Almurad Əliyev: “Gedib Hafiz Hacıyevlə hesablaşacağam”
“Xəstəliyi haqqında bizdə informasiya var idi. Bu məsələləri daha çox əmimiz oğlu Mirmövsüm bilirdi. Çünki Əbülfəz bəyin yanında daha çox Mirmövsüm olurdu və bu işlərə də o baxırdı. Amma xəstəliyindən məlumatımız var idi. Elə şey olardı ki, bizim qardaşımızın xəstəliyindən məlumatımız olmasın? Mən özüm dəfələrlə Türkiyəyə, onun yanına getmək istədim. Amma rəhmətlik özü bunu istəmirdi. Yəqin istəmirdi ki, onu xəstə vəziyyətdə görüm”.
Bunu eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev sabiq prezidentin vəfatında müəmmaların olması haqqında son zamanlar səslənən fikirlərə münasibət bildirərkən Teleqraf.com-a deyib.
Almurad Əliyev qardaşının ölümü ilə bağlı səslənən şübhələri ciddi qəbul etməyib: “Əbülfəz Elçibəy sadə və kiçik adam deyildi. Əgər belə bir şübhələri olsaydı, bunu mənə hökmən deyərdi. Hərə bir söz deyir. İndi deyirlər də, tutub ağızlarını yuması deyilik ki. Dünən də eşitmişəm ki, Hafiz Hacıyev Əli Kərimlini bu səbəbdən məhkəməyə verib. Adama deyərlər ki, Hafiz Hacıyev, əgər indiyə qədər belə bir şey var idisə, nədən susurdun? İkincisi, bu, inandırıcı deyil. Bunların hamısı adamı şəkkə salmaqdan başqa bir şey deyil. Mən isə şəkkə düşmürəm. Mənim özüm gedib Hafiz Hacıyevlə hesablaşacağam. Gedib maraqlanacağam görüm, niyə belə deyir, harada bunu görüb və s. Şəxsən mənə qalsa, mən Hafiz Hacıyevi ciddi adam olaraq qəbul etmirəm. Çox şeylər var, sadəcə, mənə yaraşmaz deyim. Olan-keçənləri deməyi adam özünə sığışdırmır. Nələr deməyiblər, nələr soruşmayıblar”.
Xatırladaq ki, Türkiyədə Turqut Özalın zəhərlənərək öldürülməsi iddialarının nə dərəcədə doğru olduğunu yoxlamaq üçün ailəsinin razılığı əsasında onun məzarı ekskumasiya edilib. Azərbaycanda da artıq Əbülfəz Elçibəyin ölümündə müəmmaların olmasını aydınlaşdırmaq üçün onun qəbrinin ekskumasiya edilməsinin mümkünlüyü haqqında fikirlər səslənib.
Eks-prezidentin qardaşı Almurad Əliyev isə deyib ki, nə olursa, olsun, imkan verməz ki, onun məzarını açsınlar: “Bu nə oyundur, oyuncaqdır. Çox adam çox şey deyir. Deyilən sözü əvvəlcə sübuta yetirmək lazımdır. Görmədiyimiz şeyi necə sübuta yetirək. Nə olsun kimsə şübhələnir. Bu məsələni gərək yüz faiz biləsən. Biləndən sonra nə isə deyəsən. Əgər məndə bir şübhə olsaydı, özüm bu haqda bəyan edərəm. Daha onun-bunun sözünə baxmaram. Məndə isə belə bir şübhə yoxdur. Bəy xəstə idi. Bu xəstəlik necə onu yaxalamışdı, niyə belə oldu, ayrı məsələdir və mən bu haqda bir söz deyə bilmərəm. Açığını sizə deyim. Biz onu Almaniyaya aparmaq, orada müayinə etdirmək istəyirdik. Hər bir şərait də yaradacaqdıq. Özünə də bu haqda dedim. Getmədi, sözümü eşitmədi. Burada da müalicə almadı. Elə dedi Türkiyədə müalicə olunum”.
Almurad Əliyev əlavə edib ki, Əbülfəz Elçibəyin ölümü haqqında səslənən ziddiyyətli fikirlər onun yaxınlarına və ailə üzvlərinə pis təsir edir: “Bizə çox pis təsir edir. Bilirsən, adam istəmir uşağa baş qoşsun. Deyəcək və sonra sakitləşəcəklər”.
Teleqraf.com