Fransa və Ermənistan arasında bağlanan hərbi saziş regiona hansı təhdidlər yaradacaq? (ŞƏRH)

Fransa və Ermənistan arasında bağlanan hərbi saziş regiona hansı təhdidlər yaradacaq? (ŞƏRH)
"Azərbaycan öz sərhədində hansısa bir dövlətin hərbi qüvvəsinin artmasını diqqətsiz buraxmayacaq”.
 
Bu sözləri Qaynarinfo-ya siyasi şərhçi Arif Əliyev Ermənistan və Fransa arasında hərbi müstəvidə imzalanacaq sazişi şərh edərkən deyib. 

Arif Əliyev deyib ki, istənilən silah təhlükəlidir və təhdiddir:

"Bunu Azərbaycan nəzərə almalıdır və nəzərə də alır. Bu mövzuda dəfələrlə Azərbaycan tərəfindən bəyanatlar olub ki, Ermənistanın silahlandırlması bizim tərəfimizdən cavabsız qalmayacaq və bu, narazılıq doğurur. Düşünmürəm ki, Ermənistan bu silahları alan kimi Azərbaycana hücuma keçəcək. Yox, bu bir silahla həll olunası məsələ deyil. Hər halda narahatlıq doğuran bir söhbətdir. Çünki bu, Fransanın konseptual yanaşmasıdır. Onlar dəfələrlə deyib ki, biz Ermənistanı silahlandıracağıq, onun hərbi potensialının artırlmasına kömək edəcəyik".

Arif Əliyevin sözlərinə görə, Fransa bunu Cənubi Qafqazda növbəti münaqişə ocağı yaratmaq üçün yox, bölgədə möhkəmlənmək barədə tarixi arzusunu həyata keçirtmək üçün növbəti şans kimi qiymətləndirir:

"Eyni şeylər Qafqazda dönüşlər baş verən əvvəlki mərhələlərdə də olub. Elə 1910-cu illərin sonundakı vəziyyət kimi. Ona görə də onlar burada möhkəmlənmək, özlərinə baza yaratmaq istəyirlər. Bunun üçün də Ermənistan onlar üçün daha əlverişlidir. Bunu qarşısına məqsəd qoyub. İkinci məqsədləri də Rusiyanı bu bölgədən çıxartmaqdı. Biz bu gün buna Azərbaycan-Ermənistan münaqişəsi konteksindən baxırıq, Fransa isə Böyük İpək Yolunun, Orta Dəhlizin bir hissəsi kimi, böyük nəqliyyat şəbəkəsi, böyük imperiyaların aralığında olan bir ərazi və Orta Asiyaya çıxış kimi baxır. Fransa üçün məsələnin mahiyyəti geniş və daha böyükdür". 

"Rusiya bu sazişin imzalanmasına necə reaksiya verəcək" sualına siyahi şərhçi cavab olaraq bildirib ki, bu sazişin imzalanması Rusiyada qıcıq doğuracaq:

"Rusiyanın keçmiş forpostunun onun əlindən alınması deməkdir. Rusiya həmişə çalışırdı ki, Ermənistanda özünün hərbi mövcudluğunu qorusun, genişləndirsin və  əsasən bunu sərhədlərdə qursun. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddin qorunması vəzifəsini öz üzərinə götürmək istəyirdi, Türkiyə-Ermənistan sərhədini Rusiya sərhədçiləri qoruyur. Rusiyanın Ermənistandakı hərbi bazası hələ də qalır. Ona görə də bu Rusiyada böyük qıcıq doğuracaq. Rusiyanın hərbi bazası üçün də təhdid və narazıçılıq var”. 

Qeyd edək ki, Fransa və Ermənistan arasında hərbi saziş imzalanacaq. Müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək. Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib ki, Ermənistan öz mülki əhalisini qorumaq və sərhədlərini mühafizə etmək imkanına malik olmalıdır. Bu məqsədlə onlar Ermənistana hava məkanının müdafiəsini təmin etməyə imkan verəcək saziş imzalayacaq və Ermənistanın Fransa istehsalçılarından silah almasını rəsmiləşdirəcəklər. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az