Elman Məmmədov: "Artıq həmsədrlər etimad limitini başa vurublar"

Elman Məmmədov: "Artıq həmsədrlər etimad limitini başa vurublar"

«ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan proses Dağlıq Qarabağ probleminin həllinin ləngiməsinə yönəlib. Həmsədr ölkələrin xarici işlər nazirlərinin Dublində verdikləri bəyanat da bunu sübut edir. Sanki onların pərdəarxası tapşırığı var». Bu fikirləri yap.org.az saytına «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

E.Məmmədov bildirib ki, həll prosesini ləngitməklə həmsədrlər ermənilərin istəyinə uyğun nəticə əldə etmək istəyir. Bunu təbii hesab etdiyini deyən deputatın sözlərinə görə, hər üç dövlət Ermənistanın himayədarıdır. 

«Kimdir həmsədrlər? Onlarla ermənilərin arasında münasibətlər necədir? Ermənilərin tarixən bizim ərazilərimizə köçürülməsində indiki həmsədr dövlətlərin rolu necə olub? Bütün münaqişələr və gərginliklər zamanı bu həmsədrlərin Ermənistana və Azərbaycana yanaşmasında nələr müşahidə edilib? Bu sualların cavabını fikirləşəndə biz görürük ki, həmsədrlik institutundan ədalətli nəsə gözləmək real deyil. Mənim fikrimcə, artıq həmsədrlər etimad limitini başa vurublar. Çünki onrların «fəaliyyəti» əslində fəaliyyətsizlikdən və bizim zərərimizə işləyən prosesdən ibarətdir. Ona görə də, Azərbaycan bu formatdan imtina etməlidir. Münaqişənin taleyi niyə üç ermənipərəst dövlətdən asılı olmalıdır? Ən yaxşı variant odur ki, münaqişənin həllinə BMT Təhlükəsizlik Şurasında baxılsın. Belə olarsa, problemin ədalətli həll yolu tapıla bilər. Doğrudur, həmsədr dövlətlər BMT Təhlükəsizlik Şurasının üzvüdürlər və veto hüququna malikdirlər. Əgər onlar maneçilik törətməsələr, bu təşkilat çərçivəsində Dağlıq Qarabağ problemi haqqında ədalətli qərar verilə bilər. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də mövcuddur, sadəcə bu qərarları və ya onların əsasında daha ciddi sənədlərin qəbul olunması mümkündür»- deyə, E.Məmmədov qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az