“Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır”
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında mühüm açıqlamalar verib.
“Veteninfo.az”-ın məlumatına görə, nazir bildirib ki, 2003-2005-ci illərdə kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilib və Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxıb: “Son illərdə artıq 4,5 ton qızıl emal olunub. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır. Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb və 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanıb və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb”.
Hüseynqulu Bağırov onu da deyib ki, Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilib və yataq aşkarlanıb. Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparılır.
Rövşən Ziya