Bu üç sözün ayrı ayrılıqda ifadə etdikləri mənanı və həyat həqiqətlərini
bir çətir altında düşünmək çox çətindir. Amma bunları öz həyatında
yaşadan insanlar var və bu insanlardan biri Səfa Poladovdan söz açacam.
Səfa Poladov – gəncliyində müharibəyə atılan, müharibənin sərt
dalğasında azadlığını itirən və bu gün 48 yaşını həbsxanada qeyd edən
döyüşçü-məhbus…
Azərbaycandan kənarda düşmənə olan qəzəbinə görə cəza alan Ramil Səfərov
adlı qəhrəmanımıza görə Azərbaycan bir yumruq kimi birləşdi, hamı bir
nəfər kimi ayaqda durdu və Azərbaycan dövlətinin gücü, Azərbaycan
Prezidentinin iradəsi ilə Milli Qəhrəmanımızın azadlığına nail olduq.
Qəhrəmanımızt Ramil Səfərov düşmən ordunun zabitini döyüşdənkənar
vəziyyətdə, milli heysiyyatımızı qoruyaraq öldürdü, xalqdan gərəkən
sevgi və dəstəyi gördü.Onun Vətəndə azad olması bizim qürur
məqamımızdır. Amma Vətən uğrunda döyüşlərdə silahlı düşmənlərlə vuruşan,
dostlarını itirən, çoxsaylı yaralar, kontuziya olanlar 20 ildən
artıqdır ki, həbsxanada oturur. XTPD-nin necə döyüşdüyünü unutduqmu,
görəsən? Onlar hələ də əfv olunmağa layiq deyillərmi? Ən yeni tariximiz
çox ziddiyyətlər yaşadır. O ziddiyyətlərin bu gün də yaşanan
məqamlarından biri də müntəzəm ordu dəstələri formalaşmazdan əvvəl
zamanın milis işçiləri – XTPD üzvlərinin mühakimə olunmasıdır. Bu
məhkumların bir çoxu əfv olunaraq azadlığa çıxıb. Hələ də həbsdə olan və
səhhəti ilə bağlı ciddi problemlər yaşayan məhkumlardan biri də Səfa
Poladovdur. XTMD əməkdaşlarının ittiham olunduqları 1995-ci ilin mart
hadisələri ilə bağlı hazırda cəmi iki nəfər həbsdədir və onlar Qobustan
qapalı həbsxanasında cəza çəkir. Bunlar Səfa Poladov, Arif Kazımovdur.
Həbs edilərkən Səfa Poladovun 29 yaşı olub. Təsəvvür edin ki, dövlət
çevrilişinə cəhd etmiş Surət Hüseynov, torpaqların ermənilərə
satılmasında əli olduğuna görə həbs edilmiş Rəhim Qazıyev və Azərbaycanı
parçalamaq istəyən Əlikram Hümbətov azadlığa buraxılıb, amma Səfa
Poladov hələ də həbsdədirlər. Yəni, onun günahı adlarını çəkdiyimiz
vətən xainlərindən dahamı çoxdur ki, azadlığa buraxılmırlar?
Səfa Poladov döyüşçü-məhkum kimi həm də dövlətə və vətənə sədaqətlik
göstərib. Ağır məhbus illərində, hətta səhhətinin ən ağır anında belə o
ümid və inam nöqtəsi olaraq Azərbaycan Prezidentinə üz tutdu, Azadlığını
ölkə rəhbərindən istədi.O rəhbərdən ki, Ramil Səfərovun azadlığı üçün
ortaya güc və iradə qoydu, Mübariz İbrahimovun qəhrəmanlığını bütün
dünyaya tanıtdı, Azərbaycan bayrağının qürurla dalğalanması üçün hər şey
etdi. Bu gün həmin bayraq və dövlət uğrunda savaşa qatılan, siyasi
oyunların təsadüfi qurbanı kimi məhkum həyatı yaşayan Səfa Poladov da
minlərlə məhbusa sevinc bəxş edən Prezidentə ümidlidir.
Doğum günün mübarək, Səfa qardaşım! Ən yaxında Azadlığına qovuşmaq diləyi ilə...