Fəzail Ağamalıdan AXCP-yə qarşı ittiham

Fəzail Ağamalıdan AXCP-yə qarşı ittiham

Ana Vətən Partiyası (AVP) müxalifətin prezident seçkilərinə vahid namizədlə getməsini mümkünsüz hesab edir.

Partiya sədri, deputat Fəzail Ağamalı Trend-ə bildirib ki, ümumiyyətlə, müxalifətdə yaranan birliklər daxili çəkişmələr səbəbindən nəticəsiz qalıb: "Baxın, indi müxalifətin İctimai Palata deyilən qurumunda nələr baş verir. Orada sözün həqiqi mənasında Müsavat ilə AXCP bir-birilərinə qarşı "silahın bütün növlərində atəş açırlar".

O qeyd edib ki, bu, hər zaman belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq, çünki onlar arasındakı münasibətlərdə platforma yoxdur, vahid istiqamət yoxdur, onların hər biri çalışır ki, o birisinin imkanlarından istifadə edib özünü daha qabağa apara bilsin.

AVP sədri qeyd edib ki, İctimai Palatanın qərarını gözləmədən İsa Qəmbərin öz namizədliyini irəli sürməsi AXCP tərəfindən top-tüfənglə qarşılandı: "Məhz İsa Qəmbərin tələsdiyini, İctimai Palata ilə razılaşmadığını ortalığa ataraq İsa Qəmbəri bundan çəkindirmək və Əli Kərimlinin namizədliyinin vahid namizəd kimi qəbul edilməsi haqqında xülyalar AXCP-ni Müsavata qarşı qaldırıb".

Partiya sədri hesab edir ki, bu taktikanın arxasında həm də belə bir niyyət də dayana bilər ki, yaranmış situasiyadan istifadə edərək AXCP bir tərəfdən iqtidarı, başqa bir tərəfdən İsa Qəmbəri ittiham edərək ümumiyyətlə, seçkilərdə iştirak etməsin: "Bu da gözləniləndir. İsa Qəmbərin də qarşıdan gələn prezident seçkilərində imkanları ümidverici deyil, onun məğlubiyyəti qaçılmazdır. Ona görə ki, aparılan müşahidələr birmənalı şəkildə belə bir faktı ortalığa qoyur ki, bütövlükdə müxalifətin sosial bazası 20 faizdən yuxarı deyil. Nəzərə alsaq ki, müxalifət çoxqütblüdür, deməli, həmin 20 faiz də onların arasında bölünəcək, parcalanacaq".

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az