Ərdoğanın Rusiya səfəri nəyi dəyişəcək? – Ekspert
Ərdoğan keçmiş illərdə olduğu kimi Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etməyəcək.
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər iki dövlətin ABŞ və Qərblə soyuq münasibəti Ankara-Moskva yaxınlaşmasını labüd edir:
"Türkiyə və Rusiyanı ortaq dərd də birləşidirir. Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələr olan Türk Axını və Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzinin inşasına başlaması amilləri öz yerində, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var. Həm Rusiyanın (Ukrayna hadisələrinə görə), həm də Türkiyənin (Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə) ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə və Rusiya zorən tərəfdaşa çevrilirlər.
Aralarındakı yeganə düyün nöqtəsi Suriyadır. Məncə, Ərdoğan keçmiş illərdə olduğu kimi, Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etməyəcək. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Gözümüzün qarşısında Ərdoğanın ritorikası dəyişir. Həqiqətən siyasət mürəkkəb elmdir, daimi heç nə yoxdur, manevr etmək məcburiyyətindəsən, çayı keçənə qədər ayıya da dayı deməlisən”.
Miq.az