Gənc şair

Gənc şair

Xuraman Hüseynzadə

səhər açılar

oyanarsan günəşdən öncə

bir siqaret yandırarsan

tüstüsü ah-nalə kimi ərşə qalxar

nimdaş paltarını

köhnə ayaqqabılarını

geyib

çıxarsan evdən

ruh bədəndən çıxan kimi...

kirayədə yaşadığın evin

yoxsulluğu, hüznü çökər üzünə

tələsərsən iş yerinə

yolda qarşına çıxan dilənçiyə

pul verərsən

ürəyinə mərhəmət basarsan

daş yerinə...

Yazarsan, pozarsan

Fikrin, dərdin dolanbaclarında

azarsan...

Günorta bir az kolbasa

yanında araq

nahar edərsən

özünü məmləkətinin şairi

sanaraq.

Axşam düşər

ayaqlarını sürüyə-sürüyə

dönərsən evinə...

səni tənhalıq qarşılayar

yoxsulluq sarılar boynuna

külqabı yolunu gözləyər

qədəh həsrətini çəkər

bir də köhnə kompüter...

Ağ word salamlayar səni...

Dərdlər yığışar başına...

Nə isti çay, nə isti yemək gələr

qarşına

cırıq-sökük paltarını

yamayan, yuyan da yox

dörd divardan

savayı səni heç duyan da yox...

Əllərin klavyedə gəzər ağır-ağır

sevgilinin saçlarında gəzər kimi...

Lüt iynə el-aləmi

bəzər kimi

bəzərsən söz ilə

ağ wordu...

Sevgidən yazarsan

yazarsan o şair

könlündə azandan,

itəndən.

Yazarsan torpaqdan,

yazarsan vətəndən

əsərsən, coşarsan arada

bilmərsən kim üçün

yaradıbdı səni

yaradan...

Və gecə düşəndə

Taleyinin qara rəngilə

ərşə çəkilər yuxun

bir az da artar 

qəmin

bir az da artar qorxun...

Girərsən buz kimi yatağa

soyuqluq boynuna dolayar qolunu

tənhalıq qoxlayar ətrini...

Narahat yuxular gözləyər yolunu...

Gənc şair...

Yazarsan, yazarsan

sözlərdən

bir ocaq qalarsan

köz qalmaz ocağında

qocalarsan gəncliyin

qucağında...

Sən yaxşı oğlansan, şair...

Sənin şeirlərini oxumaq nə gözəldi

ürəyini oxumaqsa çətin...

alnında qara yazısı var

kor talehin, nakam məhəbbətin... 

Göz yaşlarını qədəhdə içməyinlə

dərdini içinə çəkməyinlə

sən yaxşı oğlansan, şair!

ayaq izlərin

küçəmizdə cığır açmazdan öncə

şeirlərin yol açdı qəlbimə

şeirlərini sevdim

ruhunu sevdim...

sən bir az da mən idin

mən sən ola bilmədim...

Yazdığın şeirlərin əhatəsində

yetimliyini hiss etmirəm

o qədər zəngin aləmin var ki

kasıblığını görmürəm

səni çox istəyirəm

şeirlərin qədər

amma...

Bu, qara sevda, şair,

mənsə ağ rəngi sevirəm...

Postmodern şeirlər yazırsan

əruzun qəliblərinə sığmırsan bəzən

həyatın çərçivəsinə sığmadığın kimi

çəkilib öz hücrənə

ən gözəl ədəbiyyatı yaratmaqla məşğulsan

papaq altda yatmısan

kimsəni oyatmamaq üçün oyanmırsan

tərki-dünya olmağınla

sevməyi bacarmağınla

sən yaxşı oğlansan, şair!..

Canım mənim, bircə bunu bilmirsən

şeir həm hər şeydi

həm də hər şey deyil

çoxuna gərəkdi

lap çoxuna gərək deyil...

Şeir həyatdı

sevgidi

amma çörək deyil...

İki yol var, şair,

amma heç biri ürəyimdən keçmir...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az