“Ermənistanın aeroport hoqqasının arxasında birmənalı Rusiya dayanır”

“Ermənistanın aeroport hoqqasının arxasında birmənalı Rusiya dayanır”

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin Vətəninfo.az-a müsahibəsi:

- Beynəlxalq səviyyədə Ermənistanın Xocalı hava limanının açmasına qarşı təpkilərin artması hansısa bir nəticəyə kömək edəcəkmi?

- Qərb Xocalı aeroportunun bu şəkildə açılmasına qarşıdır. Hesab edirlər ki, bu zorla davranış Qarabağ sülh danışıqlarına ciddi zərbə ola bilər. Eyni zamanda, haqlı olaraq aeroportun açılması hadisəsinin yeni müharibəyə səbəb ola biləcəyi ilə bağlı əndişələnirlər. Ancaq o da həqiqətdir ki, Ermənistan bunu özbaşına etmir və hər şey Rusiyanın təhriki ilə baş verir. Hər bir halda Qərb dünyası Ermənistana qarşı təpkilərində səmimi və ciddi olsa, erməni hakimiyyətinin geri çəkiləcəyini düşünürəm.

- Ümumiyyətlə, hazırda Rusiya Ermənistanı gücləndirməkdə davam edir. Sizcə, Rusiya bununla Azərbaycanı cəzalandırmağa çalışır?

- Ermənistanın aeroport hoqqasının arxasında birmənalı Rusiya dayanır. Və bu, Azərbaycana təzyiq xarakteri daşıyır. Ermənistan Azərbaycan və Qərb dünyasına qarşı gələcək qədər müstəqil və güclü deyil. Burada konkret siyasi niyyətlər var və bu Rusiyanın maraqlarına xidmət edir. Rusiya Azərbaycandan istədiyini almaq niyyətindədir. Buraya 2013-cü il prezident seçkiləri də daxil bir çox siyasi və geosiyasi maraqlar daxildir.

- Bəzi ekspertlər proqnozlaşdırırlar ki, Azərbaycan lokal savaşa başlayacağı təqdirdə, Rusiya birbaşa olaraq öz əsgərlərini savaşmağa göndərəcək. Bu nə qədər reallığı əks etdirir?

- Rusiya əsgərlərinin savaşda birbaşa iştirakını mən gözləmirəm. Çünki bunu sübut etmək o qədər də çətin olmayacaq. Bu da Rusiya əleyhinə beynəlxalq qalmaqal demək olardı. Digər tərəfdən, Rusiyanın prosesdə birbaşa iştirakı Türkiyənin də müdaxiləsinə rəvac verərdi ki, bu da qlobal savaşa gətirəcək qədər təhlükəli ola bilər. Ona görə də Rusiya bunları hesablamamış deyil və bu gün belə bir vəziyyət Rusiyaya lazım deyil. Rusiyanın heç bir zaman ABŞ-ın regiondakı strateji maraqları yönündə qırmızı xətti keçəcəyini düşünmürəm. Əks təqdirdə, bu, Rusiya üçün arzuolunmaz siyasi və iqtisadi krizlərə yol aça bilər. Ancaq səhnə arxasından RF hazırda Suriyaya olduğu kimi, Ermənistana da silah və mütəxəssislər baxımından hərbi yardımı davam edəcək.

Elnur Eltürk

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az