Ərdoğan: Kaş Əsəd rejimi 5 il əvvəl dediklərimizə qulaq asaydı...
"Suriyada həyata keçirilən əməliyyatı doğru sayırıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul əyaləti Fateh rayon təşkilatının konfransında ABŞ və müttəfiqlərinin Suriyanı bombalamasına münasibət bildirərkən deyib.
"Beləliklə, rejim hücumlarının cavabsız qalmayacağını gördü. Suriyada plan başqadır və biz bu oyunu çoxdan çözmüşük. Əgər hədəf İŞİD-dirsə, biz çoxdandır ona qarşı mübarizə aparırıq. "Fərat qalxanı” əməliyyatında 3 min terrorçunu məhv etdik.
Suriyada bütün terror qruplaşmalarına İŞİD, PKK/YPG-PYD və Bəşər Əsəd rejiminə qarşı mübarizə aparılmalıdır. Türkiyə olaraq hədəfimiz Suriya torpaqlarını terrordan təmizləyərək, təhlükəsiz bir hala gətirməkdir.
Öz layihələrini həyata keçirmək istəyənlər Suriya xalqına qarşıdırlar.
Kaş Əsəd rejimi ilə bağlı 5 il əvvəl dediklərimizə qulaq asaydılar", - deyə, Türkiyə prezidenti vurğulayıb.
"Bu gün səhər Britaniyanın baş naziri Tereza Meylə telefonla danışdım. Rusiya ilə aralarında yaranmış vəziyyətin barışla nəticələnməsini istədiyimi bildirdim. Bir azdan Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağam. Biz bəziləri kimi əli-qolu bağlı qalmayacağıq. Görcəyimiz işlərlə bağlı qərar qəbul edib, fəaliyyət göstərəcəyik", - deyə, Ərdoğan əlavə edib.
Miq.Az