Ədəbiyyatın inkişafına dəstək fondu yaratmaq təklif olunur

Ədəbiyyatın inkişafına dəstək fondu yaratmaq təklif olunur

“İşıq” Gənclər Hərəkatının tədbirində Azərbaycandakı ədəbi mühit müzakirəyə qoyuldu.

Aprelin 14-də “İşıq” Gənclər Hərəkatının “Azərbaycanda...” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycanda ədəbi mühit” mövzusunda keçirilmiş tədbirdə ekspert qismində yazar-tərcüməçi, Hədəf Nəşrlərinin redaktoru Rüfət Əhmədzadə qonaq olub.

Seminarda mühazirədən çox müzakirə formasında keçib və seminar iştirakçıları ilk əvvəl spikerin “Sizin üçün “Azərbaycanda ədəbi mühit” anlayışı nə asossasiya edir” sualına cavab veriblər. Və tədbirin gedişatı da məhz gənclərin verdiyi cavablar ətrafında istiqamət alıb. Rüfət Əhmədzadə ədəbi mühitdə yazarların fərd olaraq cəmiyyətə çıxışından danışıb, özünün bloqçu kimi ədəbiyyata gəlişindən və imzasını sosial şəbəkələr vasitəsilə tanıtmağından bəhs edib.

Daha sonra yazarlar arasındakı münasibətlərə, intriqalara, ədəbi mühitdə “birlik kimi” təqdim olunan qruplaşmalara da toxunulub. Yazar tərəfindən qeyd olunub ki, Azərbaycanda nəşriyyatlar və yazarlar arasındakı münasibətlər hələ tam formalaşmayıb və qonorar mexanizmi öz yerini lazımınca tapmayıb. 

Ədəbiyyatda “şou-biznes” elementlərinin də təzahür etməsini nəzərə çatdıran spiker idealist yazarların bazardan kənarda qalmasını və oxucuların daha çox reklam olunan və ya fərqli üsulla, qalmaqallı yollarla təqdim olunan nəşrlərə meyl etməsini xoşagəlməz hallardan biri kimi qeyd edib.

“Lakin bu hallar da təbiidir və zamanla proseslərin tənzimlənməsi üçün ədəbiyyatı sevən, bu işlə məşğul olan adamların məsulliyyətli, oxucuların isə tələbkar olması lazımdır. Ümumiyyətlə, ədəbi birliklərin, təşkilatların birləşməsi, ölkədə ədəbi mühitin durulması üçün Ədəbi Təşkilatların Milli Şurasına, yaxud da Ədəbiyyatın İnkişafına Dəstək Fonduna ehtiyac var. Zaman sübut etdi ki, vahid təşkilat kimi, Azərbaycan yazıçılar birliyi öz ətrafında bütün yazarları birləşdirə bilmədi, heç bir təşkilata üzv olmayan müstəqil yazarlar da diqqətdən kənarda qaldı. Hamının ətrafında birləşəcəyi ən yaxşı vasitə isə puldur, yeni ədəbi əsərlərin nəşri və milli ədəbiyyatın təbliği üçün Fondun yaranması müsbət tendensiya yarada bilər”, -deyə ekspert vurğulayıb.

Fondun zamanla özü-özünü maliyyələşdirən quruma çevriləcəyini deyən R.Əhmədzadə cəmiyyətdə xanım yazarların yetişməsinə mane olan komplekslər və tabulardan da bəhs edib. Onun sözlərinə görə, bəzən bu komplekslərdən xilas olduğunu hesab edən xanım yazarlar da ifrata varır, öz yaradıcılıq məqsədlərindən uzaqlaşmış kimi görünürlər.

Əkrəm Əylisli məsələsinə də toxunan yazar bildirib ki, keçmiş xalq yazıçısının “Daş yuxular” romanını yazılması gərəkməyən bir roman hesab edir, amma ona qarşı kəskin hücumların və kitab yandırma aksiyalarının də ölkəmizin imicinə mənfi təsir göstərdiyini və düşmənlərə bəhanə verdiyini düşünür.

Seminar iştirakçılar və spiker arasında fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az