Vətəninfo.az xəbər verir ki, Azərbaycanlı istehlakçıları üçün avqust ayı, əsasən bahalaşma ilə yadda qalıb. Xüsusilə, kənd təsərrüfatı məhsullarının qiymətlərində 2 dəfəyədək artım müşahidə edildi. Bunun da əsas səbəbi Rusiyanın Qərb ölkələrindən bəzi məhsulların idxalına qadağa qoymasıdır. Yerli sahibkarların fürsətdən istifadə edərək, öz mallarını bu ölkənin bazarına çıxarması Azərbaycanda meyvə-tərəvəz məhsulları qıtlığına, nəticədə onların dəyərinin kəskin bahalaşmasına gətirib çıxarıb.
“Bizimyol” qəzetinin Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 bahalaşıb. Bahalaşan məhsullar sırasına şaftalı, gavalı və göyəm, alma, xiyar, qarpız, yonca, lobya, pomidor, buğda, ət, yun və sair məhsullar daxildir.
Yeri gəlmişkən, "Statkom"un məlumatına görə, hazırda əhalinin orta aylıq əmək haqqı 440 manata (560 dollar) çatıb. Əlbəttə, əhalinin bu gəliri ilə qiymətləri müqayisə etdikdə Azərbaycanı bahalı ölkələrdən biri adlandırmaq olar. Gəlirləri artmayan əhalinin gündəlik istehlak xərcləri aydan-aya yüksəlir. Bunu Dövlət Statistika Komitəsinin məlumatından da görmək olur. Belə ki, əgər ötən il gəlirlərin 65 faizi ərzaq məhsullarına sərf edilirdisə, bu rəqəm artıq 70 faizə qalxıb. Bu o deməkdir ki, istehlak mallarının qiymətinin artım tempi gəlirlərin artım tempini üstələyib. İnsanlar vəsaitlərinin daha çox hissəsini ərzağa xərcləməyə məcbur olublar. Hətta qonşu ölkələrlə müqayisədə belə çox bahalı qiymət siyasəti yürüdüldüyü müşahidə edilir.
Məsələn, dövlət büdcəsi bizim büdcəmizdən 5 dəfədən çox kiçik olan Gürcüstanda ötən il üçün orta aylıq əməkhaqqı 515 dollar (898,7 lari) təşkil edib. Büdcəsi bizdəkindən 6 dəfə kiçik olan Ermənistanda isə orta aylıq əmək haqqı 380 dollar (156 min 300 dram) olub. Yəni büdcələr arasındakı fərqlər "dəfələrlə" olsa da, orta aylıq əmək haqlarındakı nisbət bir neçə "faizdən" ibarətdir...
Qeyd edək ki, Azərbaycanda qiymətlərin əksəriyyətini Dövlət Statistika Komitəsinin ötən ilin tariflərinə dair hesabatından əldə etmişik. Məlumdur ki, "Statkom"un statistikası da tam reallığı əks etdirmir. Belə hallarda məhsulların dəyəri real qiymətindən dəfələrlə ucuz göstərilir. Həm də qiymətlər ümumi respublika üzrə orta göstəriciyə uyğun hesablanıb. Yəni bölgələrdəki tariflərlə Bakıdakı qiymətlər arasında kəskin fərq var. Yuxarıda təqdim etdiyimiz Gürcüstan və Ermənistana dair göstəricilər sırf İrəvan və Tiflisi əhatə edir. Əgər biz Bakıdakı qiymətlərlə müqayisə etsək, yuxarıda göstərilən qiymətlərin qonşu dövlətlərlə müqayisədə daha baha olduğunu deyə bilərik. Çünki Bakı dünyanın ən bahalı 17 şəhərləri sırasındadır.
Vətəninfo.az