Azərbaycan Parlamentinin üzvü, Sosial və İqtisadi İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin “Vətəninfo.az” müsahibəsi:
- Əli bəy, mümkündür ki, hökumət əmanətlərin qaytarılmasına inflyasiyanı nəzərə almaqla yenidən hesablanmış variantda yenidən baxsın?
-Postsovet məkanında heç bir ölkə sovet dövründən qalma əmanətləri nəinki inflyasiyanı nəzərə almaqla, heç həmin əmanətlərin real məzənnə və məbləğinə uyğun səviyyədə qaytarmayıb. Məsələn, əhali üçün ən uğursuz variantlardan birini Qazaxıstan tətbiq edib və hər 150 köhnə sovet rubluna görə cəmi 1 dollar ödəyib. Ən uğurlu hesab olunan variantı isə Litva tətbiq edib və hər sovet rubuna görə 0,4 dollar,yəni 40 sent qaytarıb.Özəlləşmədən əldə edilən pulu əmanətlərin qaytarılmasına yönəldib.
- Əmanətlərin qaytarılmasına dair hökumətin irəli sürdüyü variantla sizin hazırladığınız variantın əsas prinsipial fərqləri nədədir?
-Hökumət 26 oktyabr 2005-ci il tarixli Prezident sərəncamına uyğun olaraq 2005-2006-cı ildə hazırladığı variantda əmanətlərin qaytarılmasına təqribən 800 milyon dollar(600 milyon yeni azərbaycan manatı),hər sovet rubluna görə isə təqribən 11 qəpik(14 sent) verilməsinə dair qaytarma mexanizmi tam bəlli olmayan yarımçıq bir sənəd hazırlamışdı.Bunu həyata kecirməkdən ötrü 2006-cı ilin büdcəsində pul da nəzərdə tutulmuşdu. Amma o vaxt bu məsələ müxtəlif səbəblər gətirməklə təxirə salındı.Ona görə də biz öz təşəbbüsümüzlə əmanətlərin qaytarılmasına dair qanun layihəsi və mexanizm də daxil olmaqla, PAKET hazırlayıb, Milli Məclisə təqdim etdik.Bizim variantda əmanətlərin qaytarilmasının nisbəti kimi 1990-1991-ci illərə qədər rus rublunun dollara olan mübadilə məzənnəsi əsas götürülmüşdü. Bu məzənnə iki idi: biri kağız üzərində olan 1 dollar=90 qəpik, o biri isə real həyatda alış-veriş zamanı işlədilən 1dollar=1,4-1.5 rubl.Biz ikinci variantdan çıxış edərək,əmanətlərin qaytarılmasınada postsovet məkanında ən yüksək əmsal təklif etmışdik: 1rubl=65 sent. Bu Litvanın tətbiq etdiyi ən yüksək göstəricidən də yüksək idi.
- Bəs sizin hazırladığınız variantın maliyyə tutumu nə qədər idi?
-Bizim varianti reallaşdırmaqdan ötrü 2 milyard manar(2,5 milyard dollar) lazım idi. Azərbaycan üçün bu məbləğ onun potensialına yaraşan məbləğ idi.
- Sizin variantda inflyasiya məsələsi nəzərə alınmışdımı?
- Biz inflyasiya məsələsini indi mətbuatda daha çox müzakirə obyekti olan formada yox,başqa cür nəzərə almışdıq. Yəni əmanətini ikinci il alan əmanətçi birinci il alan əmanətçiyə nisbətən uduzmuş vəziyyətdə olmasın deyə. Əmanətlərin qaytarılması zamanı illik inflyasiya səviyyəsində əlavə pul verilməsi nəzərdə tutulurdu.Yəni 2012-ci ildə eyni məbləğdə rubla-400 rubla görə 2000 manat kompensasiya alan əmanətçi, 2013-cü ildə əmanətini alanda,artıq 4000 rubla görə 2000 manat yox, məsələn 10 faizlik illik inflyasıya da əlavə edilməklə 2200 manat alması nəzərdə tutulurdu.
- Hökumətin indi seçdiyi variant özlərinin köhnə variantına yaxındır, yoxsa sizin variant?
-Hökumət bizim Milli Məclisə təqdim etdiyimiz yox, 2005-2006-ci illərdə hazırladığı öz variantına əsasən əmanətləri aşağı nisbətlə qaytarmaq variantını seçdi.Bu varianta görə I sovet rubluna görə orta hesabla 11 qəpik verilməsi nəzər əmanətlərə də tutulur.
- Mətbuatda bildirilir ki, əmanətlərin 70 faizi 2000 manata qədər olan əmanətlər olduğundan həmin məbləği olanlar daha uduşlu vəziyyətdə olacaqlar…
- Əmanətlərin 70 faizi yox. 40 faizi 2000 manata qədər olan əmanətlərdir. 2000 manata qədər olan görə 300 manat qaytarılması nəzərdə tutulur. Əgər əmanətlərin qaytarılmasında orta göstərici 1 rubla görə 11 qəpik nəzərdə tutulubsa, burada uduşlu vəziyyətdən yox, nisbətən artıq indeksin tətbiqindən söhbət getsə daha korrekt olar.
- Sizin hazırladığınız variantda 2000 rubl əmanətə olana nə qədər təklif olunurdu?
- Əmanətlərin qaytarılmasının bizim hazırladığımız qanunla müəyyən olunmuş mexanizmində 2000 sovet rubluna görə 1000 yeni Azərbaycan manatı(1280 dollar) qaytarılması nəzərdə tutulutdu.Bu postsovet məkanında ən yüksək göstərici idi.
- Siz hazırladığınız variantda əmanətlərin qaytarılmasına 5 il, hökumət isə ilyarım vaxt ayırıb.Hansı daha realdır?
-Bizim hesablamalara görə intizam və səliqə sahmanla işləmək şərti ilə əmanətləri 3 ilə qaytarmaq və mübahisəli məsələlərə də bir il vaxt sərf edib, 4 ilə bu işi yekunlaşdırmaq mümkündür.Biz öz variantımızda bu problemin mürəkkəb,”düyünlü məqamlarını” nəzərə almaqla əlavə vaxt götürmüşdük.Bu baxımdan ilyarım ərzində əmanətlərin qaytarılması və həmin müddətdə həm də bütün problemli məsələlərin məqbul səviyyədə həll olunacağını real hesab etmirəm.
- Əmanətlərin qaytarılması inflyasiyaya səbəb olcaqmı?
-Milli Məclisin iqtisadi siyasət komitəsində və plenar iclaslarda biz əmanətlərin qaytarılması məsələsini qaldıranda, hökumət nümayəndələrinin iki əsas əks arqumentindən biri əmanlərin qaytarılmasının güclü inflyasiya yaradacağı fikri idi.İndi əksini deyirlər və düz deyirlər.Əmanətlərin qaytarılması üçün nəzərdə tutulan məbləğ ciddi inflyasiya mənbəyi ola bilməz.Çünki həmin məbləğin dövriyyədəki pul kütləsinə nisbəti,əhalinin pul xərclərindəki payı, pərakəndə əmtəə dövriyyəsinə nisbəti və s. bu kimi göstəricilər o qədər kiçikdir ki,ciddi inflyasiya yarada bilməz.Bizim ölkədə inflyasiyanin ən təhlükəli mənbəyi əhaliyə qaytarılacaq əmanətlər yox,monopolistlərin acgözlüyündən doğan süni qiymət artımıdır.
Söhbətləşdi:Elnur Eltürk