Elxan Süleymanov: Azərbaycana təsir etməyin heç bir perspektivi yoxdur

Elxan Süleymanov: Azərbaycana təsir etməyin heç bir perspektivi yoxdur

AŞPA-nın qış sessiyasının 23 yanvarda keçirilən plenar iclasında Azərbaycana dair iki hesabat müzakirəyə çıxarıldı və səsvermə nəticəsində Monitorinq Komitəsinin məruzəsi qəbul edilsə də, Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin məruzəsi qəbul edilmədi. Bu hadisələrin mahiyyəti və əhəmiyyəti barədə suallarımızı ölkəmizin AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov cavablandırır. 

– Elxan müəllim, AŞPA plenar iclasında Azərbaycana dair müzakirələrə çıxarılan məruzələr və müzakirələr ətrafında formalaşmış atmosfer haqqında fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.

– AŞPA-nın qış sessiyasının 23 yanvar plenar iclası gününü, sözün əsl mənasında, bir tərəfdən, Azərbaycan günü, digər tərəfdən isə Avropa Şurası parlamentarilərinin hüququn aliliyi və obyektivlik imtahanından şərəflə sınaqdan keçmə günü kimi qiymətləndirmək olar.
Siz qeyd etdiyiniz kimi, plenar iclasda eyni zamanda Azərbaycana dair iki hesabat müzakirəyə çıxarılmışdı. Bunlardan biri Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrek tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na, digəri isə Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin məruzəçisi Kristof Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbusların izlənilməsi”nə dair məruzə idi. Gərgin müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Pedro Aqramunt və Cozef Debano Qrek tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na dair məruzə qəbul edildi, Ştrasserin “Azərbaycanda siyasi məhbusların izlənilməsi”nə dair məruzəsi isə qəbul edilmədi.
Siz müzakirələrlə bağlı atmosfer deyəndə, sözsüz ki, AŞPA da məruzələrin hazırlanması prosesində həmməruzəçilərin öz səlahiyyətlərinə yanaşma tərzi, müzakirələrin aparılması və obyektiv qiymətləndirmə ətrafında formalaşmış siyasi mühiti nəzərdə tutursunuz.
Bununla bağlı qeyd etməliyəm ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrek səlahiyyətləri çərçivəsində dəfələrlə Azərbaycana səfər etmişdilər, Azərbaycan iqtidarı, müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq etmişlər, hər hansı bir məsələ ilə bağlı obyektiv qiymətləndirmə nümayiş etdirməyə çalışmışdılar. Bunun nəticəsində onların hazırladıqları hesabat balanslaşdırılmış bir sənəd kimi dəyərləndirilmişdi. Bu səbəbdən həmməruzəçilərin hesabatlarının Monitorinq Komitəsində 12 dekabrda müzakirəsi obyektiv və işgüzar şəraitdə keçirildi. Plenar iclasda da çıxış edənlər məruzənin qəbul edilməsini dəstəklədilər.
Lakin Ştrasserin səlahiyyətlərini yerinə yetirməsi və hazırladığı hesabatla bağlı bu fikirləri qətiyyən söyləmək olmaz. O, məruzəçi təyin edildikdən dərhal sonra Azərbaycan hakimiyyəti və cəmiyyətinin müxtəlif qanadları ilə əməkdaşlıq qurmaq əvəzinə, Azərbaycan hakimiyyətinə təzyiqlər etmə yolunu və məsələni siyasiləşdirmə yolu tutdu. Azərbaycan tərəfinin ona 2 dəfə dəvət məktubu göndərməsinə baxmayaraq, bir dəfə də olsun ölkəmizə səfər etmədi. Onun Azərbaycana gəlmək niyyətində olmadığını gördükdə isə Komitə katibliyinə məktub göndərildi və Prezident Administrasiyasının səlahətli nümayəndəsinin Strasburqda Ştrasserlə görüşməyə hazır olduğu haqqında məktub göndərildi. Lakin Ştrasser bu imkanların heç birindən istifadə etmədi, bunun əvəzində məsələni siyasiləşdirməkdə davam etdi, guya ona ölkəyə səfər etməsi üçün viza verilməməsi iddiaları ilə Azərbaycana qarşı siyasi kampaniyalar təşkil etməyə başladı. Nəticədə, onun hazırladığı hesabat birtərəfli, qərəzli və reallıqdan tam uzaq bir yazı kimi gündəmə gəldi. Bu səbəbdən iyun ayında Ştrasserin hazırladığı hesabatın Hüquq məsələlərin və İnsan hüquqları Komitəsinin iclasında müzakirəsi çox gərgin bir şəraitdə keçdi. Bu gərginlik AŞPA-nın qış sessiyası ərəfəsində pik həddə çatdı. Bu cəhdlərə baxmayaraq, AŞPA üzvləri Ştrasserin hazırladığı hesabatın əlehinə səs verdilər və bu hesabat rədd edildi.

– Siz Ştrasseri hesabatını “birtərəfli, qərəzli və reallıqdan tam uzaq bir yazı” adlandırdınız. Buna aydınlıq gətirə bilərsinizmi?

– Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan üzrə məruzəçi mandatı verildikdən sonra Ştrasser ölkəmizə qarşı qərəzli və açıq-aşkar düşmən mövqe tutdu, məsələni siyasiləşdirmək istiqamətində səylər göstərdi, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham etməyə başladı. Bu o deməkdir ki, Ştrasser əməkdaşlığı deyil, konfrontasiya və qarşıdurma yolunu seçdi və mandatı çərçivəsində heç bir araşdırma aparmadı. O, Azərbaycana qarşı siyasi təzyiqlər göstərməyə cəhdlər etməyə başladı. Bu onun ən başlıca səhvi olmaqla, Avropa məkanında siyasi fiaskoya uğramasına gətirib çıxardı.
Ştrasser müzakirəyə təqdim etdiyi məruzəsində azadlığa buraxılmış məhbusları, AŞPA Baş Katibinin 2001-ci ildə təyin etdiyi müstəqil ekspertlərin siyasi məhbus hesab etmədikləri dustaqları, terrorçuları, Azərbaycanda dünyəvi dövlət quruculuğunun zorakılıq tətbiq etməklə dini dövlətlə əvəz etmək kimi ağır cinayətdə ittiham olunanaları və digər ağır cinayət törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi.
Şübhəsiz ki, Avropa Şurası tək Ştrasser və onu dəstəkləyən bir qrup insanlardan ibarət deyil, bu qurum sağlam düşüncəli, obyektivliyi ilə seçilən ictimai-siyasi xadimlər məkanıdır. Əlbəttə ki, Ştrasser məruzəçi təyin edildikdən sonra atdığı addımları, onun hansı formada mandatına uyğun davranması və araşdırma aparması bu insanların diqqət mərkəzində idi. Odur ki, onlar tərəfindən Ştrasserin məruzə hazırlayarkən hansı mənbələrə istinad etməsi, bu mənbələrin mötəbərliyi və obyektivliyi, məruzədə hakimiyyət, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar, QHT-lər və digər vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla, Azərbaycan cəmiyyətini təmsil edən müxtəlif təbəqələrin mövqelərinin əks etdirilməsi və s. kimi məsələlər ciddi şəkildə izlənilirdi. AŞPA plenar iclasında səsvermədən əvvəl çıxış edən deputatların əksəriyyəti Ştrasserin məruzəsinin birtərəfli, qərəzli və reallıqdan uzaq olduğunu bildirdilər. Səsvermə nəticəsində isə həmin məruzə qəbul edilmədi, yəni əhəmiyyətsiz və adi bir yazıya çevrildi. Odur ki, mən ifadəmdə obyektivəm və bir daha bildirirəm ki, Ştrasserin hazırladığı məruzə birtərəfili, qərəzli və reallıqdan tam uzaq bir yazı idi.

– Siz plenar iclasda Azərbaycana dair hər iki məruzə üzrə səsvermənin nəticələrini necə qiymətləndirirsiniz?

– Hər iki məruzə üzrə 60-a yaxın parlamentari çıxış etdi. Əsas çıxışlar Ştrasserin hazırladığı məruzə üzrə aparıldı. Səsvermənin nəticələrinə əsasən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə qəbul edildi, siyasi məhbuslara dair məruzə isə rədd edildi.
Hesab edirəm ki, Ştrasserin məruzəsinin qəbul edilməməsi, bir tərəfdən, Avropa Şurasında demokratik dəyərlərə, hüququn aliliyinə, hər hansı bir üzv ölkəyə, o cümlədən Azərbaycana qarşı ayrıseçkiliyin yolverilməzliyi prinsiplərinə hörmətin bir daha təsdiqlənməsi kimi dəyərləndirilməlidir. Ştrasserin məruzəsinin AŞPA-da rədd edilməsi, digər tərəfdən, qurumun Ştrasser və onun tərəfdarlarından ibarət qrupun və ya digər hər hansı bir qruplaşmanın korporativ maraqlarının həyata keçirilməsi üçün poliqon olmadığının təsdiq etdi. Ştrasserin məruzəsinin AŞPA-da rədd edilməsi, üçüncü tərəfdən, bəzi ölkədaxili və xarici qüvvələrə sübut etdi ki, müxtəlif siyasi təzyiq vasitələri ilə Azərbaycana təsir etməyin heç bir perspektivi yoxdur, Azərbaycana qarşı, obrazla desək, “quyu qazan” özü həmin quyuya düşər.

– “Azərbaycana qarşı “quyu qazan” özü həmin quyuya düşər” ifadəniz çox maraqlı ifadədir. Bununla nə demək istəyirsiniz?

– Demək istəyirəm ki, Ştrasser məruzəçi olduğu 4 il ərzində Azərbaycana qarşı təzyiq etmək üçün müxtəlif vasitələrə əl atdı, müxtəlif manevrlər etməyə cəhd etdi. Lakin nə fayda? Onun hazırladığı yazı qəbul edilməyərək rədd edildi. Məruzəçi qismində 4 il ərzində Azərbaycana qarşı müxtəlif həmlələr etməyə cəhd göstərən Ştrasser 23 yanvarda müzakirələr zamanı yazıq görünürdü. O, artıq həmlə etmirdi, müdafiə olunmaq istəyirdi. Bu onun çıxışında aydıncasına görünürdü. Ştrasser özünü müdafiə etmək üçün kövrəkcəsinə obyektiv olmağa çalışdığını bildirirdi. Belə ki, Ştrasser başa düşürdü ki, onun məruzəsi rədd edilsə, siyasətçi və deputat kimi Avropa məkanında onun nüfuzuna böyük və bərpa edilə bilməyən zərbə vurulacaq. Belə də oldu. Ştrasserin məruzəsi rədd edildi, onun mandatı isə uğursuzluqla başa çatdı...


Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az