Ötən gün yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Əl-Qüds” briqadasının komandiri, əfsanəvi general Qasım Süleymani öldürülüb. Bu barədə məlumatı əvvəlcə "The New York Times " qəzeti Birləşmiş Ştatlar hökumətindəki vəzifəli şəxslərə istinadən yayıb.
Məlumatda deyilirdi ki, əməliyyat Bağdad aeroportu rayonunda ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha dörd nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndis də həlak olub.
Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.
Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.
"General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”.