Drezdendə irqçilik əleyhinə aksiya

Drezdendə irqçilik əleyhinə aksiya

Drezdendə 35 minə yaxın insan irqçilik və ksenofobiya əleyhinə yürüşdə iştirak edib. Son vaxtlar Almaniyanın bu şəhərində hər həftə “Avropanın islamlaşması”na qarşı nümayişlər keçirilir.

Aksiyaları "Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı" (Patriotische Europäer gegen Islamisierung des Abendlandes – PEGIDA) adlı təşkilat keçirir.

Ötən bazar ertəsi “islamlaşma” əleyhinə son dəfə keçirilən aksiyada 18 min nəfər iştirak edib.

Bir növ PEGIDA-nın təşkil etdiyi aksiyalarına qarşı etiraz səciyyəsi daşıyan şənbə kütləvi yürüşü Saksoniya hakimiyyəti və Drezden şəhərinin başçısı təşkil ediblər.

Yürüş iştirakçıları bir dəqiqəlik sükutla Fransada hücumlar seriyası qurbanlarının xatirəsini yad ediblər.

Avropanın islamlaşmasına qarşı növbəti aksiya Drezdendə üzümüzə gələn bazar ertəsi keçirilməlidir. Fransa hadisələrindən sonra aksiya iştirakçılarının sayının xeyli artacağı gözlənilir.

PEGIDA əleyhinə yürüş iştirakçılarına Saksoniya federal vilayətinin baş naziri Stanislaw Tillich müraciət edib. “Bura toplaşan 35 min insan aydın eyham vurdu ki, bu şəhəri sevir, onunla fəxr edirlər. Onlar birmənalı Drezdenin tolerant və kosmopolit şəhər olduğunu açıqladı”, - o deyib.

Drezdenin meri Helma Orosz isə PEGIDA tərəfdarlarını irqçilik əleyhinə kampaniyaya qatılmağa çağırıb.

“Bizim cəmiyyətimiz vahiddir, və biz [islamlaşmadan] ehtiyatlananları və bazar ertəsi PEGIDA-nın yürüşünə gələnləri unutmuruq. Biz onları atmırıq, biz onları bizimlə çiyin-çiyinə dayanmağa dəvət edirik”, - Orosz deyib.

Almaniyanın bir çox aparıcı siyasətçiləri, o cümlədən kansler Angela Merkel, PEGIDA-nın rəhbər tutduğu islamlaşmaya qarşı şüarlarını tənqid ediblər.

Bu hərəkata qarşı Berlində, Kölndə və Ştutqartda da izdihamlı nümayişlər keçirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az