Gəlin ANARI qoruyaq!

Gəlin ANARI qoruyaq!

Oral Mədənçi

Yaxşı yadımdadır, bir dəfə auditoriyada möhkəm səs-küy idi. Tələbə dəcəlliyinə möhkəm əsəbləşmiş jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli içəri girib, əsəbi şəkildə “burada artistlik etməkdənsə, gedin Anarı 

qoruyun” dedi. Hamı sakitləşdi, heç kim Cahangir müəllimin nə demək istədiyini anlamadı. Öz-özümə fikirləşdim ki, bu kişi nə danışır? Anara nə olub ki, biz onu qoruyaq. Amma çox sonralar anladım ki, Cahangir müəllim Anarı ədəbiyyatımızın düşmənlərindən qorumağı nəzərdə tuturmuş. Bəs, kimdir bu ədəbiyyat “caniləri”? Bəlkə heç məsələ ədəbiyyat məsələsi deyil, məsələ Azərbaycanda aydın insanlara “hücumlar”la cəmiyyətimizi sonsuz qaranlığa yuvarlamaq istəyidir?

Bilmirəm. Bildiyim odur ki, Anarın Azərbaycan ədəbiyyatının inkişafında, yaşlı və orta nəslin ədəbi zövqünün formalaşmasında misilsiz xidmətləri var. O, hələ söz deməyin mümkün olmadığı “sovet” dövründə milli dəyərlərimizi müdafiə edir, sözünü deyirdi. Bəs, onda siz hansı küncdə gizlənmişdiniz, cənab “mirzələr”? Anar “cəmiyyətdə dəhşətli dərəcədə əxlaq aşınması var” deyəndə siz kimlərisə tərifləyib, mətdahlıq edirdiniz. İndi yazırsınız ki, Anar ziyalı deyil. Mən razıyam. Əgər bunu yazanlar “ziyalı”dırsa, Anar ziyalı deyil.

Bəlkə də elə bir gün olmur ki, mətbuat səhifələrində Yazıçılar Birliyində korrupsiya hallarının baş verməsi barədə yazı dərc olunmasın. Deyirlər ki, guya dövlətin sözügedən quruma ayırdığı pullarla Anar özünə villa tikdirib, bahalı maşın alıb, daha nə bilim nələr edib. Mənim bildiyim, Anarın balaca bir mənzili, bir də dövlətin ayırdığı “Qaz 31” markalı maşını var. Onun və Yazıçılar Birliyinin ünvanına deyilənlər daha çox kampaniya xarakteri daşıyır. Təşkilatın əleyhinə olan bir neçə adam var. Onlar özləri də boyunlarına alırlar ki, böhtan, yalan informasiya yaymaqda məqsədləri Yazıçılar Birliyinin rəhbərliyini bezdirmək, şərləməkdir.

“Mən ömrümü təmiz insan kimi yaşamışam, ona görə mənim həmkarlarımda olan imtiyazlar məndə yoxdur. Ona görə ən çox mənə çamur atırlar”.

Çox hörmətli Anar müəllim, sizi bütün Azərbaycan xalqı sevir. Biz sizi çox gözəl tanıyırıq. Sizə çamur atanları da. Əmin olun ki, onlar sizə nə qədər çox şər-şəbətə yağdırdıqca, biz sizi daha çox sevəcəyik, daha çox qoruyacağıq.

P.S. Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı keçiriləcək. Qurultay öncəsi ən çox müzakirə olunan məsələ Anarın yenidən sədrliyə namizdə olub-olmayacağıdır. Ədəbiyyat “caniləri”, bir az rahat olun, deyirlər Anar daha sədrliyə namizədliyini irəli sürməyəcək. Odur ki, gülümsəyin cənablar, gülümsəyin…



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az