Qüdrət Həsənquliyev: «Partiyaların dövlət tərəfindən maliyyələşməsi ölkədə siyasi rəqabət mühitinin formalaşmasına təkan olacaq»
«Vətəninfo.az» saytının məlumatına görə, «Siyasi partiyalar haqqında» qanuna edilən əlavə və dəyişikliklərdə partiyaların seçkilər zamanı yığdığı səslər və deputat mandatlarının sayından asılı olaraq, dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, maliyyə vəsaitinin ümumi həcmindən 10 faizi irəli sürdüyü namizədlər milli məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, amma parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür. Büdcə vəsaitinin 40 faizi milli məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünəcək. Qalan 50 faiz vəsaitin isə partiyaların parlamentə seçilən depuptatlarının sayına proporsional olaraq bölünməsi nəzərdə tutulur.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin fikrincə, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi onların müstəqil fəaliyyət göstərməsinə yol açacaq: «Bu gün siyasi partiyalar fiziki şəxslər və ya xaricdən gələn maliyyə vəsaiti, eləcə də üzvlük hesabına maliyyələşir. Amma bu, cüzi vəsaitdi və bununla partiyanı inkişaf etdirmək olmaz. Dövlət tərəfindən maliyyələşmə ölkədə siyasi rəqabət mühitinin formalaşması baxımından çox vacibdir». Onun fikrincə, partiyaların xarici dövlətlər və ya təşkilatlar tərəfindən maliyyələşməsinə qadağa qoyulması da müsbət haldır. Belə ki, bu, xarici qüvvələrin siyasi partiyalar vasitəsilə ölkəmizdə öz maraqlarını həyata keçirməsinin qarşısını alacaq. BAXCP sədri dövlət tərəfindən maliyyələşmənin partiyaların fəaliyyətinə nəzarət kimi başa düşülməsini qəbul etmir. Onun qənaətincə, dövlətin partiyalar ayırdığı pul xalqındır: «Bizdə çox vaxt dövlətlə hökuməti bir-birindən ayıra bilmirlər. Büdcədən ayrılan pul xalqın puludur. Hər kəsin puludur. Ona görə də bu maliyyə vəsaitinin ayrılması partiyalar üçün dövlətdən asılılıq yarada bilməz».