Gənc vokalçımız Emin Eminzadə 3-cü dəfə beynəlxalq müsabiqənin laureatı oldu
11-15 aprel 2013-cü il tarixində Qazaxıstan Respublikasının Kostanay şəhərində “Qızıl mikrofon” beynəlxalq vokal müsabiqəsi keçirilib. Qazaxıstan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqə YUNESKO və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənib. Tədbirin münsiflər heyəti 10 ölkədən ibarət olub və müsabiqədə 12 ölkə iştirak edib. Onların arasında Azərbaycan da olub. Ölkəmizi isə mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G. Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Emin Eminzadə (məsləhətçi müəllimə, professor SSRİ xalq artisti Fidan Qasımova) təmsil edib. Bununla bağlı Azərbaycanın mədəniyyat və turizm naziri Əbülfəs Qarayevə dəvətnamə göndərilib və cənab nazir gənc vokalçının istedadını və uğurlarını nəzərə alaraq müsabiqədə iştirakını məqbul hesab edib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) gənc üzvü olan Emin Eminzadə müsabiqədə mərhum görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və “Bessame muço” ispan mahnısını ifa edib. Kostanaydakı Azərbaycan diasporu, xüsusilə “Birlik” Cəmiyyətinin sədri Vidadi Yusubov və onun müavini Rəfail Hacıbalayev isə əllərində üçrəngli, ay-ulduzlu bayraqlarımızla gənc vokalçımıza böyük dəstək veriblər. Emin Eminzadə bundan əvvəlki müsabiqələrdə olduğu kimi yenə də öz ifası ilə tədbirdəki bütün hər kəsi heyrətləndirməyi bacarıb və münsiflər heyətinin 10 üzvünün də hər biri azərbaycanlı vokalçının ifasını 10 balla qiymətləndirib. Nəticədə Emin Eminzadə iştirakçılar arasında ən yüksək balı toplayaraq birinci olub və “Qızıl mikrofon” beynəlxalq vokal müsabiqəsinin laureatı adına layiq görülüb. Sonda azərbaycanlı gənc vokalçıya Kostanay vilayətinin rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Emin Eminzadə artıq üçüncü dəfədir Azərbaycanı uğurla təmsil edir və beynəlxalq müsabiqələrin laureatı olur. Belə ki, azərbaycanlı gənc vokalçı 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.