramasının səbəbi hər birimizə yaxşı məlum olan bu aksiomdur: xalq da, onun ən narazı hissəsi də “Məhsul”un tribunasına dırmaşan bu adamlara inanmır! Xalq Əli Kərimliyə inamını nəinki itirib, məsələ hətta belədir ki, açıq desək, xalq bu adama ümumiyyətlə heç vaxt inanmayıb! Xalq Əli Kərimliyə onun Əliyev hakimiyyəti ilə kollaborasionistcə əməkdaşlıq etdiyi gündən inanmayıb! Xalq bu gün “Məhsul”un tribunasında yan-yana düzülən Gültəkin Hacıbəyliyə, Cəmil Həsənliyə və Əliyev hakimiyyətinin digər qırıntılarına da inanmır. Bu adamlar dünən bir şey deyirdilər, indi isə ayrı şeydən danışırlar. Öz mövqeyində ardıcıl olmamaları, siyasi buqələmunluq, siyasi praqmatizm kimi sırınan iyrənc abırsızlıq... -  bütün bunlar insanları belə müxalifətdən iyrəndirib uzaqlaşdırır.

Fikir verin, tarix bu müxalifəti gör necə də ələ salır. Bu adamlar özlərinin Elçibəy dövründən bəri dəyişilməz atributlarını - Osmanlı imperiyası marşını gör nəyə dəyişiblər?! “Quska”nın primitiv şansonuna. “Quska” Heydər Əliyev dövründə elə həmin bu müxalifəti öz dəyənəkləri və yumruqları ilə döyən “qəhvəyi briqada”ların rəhbəri idi. Deməli, bu müxalifət hakimiyyətə qarşı çıxan istənilən adama qucaq açmağa hazırdır. Ortada heç bir prinsip yoxdur yəni. Yalnız oyaq əsəblər var.

Bəzən belə də olur ki, narazı insanlar, küçə elektoratı müxalifətə ona inandığı üçün yox, ədalətsiz hakimiyyətə inanmadığı və bu hakimiyyəti devirmək istədiyi üçün qoşulur. Lakin dərd də ondadır ki, saqqallı cəbhəçiləri ürəkdən qəbul etməyən həmin bu xalq bir dəfə -  uzaq 1992-ci ildə öz ölkəsini tanımayan və başa düşə bilməyən prezidentdən xilas olmaq üçün küçəyə çıxmışdı. Axı nə oldu?! Hakimiyyət onun nə olduğunu bilməyən və bunu başa da düşməyən adamların əlinə keçdi. Bəs bunun nəticəsi nə oldu? Ümummilli fəlakət, bədbəxtlik, iztirablar, ağlaşma, əzab-əziyyət...

15 mart mitinqi nəyi göstərdi? Elman Rüstəmov sabah manatı hətta 100 faiz ucuzlaşdırsa da adamlar heç onda da bu müxalifətin arxasınca getməyəcək. Başqa müxalifət isə yoxdur. Onun yaxın onilliklərdə formalaşmasından isə söhbət belə gedə bilməz. Qəmbər bir qab şorbaya satılıb. Rəsul Quliyev öz tarixi aktuallığını itirib. Mütəllibov Əliyev hakimiyyəti ilə qaynayıb-qarışıb...

Bəlkə gənclərdən kimsə önə çıxacaq?! ReAl hərəkatının lideri İlqar Məmmədovun yaşı 40-ı aşıb. O, gənc sayılmasa da hər halda qoca da deyil. Amma bu adam öz xalqı tərəfindən hələ də başa düşülmür. İnsanlar onun nəyə görə cəza çəkdiyini hələ də anlaya bilmir. Yəni bu adam öz ilğımvari təsəvvürlərinə əsir düşüb. Azərbaycanlılar isə siyasi çəkisi olmayan yerli Navalnının arxasınca heç vaxt getməzlər.

Müxalifətin mitinqinə, özü də ağrılı məsələdən -  devalvasiyadan və qiymətlərin durmadan artmasından sonrakı ilk mitinqə yenə məhəl qoymayan azərbaycanlılar haqda. Mən Əliyev hakimiyyətinin alternativsizliyi barədəki fikirlərin haqlı olduğuna getdikcə daha çox inanıram. Baxmayaraq ki, elə həmin bu hakimiyyət demək olar hər bir azərbaycanlının evinə problem gətirib. Bəli, korrupsiya var. Bunu heç kim inkar etmir. Bəli, hakimiyyət səlahiyyətlərini oyuncaq parlamentlə və əldəqayırma məhkəmə sistemi ilə bölüşməkdən imtina edib. Bəli, insanlarda öz hüquqlarını nəhəng dövlət aparatı qarşısında qoruya biləcəklərinə dair əminlik hissi yoxdur.

Lakin bütün bunlarla bərabər hər bir azərbaycanlının qəlbində bu hakimiyyətin əvəz olunmaması arzusu kök salıb. Hamı bu hakimiyyətə vərdiş edib, isinişib. Bir qədər banal görünsə də hər kəsdə bu hakimiyyətlə sanki bir doğmalıq hissi yaranıb.

Əliyev hakimiyyəti,- ayıq-sayıq Ramil Usubov və ya cəza verən Zakir Qaralov,- sabahkı günün sabitliyinin qarantıdır. Ola bilsin ki, elə biz özümüz də taleyimizi Əliyev hakimiyyətinə etibar etməklə haradasa köməksiz vəziyyətə düşmüşük. Axı bizim hər birimizin içində belə bir əminlik və inam hissi kök salıb ki, dövlət bizim əvəzimizə qərar qəbul edəcək, özü də qanunauyğun və daha ədalətli qərar qəbul edəcək.

Xalq bu hakimiyyətə və bu dövlətə onun bütün çatışmazlıqları ilə birgə inanır. Ukrayna Maydanı və ya Moskvanın Bolotnaya meydanı ilə hər hansı müqayisə əsassız və yanlışdır. Çünki hər xalqın öz xarakteri var. Xalqın xarakteri isə onun taleyini öncədən müəyyən edir.

Üstəlik bizim xalqın bəxti onda möhkəm gətirdi ki, bu ölkədə hakimiyyət cəbhəçi-yakobinçilərin yox, Əliyevlərin əlində oldu. Bu ailə qərbpərəstliyi, Avropa mədəniyyətini, qlobalizmi və proqressiv sosial-siyasi baxışlar sistemini təcəssüm etdirir. London, Paris, Nyu-York və Moskva buradadır. Barrikadanın o biri tərəfində isə yöndəmsiz sifətlər, pis zövqlər, bolşevizm, qisas ehtirası və qan qoxusudur. Ora Tunis, Liviya, Suriyadır...

Bizim üçüncünü seçmək imkanımız yoxdur. Adamlar bu iki alternativdən birini - Əliyevləri seçirlər. Hətta ən ciddi şəkildə narazı olanların da hətta manatın ucuzlaşmasına, qiymətlərin artmasına qarşı çıxmaqdan imtina etməsinin səbəbini anlamaq doğrudanmı bu qədər çətindir?

Eynulla Fətullayev

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az