Erməni ata 7 oğlunu əsgər göndərməkdən imtina edir

Erməni ata 7 oğlunu əsgər göndərməkdən imtina edir

Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, X.Xaçatryan bu barədə yerli jurnalistlərə verdiyi müsahibəsində deyib və imtinasının səbəblərini də açıqlayıb.
“Hərbi komissarlıqdan evimizə tez-tez gəlib narahat edirlər. Deyirlər ki, uşaqlarınızı tibbi müayinəyə göndərməlisiniz. Mən isə buna icazə vermirəm. Deyirəm ki, Ermənistan dövləti mənə hansısa şəkildə yardım etməsə, mən oğlanlarımın heç birinin orduya xidmətə getməyinə icazə və imkan verməyəcəyəm. Müdafiə naziri Seyran Ohanyan qoy oturub düşünsün ki, bu uşaqlar üçün nə etməlidir, onlara necə yardım göstərməlidir. Vaxtı çatanda yadlarına düşürük. Gəlib qapını kəsdirirlər ki, oğlunuzu əsgər aparırıq. Amma heç fikirləşən yoxdur ki, bu ailəyə hansı yardımı göstərmişik” - deyə X.Xaçatryan bildirib.
Erməni mətbuatı yazır ki, Xaçatryanın böyük ailəsi var və bu çoxuşaqlı ailə 9 metrlik vaqonda yaşayır. Vaqon isə başqasına məxsus torpaq sahəsində qoyulub. Ailədə yalnız onun başçısı işləyir.
X.Xaçatryanın sözlərinə görə, onu tezliklə bu torpaqdan da qovacaqlar, ailənin isə gedəcəyi başqa yer yoxdur: “Torpaq sahəsinin sahibi mənə deyir ki, onun ərazisindən tezliklə getməliyəm, çünki öz torpağında nəsə tikməyə hazırlaşır. Mən də deyirəm ki, getməyə yerim yoxdur, bir az gözlə, görək nə olur, yer tapsam, gedəcəm. Evdə yalnız mən işləyirəm. Fəhləlik edib ailəmi dolandırıram. İş də gah olur, gah olmur. Böyük oğlumun 25 yaşı var. 8 ildir böyrək xəstəliyindən əziyyət çəkir. Arvadım da xəstədir, qanında laxtalanma gedir. Başqa oğlumun gözündə və qulaqlarında problemlər var”.
X.Xaçatryan deyib ki, onun 11 nəfərdən ibarət ailəsi dövlətdən ayda cəmi 125 dollar müavinət alır: “Maaşla dolanmaq olmaz. Təkcə böyrək xəstəsi olan oğluma hər gün 4 min dram (8,3 dollar-red.) xərcləyirik. O, müntəzəm olaraq dializə gedib-gəlməlidir”.
Ailə başçısı Ermənistan hökumətinə ona ya ev, ya da torpaq sahəsi vermək, habelə maddi yardım göstərmək xahişi ilə müraciət edib. Amma o, bu müraciətlərinə hələ də cavab almadığını deyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az