“Ənənəvi müxalifətçilik artıq gəncləri qane etmir” - MÜSAHİBƏ

“Ənənəvi müxalifətçilik artıq gəncləri qane etmir” - MÜSAHİBƏ

2013-cü ildə keçiriləcək prezident seçkilərində keçmiş təhsil naziri, Ziyalılar Forumunun üzvü, professor Firudin Cəlilovun müxalifətin vahid namizədi olması məsələsi son vaxtlar tez-tez müzakirə mövzusuna çevrilir. Elektron və yazılı mediada. habelə sosial şəbəkələrdə bütün siyasi partiyaları öz ətrafında birləşdirəcək bitərəf ziyalının namizəd kimi adı çəkilənlər arasında onun da adı sıx-sıx hallanır. Hələ mart ayında beş müxalifət partiyasının – AXCP, Müsavat, ADP, AMİP və KXCP sədrlərinin 2013-cü il prezident seçkilərində ortaq namizədlə bağlı apardığı müzakirələrdə də təklif edilən bitərəf ziyalılardan biri də Firudin Cəlilov olub. Bir müddət əvvəl ANN.Az-a müsahibəsində Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin hacılı da müsahibəsində belə bir təkliflə çxış etdi. Bəs Firudin bəy özü bu barədə nə düşünür? Mövzu ilə bağlı sabiq nazirin fikirlərini öyrəndik.


 - Firudin bəy, Ramin Hacılı bir müddət öncə saytımıza verdiyi müsahibəsində vahid namizəd məsələsinə toxunanda bildirmişdi ki, Firudin Cəlilov müxalifətin vahid namizədi olsun. Bu məsələyə münasibətiniz necədir?


- Ümumiyyətlə, gənclər mənimlə bağlı bu məsələni tez-tez gündəmə gətirir. Görünür gənclər nə isə bir yenilik görmək istəyirlər, yəni ənənəvi müxalifətçilik artıq onları qane etmir. Mən bunu belə yozuram. Bu səbəbdən də təşəbbüsə normal baxıram. Amma mənim vahid namizəd məsələsinə öz baxışım var. Ümumiyyətlə, mən vahid namizəd prinsipini düzgün hesab etmirəm. Seçkilərə komanda şəklində getmək lazımdır. Məsələn, seçkiyə bir neçə namizədlə, amma vahid konsepsiya ilə, vahid komanda ilə, vahid seçki qərargahı ilə getmək olar. Amma kimsə namizədliyini veribsə, yalnız onun ətrafında toparlanmaq alınmayacaq. Son 20 ilin təcrübəsi göstərir ki, o prinsip özünü doğrultmur.

- Müxalifət liderlərindən bir çoxunu şəxsən tanıyırsız. Onlar tərəfindən və ya hansısa siyasi qüvvə tərəfindən sizə belə bir təklif olubmu ki, vahid namizəd siz olun?


- Mənim bildiyimə görə, belə bir məsələ müxalifət partiya liderlərinin toplantısında da müzakirə olunub. Adımın bu məsələdə hallandırılması ordan başlayıb. Özüm isə bütün bunlar haqqında sadəcə mediada oxumuşam.

 - Sizin özünüzün belə bir istəyiniz varmı?


- Mən öz fikrimi bildirdim. Yəni, vahid namizəd prinsipini bəyənmirəm. Vahid komanda olmalıdır. Bir neçə namizədin vahid komanda şəklində seçkiyə qatılması lazımdır ki, elektoratı toparlaya bilsinlər.

- O bir neçə namizəddən biri olmaq istərdiz?


- O artıq daxili məsələdir. Onu çözmək çox rahatdır. Məsələ bundadır ki, o namizədlər son günə qədər bir yerdə seçkiyə gedə bilərlər. Son anda məsuliyyəti kim boynuna götürürsə, ona dəstək olmaq olar.

- Siz getmək istəyirsizmi?


- Mənim özümün şəxsi bir iddiam yoxdur.

- Bəs hazırki müxalifət düşərgəsinin seçkiyə hazırlıq prosesini necə dəyərləndirirsiz?


- Söz səviyyəsindədir. Yəni, bu seçkilər çox qəliz olacaq. Həm də hələ seçkilər olacaq, ya olmayacaq, bunun özü bir problemdir. Çünki ətrafda gedən hadisələr, Suriyadan sonra İran məsələsinin gündəmə gəlməsi və sair proseslər Azərbacanda da həm seçkinin vaxtının, həm də ümumilikdə hakimiyyətin dəyişməsinə səbəb ola bilər.

Lent.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az