Ermənilər bizdən niyə razılıq edirlər?!

Ermənilər bizdən niyə razılıq edirlər?!

İlham İsmayıl

Azərbaycan vətəndaşlarından soruşsalar ki, Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə 30 iyunda keçirilən video-konfransından razı qaldınızmı, yəqin əksəriyyət bundan məlumatlı olmadığını deyəcək, xəbəri olanlar da, bu onlayn görüşü növbəti nəticəsiz görüşlərdən biri kimi dəyərləndirəcək. Amma, Ermənistan mediası razılığını dönə-dönə ifadə edir və əsasən də Azərbaycan XİN rəhbərinin mövqeyindən razılıq edirlər. Ümumiyyətlə, Azərbaycanda nazir Məmmədyarovun tənqidə məruz qalmasını da qınayırlar.  

Ermənistan mediasında gedən yazıların birindən sitat:

"Ümumiyyətlə, Minsk Qrupu həmsədrləri  geniş anlamda təsdiqləyirlər ki, Ermənistan öz oyununda haqlıdır. Rusiya da bu təsdiqə qoşulur.  Məhz buna görə Rusiya Azərbaycanın hakim elitasının hücumlarına baxmayaraq, Mamedyarovu Bakıda saxlaya bilər.

Həmsədrlər faktiki olaraq Məmmədyarovu dəstəkləyir, yəni ABŞ və Fransa regional sabitliyin və sülhün qorunması üçün Rusiyanın səylərinə dəstək verir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü də Artsax münaqişəsinin hərbi həlli olmadığı barədə açıqlama verdi və Azərbaycan tərəf də bunu təsdiqlədi” 

Qəribə vəziyyətdir, deyilmi? Qarabağın işğalı ilə iki vacib qurum-MN və XİN məşğul olur. MN naziri deyir ki, Şoyqu zəng elədi, aprel döyüşlərini dayandırdıq. Erməni də vurğulayır ki, Azərbaycanda XİN rəhbəri "hakim elita tərəfindən tənqid olunsa da Rusiya Mamedyarovu saxlaya bilər”. Normal məntiqə sığmayan vəziyyətdir. Müdafiə naziri Ali Baş Komandana tabedir, yoxsa xarici ölkənin müdafiə nazirinə? XİN rəhbərini vəzifədə saxlayan Moskvadır, yoxsa Bakı? Əgər reallıq budursa, hanı bizim "fəxr etdiyimiz müstəqil siyasətimiz”? Yox, Kremlin quberniyası səviyyəsində təsir altındayıqsa, bəs Qarabağ hanı?

Video-konfransda həmsədrlər də hər iki nazir də vurğulayıb ki, bu  münaqişənin hərbi yolla həlli yoxdur. Azərbaycan XİN o zaman niyə iştirakçılara demir ki, Qarabağı Ermənistan gül-çiçəklə almışdı ki,  indi deyirsiniz bu işin  hərbi həlli yoxdu? Yoxdursa,  Məmmədyarov niyə konfrans zamanı, ümumiyyətlə "hərbi həll yoxdur” tezisi ortaya atılandan bəri deməyib  və demədi ki, o zaman hərbi yolla tutulmuş ərazilər də qəbuledilməzdir. Görünür, demədiyinə görə qarşı tərəfin dediyi kimi həm Minsk Qrupu, həm Moskva, həm də düşmən bu mövqedən razı qalır. Razı olmayan bircə Azərbaycan xalqıdır ki, onun da mövqeyi heç bir yerdə nəzərə alınmır.
 
Bu pandemiya hələ uzun müddət çəkəcək və belə çıxır ki, "Qarabağ  işi”  ilə məşğul olanlar da elə pəcərədən-ekrandan bir-birlərinə pas verəcəklər. Pandemiyasız 26 ildə heç nəyə nail olmayan hərbiçilər və diplomatlar şüşə arxasından guya Qarabağı işğaldan azad edəcəklər?  Nə vaxta qədər erməni bildiyini edəcək, biz isə yarıtmaz məmurlar ucbatından " çax-çax” rolunda olacağıq? 

Liviya höküməti ilə Xaftar arasında müharibə gedir, beynəlxalq  güclər də də bu müharibədə birbaşa və ya dolayısı yolla iştirak edir.Bəlkə orda COVİD-19 yoxdu?  Dövlətin və millətin taleyi ortada olanda, nə virus bəhanəsidi bu? Arutunyan bizim başımızı şüşə arxasından danışıqlara qatıb işğal olunmuş Qarabağda hər il ən azı 1000 mənzil tikməyi planlaşdırır.  Açın, bu günkü FB səhifəsinə baxın. Məmmədyarovun qanunsuz məskunlaşmaya qarşı yüngül etirazı keçdimi, həmsədrlər təsdiqlədimi? Yox, dedilər gedin "Artsax”la danışın. Bu cavabın əks məntiqi yox idimi? Ən yaxşısı atəşkəsin pozulacağının qaçılmaz olduğunu demək lazım idi və kimin hansı reaksiyanı verəcəyi maraqlı deyil. İsrailin Fələstindəki qanunsuz məskunlaşmasına hətta ABŞ-dakı yəhudi təşkilatları da etiraz edir. Azərbaycan məmurları ABŞ-da, Londonda hər cür əmlaka sahib ola bilirlər, ad günündən tutmuş toylara qədər edə bilirlər, amma Qarabağda qanunsuz məskunlaşmanın əleyhinə çıxış edə biləcək nüfuzlu təşkilatla iş görmürlər ki, dünya da bizim səsimizi eşitsin və sabah da möcüzə baş verib hərbi əməliyyata başlayanda məskunlaşmanı aparanı qınasınlar.

Mənzərə gördüyünüz kimi çox acınacaqlıdır və bu gedişlə, bu siyasətlə heç nəyə nail olunmayacaq, necə ki, 26 ildi olunmur. Bu yanlış Qarabağ siyasəti kökündən dəyişməsə, həmsədrlər gedib-gəlib yalnız atəşkəsə əməl olunmaqdan danışacaqlar, işğala son verməkdən yox. Minsk Qrupu həmsədrlərini təmsil edən diplomatlar bu statusa yaxşı gəlir mənbəyi kimi baxırlar. Hər üç ölkənin diplomatları bu vəzifəyə perspektiv kimi baxırlar.Yaxşı maaş, heç bir məsuliyyət yox, gərginliyi olmayan, görüş və səfərlərsə bu statusda olan şəxslər üçün keyfdir. Üçdə alacaqları, beşdə verəcəkləri yoxdur. Bütün bu illər düşmənin çörəyinə yağ çəkmək illəri olub. Düşmən ona görə də  Minsk Qrupundan da, Məmmədyarovdan da çox razılıq edir. Bu anormal hal deyil,  bir millət olaraq bizim faciəmizdir. Hamımız bunu dərk edirikmi? Etmirik!

Moderator.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az