Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də
Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa
çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma
suyunun verilməsi mərasimində iştirak edib.
Dövlət Neft
Fondunun vəsaiti hesabına 2013-cü ildə "Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su
elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan
Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və
Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa
çatdırılıb. 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident
İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar
layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən
edilməsi üzrə tapşırıq verib.
Həmin tapşırığın icrası ilə
əlaqədar "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC)
sifarişi ilə Türkiyənin "Təməlsu” məsləhətçi şirkətinin hazırladığı,
"Evrascon” ASC və "Körpü-Bina-Tikinti” MMC tərəfindən icra olunan
layihələrə əsasən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması”
layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən
rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla
cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında
yerləşən yeni suvarılan torpaqlarda aparılacaq meliorativ tədbirlər
Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.
"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə dövlətimizin başçısına layihə haqqında ətraflı məlumat verdi.
Bildirdi ki, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan
torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə
hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında
meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların
istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su
təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Azərbaycan
Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda
yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.
Dövlətimizin başçısına "Samur–Abşeron suvarma sisteminin yenidən
qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonlarında
mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni
suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi barədə ətraflı
məlumat verildi. Diqqətə çatdırıldı ki, Xızı rayonu üzrə yeni
suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və
Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7
kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma
şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə
kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə
Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə
təsdiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü
ilin iyul ayının 22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan
Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq
sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su
təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin
qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə
alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib.
"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb.
Yeni istifadəyə veriləcək 3 min 84
hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə və
855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ən son
texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb.
Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə
sistemdir.
Bildirildi ki, Xızı rayonunda bu ilin sonunadək
əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni
suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud
suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə
meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur.
Bununla
da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399
hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar
mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin
ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı
rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması
işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj
şəbəkəsinin tikintisi nəzərdə tutulub.
Prezident İlham Əliyev
yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin
vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və
qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: Burada bir neçə böyük təsərrüfat yaradılmalıdır. Çünki biz bu
sahəni gərək tam şəkildə işə salaq. Buna nail olmaq üçün əlbəttə, böyük
investisiyalar lazımdır. Artıq bütün bu sahə həm kreditləşdirmə yolu
ilə, həm də sahibkarların öz vəsaiti hesabına gərək məhsul versin.
Kənd təsərrüfat naziri Heydər ƏSƏDOV:
Cənab Prezident, ayırdığınız vəsait təsərrüfatları yeni cins inəklərlə
də təmin etməyə imkan verir. Fermerləri beş min başadək inəklə təmin edə
bilərik.
Prezident İlham ƏLİYEV: Yerlər dəqiq seçilməlidir. Hansı sahədə hansı işlər görüləcək və bu işlərin əlaqələndirilməsi də aparılmalıdır.
Heydər ƏSƏDOV: Bir də direnaj işləri görülməlidir.
"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd ƏHMƏDZADƏ: Kənd
Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu
torpaqların hamısı analiz olunub, baxılıb ki, haradan necə istifadə
etmək olar.
İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV:
Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Heydər Əsədovun dediyi kimi,
torpaqların münbitliyindən asılı olaraq, harada nə əkmək məsləhətdir, -
bağçılıq, taxılçılıq və sair sahələr üzrə xüsusi layihələr hazırlanır.
Bu layihələr sahibkarlara təqdim olunacaq. Burada deyildiyi kimi,
taxılçılıq, heyvandarlıq, bağçılıq, istixanaların yaradılması üçün də
şərait var. Çünki tapşırığınıza əsasən burada tam infrastruktur
yaradılıb, qaz, su, torpaqlar var.
Prezident İlham ƏLİYEV: Əlbəttə, siz sıx əlaqəli şəkildə işləməlisiniz. Çünki suyun
verilməsinin ardıcıllığı da gərək razılaşdırılsın ki, biz bu yeni
suvarılan 30 min hektar torpağın hamısından istifadə edək. Beləliklə bu,
kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Xüsusilə bu il kənd
təsərrüfatı ilidir. Bir neçə fərman imzalanıb. İl ərzində nəticələr də
yaxşıdır. Artım kifayət qədər böyükdür. Bütün bu layihələrin icrası
nəticəsində daha da böyük artım olacaq.
Şahin MUSTAFAYEV:
Cənab Prezident, tapşırdığınız kimi, iri fermer təsərrüfatlarının
yaradılması da əsas məqsədimizdir. Çalışırıq ki, burada iri layihələr
olsun. Bu il iri təsərrüfatların göstəriciləri də çox gözəldir,
hektardan 60 sentner.
Heydər ƏSƏDOV: 20 hektardan artıq sahəsi olan 21 təsərrüfatda hər hektardan 55-60 sentner arasında məhsul yığılır.
Prezident İlham ƏLİYEV: Ümumi məhsuldarlıq 30 sentnerə qalxıb?
Heydər ƏSƏDOV:
Cənab Prezident, 31 sentnerə çatıb. İndi qarğıdalı biçini gedir. Sizin
ikinci əkinin aparılması barədə fərmanınıza əsasən bu il artıq indiyədək
14 min hektara qədər sahədə ikinci əkin aparılıb. Artıq təsərrüfatların
yem bazası ilə bağlı problem demək olar ki, aradan qalxıb.
Prezident İlham ƏLİYEV:
Yəni, bu, böyük müasir bir layihə olmalıdır. Hər şey nəzərdə
tutulmalıdır. Məncə bunu etmək çətin olmayacaq. Çünki biz sıfırdan
başlayırıq. Bunun əsas mənbəyi Taxtakörpü su anbarıdır. Burada qalan
işləri planlı şəkildə etməliyik.
Bu xəritədə torpaqların
ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya
biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq
təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat
yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək.
Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə dövlət
də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da
buna hazırdırlar.
Taxtakörpü su anbarının tikintisi tarixi
hadisə idi. Bu layihənin icrasına təxminən 1 milyard manata yaxın vəsait
xərclənib. Bu vəsait sahibkarlar üçün xərclənib ki, onlar istifadə
etsinlər. Amma dövlət orqanları əlbəttə nəzarət etməlidirlər, istiqamət
verməlidirlər. Bu layihə çox ciddi nəzarət altında olmalıdır. Gələcəkdə
bundan özəl mülkiyyətçilər də istifadə edəcəklər. Amma indi mövcud
torpaq sahibləri üçün böyük imkanlar açılır. Elə planlaşdırın ki,
görülən işlər gələcəkdə bu zonanın turizm imkanlarına maneçilik
törətməsin. Əminəm ki, turizmin inkişafı buralara da gəlib çatacaq.
Gələcəkdə yollar salınacaq. İndi Siyəzən rayonunda sahilboyu yol
çəkilir. Bu da gələcəkdə bu zonanın inkişafına xidmət göstərəcək.
Biz bütün işləri kompleks şəkildə görməliyik. Siz bütün təklifləri,
biznes-planları hazırlayın. Çünki öz təşəbbüsləri ilə bu işləri görmək
sahibkarlar üçün bir qədər çətin olacaq. Amma gərək biznes-planda hər
şey dəqiq göstərilsin. İnvestisiya qoyuluşu nə qədərdir? Bunun iqtisadi
səmərəsi nə olacaq?
Ondan sonra əlbəttə bütün infrastruktur
məsələlərini dövlət öz üzərinə götürməlidir. Bu layihə çərçivəsində
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı böyük dərəcədə
artacaq. Gələn ilin də dövlət büdcəsində sahibkarlığın inkişafına dövlət
tərəfindən kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki bu,
həm sahibkarlığın inkişafına xidmət göstərir, həm də iqtisadiyyatın real
sektoruna bilavasitə bir dəstəkdir.
Bir də bu layihənin
üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox
yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya
bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları
həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar
olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən
bir qədər çoxdur.
Eyni yanaşma qərb zonasında da olmalıdır.
Şəmkirçay su anbarı istifadəyə veriləndən sonra artıq orada aqropark
tikilir. Orada da bir neçə böyük təsərrüfat yaradılmalıdır. Yəni, eyni
layihələri o bölgə üçün də hazırlayın. Düzdür orada bir layihə artıq
başlayır - Şəmkir aqroparkı. Ancaq orada bir çox layihələr icra
edilməlidir.
Əhməd ƏHMƏDZADƏ: Orada kanalların tikintisinə başlamışıq.
Prezident İlham ƏLIYEV: Bilirəm, başlamısınız. Vəsait də nəzərdə tutulub.
Əhməd ƏHMƏDZADƏ: Vəsait də verirsiniz, nəzarətdə də saxlayırsınız, gəlib yoxlayırsınız. Daha bundan yaxşı nə ola bilər?
Prezident İlham ƏLİYEV: Keçən il biz sizinlə burada dayananda mən demişdim ki, mən gələn il
gələcəm, görsəm ki, burada iş görülməyib, onda siz özünüzdən küsün. Əsas
bunlardır. Biz Taxtakörpü su anbarını, Samur-Abşeron kanalını buna görə
yaratmışıq. Onlar olmasa, bu işləri görmək mümkün deyil.
Əhməd ƏHMƏDZADƏ: Cənab Prezident, ilin axırında bu iki rayonda yeni suvarılan sahələr səkkiz min hektara çatacaq.
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Bax, bu, görülən işlərin bariz nəticəsidir.